Ortoped və travmatoloqların II Qurultayı keçirilir YENİLƏNİB

Ortoped və travmatoloqların II Qurultayı keçirilir YENİLƏNİB

Azərbaycan ortoped və travmatoloqlarının II Qurultayı və Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 70 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans öz işinə başlayıb. SİA-nın n xəbərinə görə, qurultayda Rusiya, Türkiyə, Ukrayna, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan 30-dan çox travmatoloq və ortoped konfransda iştirak edir.

ETTOİ-nun direktoru, Səhiyyə Nazirliyinin baş travmatoloqu Vaqif Verdiyev bildirib ki, qurultayda hazırda dünya praktikasında istifadə edilən ən yeni texnologiyalar haqqında müzakirələr aparılacaq ki, bu da Azərbaycanda fəaliyyət göstərən ortoped trovmotoloqlar üçün böyük əhəmiyyət kəsb edir: "Ümumiyyətlə, dünya praktikasında həkimlər, alimlər ildə bir neçə dəfə görüşməli, beynəlxalq forumlardakı ən mütərrəqqi texnolgiyaları öyrənib gündəlik praktikada istifadə etməlidirlər. Qonaqların yeni texnologiyalar haqda məruzələri yerli mütəxəssislərin biliklərini daha da artırmağa imkan verəcək. Azərbaycanda keçən əsrin əvvəllərindən formalaşmağa başlayan travmatologiya və ortopediya ixtisası böyük yol keçib və hazırda beynəlxalq standartlara uyğunlaşma tendensiyasını yaşayır".

Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ölkəmizdə səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb. O bildirib ki, dünyada qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycanda səhiyyə sahəsinə ayrılan vəsait azalamyıb, əksinə ildən-ilə artıb.

Azərbaycanda ortopediya və trovmotologiya sahəsində gedən inkişafdan danışan şöbə müdiri qeyd edib ki, ölkəmizdə travmotologiya ilə bağlı demək olar ki bütün əməliyyatlar həyata keçirilir.

Tədbirdə bir qrup həkimə mükafatlar təqdim edilib.

Daha sonra çıxış edən türkiyəli professor Mehmet Binnet çıxışında əslən azərbaycanlı olduğunu və Türkiyənin Travmatologiya və Ortopediya İnstitutuna 8 il rəhbərlik etdiyini qeyd edib. Onun sözlərinə görə, Türkiyədə 17 belə qurultay keçirilib. O çıxışı zamanı son illər bu sahədə əldə olunan uğurlardan danışıb.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsəgrov qeyd edib ki, Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, ölkədə tibb sahəsində maddi-texniki bazanın yüksəldilməsi istiqamətində mühüm işlər görülür. İcra başçısı çıxışı zamanı qurultayın işinə uğurlar arzu edib.

Tədbirin davamında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Almaniya dan olan nümayəndələr çıxış edib qurultay haqqında xoş sözlərini bildiriblər.

Qeyd edək ki, Qurultay çərçivəsində ortopediya və travmotologiyaya dair dərman, tibb məhsulları da sərgilənib.

Konfrans işini mütəxəssislərin travmatologiyanın və ortopediyanın aktual problemləri, travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektləri, travmatologiya və ortopediyada innovasiya texnologiyaları (osteosintez, endoprotezləmə, artroskopiya və s.), dayaq-hərəkət sisteminin xəstəlikləri zamanı şüa diaqnostikası və başqa mövzulara aid məruzələri ilə davam edib.

Xatırladaq ki, Qurultay öz işini noyabrın 13-də tamamlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə