"Şəkərli diabet xəstələrinin 1150 nəfərini uşaqlar təşkil edir" SƏS TV

"Şəkərli diabet xəstələrinin 1150 nəfərini uşaqlar təşkil edir" SƏS TV

Azərbaycan Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Respublika Klinik Xəstəxanasında Respublika Endokrinoloji Mərkəzi və ictimai təşkilat olan Azərbaycan Diabet Liqası tərəfindən Beynəlxalq Diabet Gününə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir 2 hissədən ibarət olub. Belə ki, saat 09:00-dan 10:30-dək tədbirdə iştirak edənlər skrininq müayinəsindən keçiblər.

11:00-da Diabet Günü ilə bağlı elmi-praktik konfrans keçirilib.

Konfransda Respublika Endokrinoloji Mərkəzinin baş həkimi Telman İbadov və REM-in direktoru Yusif İsimzadə, direktor müavini Babək Salek, ADL-nın sədri Yeganə Sultanova və başqaları iştirak ediblər.

Konfransda çıxış edən Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek şəkərli diabet xəstəsinə 30 yaşında rast gəlindiyini bildirib: "Azərbaycanda hazırda 212 577 nəfər şəkərli diabet (ŞD) xəstəsi rəsmi qeydiyyatdadır. Xəstələrdən 28 924 nəfəri I tip, 183 653 nəfəri isə II tipdir: "I tip şəkərli diabet xəstələri arasında 1 150 nəfərini məhz uşaqlar təşkil edir. Onların 99 faizi insulindən asılı formadadır. Xəstələrin sayında artım müşahidə olunur. Eyni zamanda, xəstəliyin cavalaşması prosesi də özünü büruzə verir. Belə ki, bu gün dünyada 500 mindən artıq uşaq I tip şəkərli diabetlə xəstədir. Əvvəllər II tip xəstəliyə 45-50 yaş arasında rast gəlinirdisə indi 30 yaşında bu xəstəliyə rast gəlinir. Hətta bir yaşında olan uşaqlarda da bu xəstəlik olur. Dünyada hazırda 415 milyona yaxın şəkərli diabetlə (ŞD) xəstə insan var. 2040-cı ildə bu say 642 milyon olması güman edilir. Dünyada hər 11 nəfərdən biri şəkərli diabetlə xəstıdirsə, bu rəqəm 2040-cı ildə hər 10 nəfərə düşəcək. 6 saniyədən bir xəstə şəkərli diabetin fəsadlarından vəfat edir. Bu ya infarkt, ya insult, ya da böyrək çatışmazlığı səbəbindən olur. Dünyada 46,5 faiz insanın (yəni hər iki nəfərdən biri) öz xəstəliyindən xəbəri yoxdur. Hər 7 doğuşdan biri hestasion ŞD olan hamilə qadınlar olur.

"Diabetin göz, qan-damar, böyrək, sinir sisteminə təsiri nəticəsində ağır problemlər meydana çıxır. Korluq, infarkt miokard, insult, böyrək hemodializ, ayaq amputasiyası erkən əlilliyə və ölümə səbəb olur. Diabeti olan insanlarda ürək qan - damar xəstəliyindən və insultdan 2-3 dəfə, korluqdan 10 dəfə, nefropatiyadan 12-15 dəfə çox ölüm halı müşahidə edilir. Şəkərli diabet ölüm hallarına görə 4-cü yeri tutur. Belə olan halda ancaq erkən diaqnoz və müdaxilə korluğu qarşısını ala bilər".

Qeyd edək ki, 1991-ci ildən Beynəlxalq Diabet Federasiyasının və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə tədqiqatçı alim Frederik Bantinqin 14 noyabr doğum günü Diabet Günü kimi qeyd olunur. Hər il Diabet Günü müxtəlif şüarlar altında qeyd edilir. Bu il "Diabet zamanı gözlər" adı altıbda diabetin ən ağır fəsadlarından biri olan retinopatiyalara həsr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə