Sağlam həyat tərzi xəstələnməməyin ilk addımıdır MÜSAHİBƏ

Sənübər Hüseynova: “Həyatda insanın bir gün də yaşaması onun üçün böyük qənimətdir”
Sağlam həyat tərzi xəstələnməməyin ilk addımıdır MÜSAHİBƏ

Sumqayıtdakı Regional Onkologiya Xəstəxanası ilə mənim əlaqələrimin 26 ildən çox tarixcəsi var. Çünki burada ən yaxın dostum, Azərbaycanda çox məşhur, yüksək ixtisaslı həkim olan Mirfazil Hüseynov olmaqla, uzun illər tanıdığın öz işlərinin mütəxəssisləri olan çoxlu həkim və tibb bacıları işləyir. Ən əziz adamlarım belə xəstələnəndə, xəstəliklərindən asılı olmayaraq ilk dəfə onlara müraciət edirəm və sonra onların məsləhəti ilə hansı həkimə getmək lazımdırsa gedirəm. Bu xəstəxanada xəstələrin və həkimlərin hamısının ən çox hörmət etdiyi və maraqlı məsləhətlərinə, təkliflərinə qulaq asdığı insanlardan biri də baş tibb bacısı Sənubər Əliş qızı Hüseynovadır. Sənubər xanım təkcə tibb bacısı deyil, o, həm də elə həkim qədər savada, biliyə malik bir mütəxəssis, mehriban insandir. O, başqalarından fərqli olaraq, təkcə klassik təbiəti yox, həm bə xalq təbabətini yaxşı bilir. Ən əsası tibb elmi ilə bağlı çoxlu kiatablar oxuyur və müasir təbabət haqqında yüksək biliyə malikdir. Onunla həmsöhbət olduqda mən də bunun tam şahidi oldum. İlk öncə Sənubər xanımı çoxminli oxucularla yaxından tanış etmək istəyirəm.

Qısa arayış: Sənubər Əliş qızı Hüseynova Sumqayıt şəhərindəki 21 nömrəli tam orta məktəbi yaxşı qiymətlərlə bitirib. Arzusu müəllimə olmaq olub. Amma Azərbaycan Dövlət Pedaqoji Universitetinə imtahan versə də keçə bilməyib. Bir il atasının işlədiyi Boru Prokatı zavodunda mexanika sexində işləyib. Sonra sənədlərini Bakı 2 nömrəli Tibb Texnikumuna verib və qəbul olub. Texnikumu bitirəndən sonra Sumqayıt şəhər 1 nömrəli Xəstəxananın qəbul şöbəsində işə düzəlib, sonra mədə-bağırsaq şöbəsinə keçib. Orada da bir neçə il işləyəndən sonra 1998-ci ildən Sumqayıt Regional Onkologiya Xəstəxanasına işləməyə gəlib. Elə o vaxtdan da taleyini bu xəstəxana ilə bağlayıb.Yaxşı mütəxəssis olduğuna görə az bir vaxtda baş tibb bacısı vəzifəsinə irəli çəkiblər. Və bu günə qədər də bu vəzifədə uğurla işləyir.

-Onkologiya Xəstəxanası deyəndə insanlarda bu xəstəxanaya qarşı bir qorxu xofu yaranır. Amma buradakı insanlarla yaxından tanış olanda hamı görür ki, burada işləyən mütəxəssislər həm öz işlərini mükəmməl bilir və həm də insanlara qarşı çox diqqətcil və mehribandırlar. Bu nədən irəli gəlir?

- Siz deyən kimi onkologiya sözü artıq insanlarda bir qorxu xofu yaradıb. Şünki bu xəstəlik hər il yer kürəsində 1 milyona yaxın insanın həyatına son qoyur. Bu da müharibələrdə, təbiət fəlakətlərdə, yol qəzalarında ölən insanların sayına demək olar ki, yaxındır. Ona görə də biz, ilk andan insanlardan bu qorxu xofunu götürməyə çalışırıq və onlarda yaşamağa inam yaratmaq istəyirik. Bax, elə sizin özünüzün damarınıza çox ağrılı olan maqnezi dərmanını iynə ilə vurmaq məsələsi olanda mən gördüm ki, siz özünüz damarınıza iynə vurulmasından çox qorxursunuz. İnsan belə vəziyyətdə şoka düşə bilər. Əlbəttə, bu iynəni yalnız yüksək peşəkar tibb bacısı vura bilər. Ona görə də mən sizi tam inandırdım ki, bu dərman ağrılı deyil. Siz də mənim sözlərimə inandınız və razılıq verdiniz. Bax, bizim bütün həkimlər, tibb bacıları artıq bura gələn və demək olar ki, ümidlərini itirən xəstələrlə belə mehriban, inandırıcı rəftar edirlər. Onları tam inandırırlar ki, sağalacaqlar. Əlbəttə, artıq vaxtı ötmüş şiş xəstəliklərini sağaltmaq mümkün olmasa da amma biz bütün tibbi vasitələrdən istifadə etməklə, Ulu Tanrının köməkliyi ilə insanların ömrünü uzatmağa çalışırıq. Axı həyatda insanın bir gün də yaşaması onun üçün böyük qənimətdir. Bəzən bizə elə xəstələr gəlir ki, onların heç iki-üç gün də yaşamağa ümidləri olmur. Amma bizim yüksək ixtisaslı həkimlərin, tibb bacılarının köməkliyi ilə onlar bir neçə il, hətta 5-10 il də yaşayırlar. Çünki, bizim xəstəxanada çox mehriban, bir-birini yarım sözdən başa düşən, yüksək ixtisaslı bir tibbi komanda işləyir. Artıq on illərlədir ki, onlar bir yerdə işləyir və bir yerdə cərrahiyyə əməliyyatları aparır, yüksək səviyyədə müalicə işlərini görürlər.

-Yaddaşınızda elə insanlar qalıb ki, siz əlinizdən gələni edibsiniz onlar yaşasın, amma onlar dünyalarını dəyişiblər? Yəni həkimlər və tibb bacıları bu xəstəliyin qarşısında aciz olublar.

-Bəli, belə xəstələr olub. Biz bütün gücümüzü, ağlımızı, gecəmizi-gündüzümüzü də onlara həsr etsək də onları yaşada bilməmişik. Bu, həqiqətən bizə çox pis təsir edir. Onlar dünyalarını dəyişəndə elə bilirik ki, ən əziz, ən doğma adamımızı itirdik. Lakin bzdə elə xəstələr də var ki, sağlam yerləri yoxdur, amma çox nikbin insanlardır və deyirlər ki, məndə heç bir xəstəlik yoxdur və tezliklə də sağalacam. Bax, belə xəstələr bizə inam verir ki, əlimizdən gələni edək ki, onlar həqiqətən də yaşasınlar. Ümumiyyətlə insanın özünə inamı çox olanda, orqanizm özü xəstəliklə mübarizə aparır və çox vaxt da qalib gəlir. Müsbət nəticələr alınır.

-İnsanlar xəstələnməmək üçün nə etməlidirlər?

-İlk növbədə sağlam həyat şəraiti yaşamalıdırlar. Aktiv olmalıdırlar. İdman etməlidirlər. Daim hərəkətdə olmalıdırlar. Hər bir insan hər gün ən azından 5-6 kilometr piyada gəzməlidir. Böyük filosoflordan biri deyib ki, "hərəkət sağlamlığın ilk dərmanıdır". Yeməklərinə fikir verməlidirlər. Hər şeyə əsəbləşməməlidirlər. Çünki çoxlu xəstəliklərin ilk ocağı stresslərdir. Onkoloji və şəkər xəstəlikləri də stresslərdən daha çox yaranır. Ona görə də insanlar bütün gücünü sərf edib, səbirli olmalıdırlar. Var-dövlər ardınca qaçmamalıdırlar. Tez-tez həkimə müraciət edib, profilaktik müayinələrdən keçməlidirlər. İnsan, ilk növbədə özü-özünün həkimi olmalıdır. Tibbi maarifləndirməni yaxşı bilməlidir.Bax, bütün bunlara riayət edən insan, inanmıram ki, ciddi xəstəliyə tutulsun.

-Bu gün çoxlu xalq təbabəti və bioloji təbabətlə müalicə üsulları meydana çıxıb. Klassik təbabətlə məşğul olan həkimlərin isə böyük əksəriyyəti bunu qəbul etmirlər. Amma bioloti təbabətlə, xalq təbabəti ilə dünyanın sivil ölkələri çox geniş məşğul olurlar. Bəs sizin buna münasibətiniz necədir?

-Mən buna çox yaxşı və təbii baxıram. Çünki bu müalicə üsulu min illərlə, əsrlərlə yol gəlib və təsdiqini tapıb. Çox qədim zamanlarda indiki müasir dərmanlar olmayanda elə insanları bioloji təbabət üsulu ilə müalicə ediblər. İndi də bu üsulla müalicə edib, yüksək effek ala bilirlər. Hətta onkoloji xəstələri də bu üsulla yaxşıca müalicə edirlər. Bu gün yediyimiz yeməklərin tərkibi yüksək kalorili olmadığına görə damarlarda kirəclənmə yaranır və insanların təzyiqində böyük problemlər yaradır. Bunun qarşısı da vaxtında alınmasa bu da infarkta, insulta və başqa fəsadlara qədər onları aparir. Sonra xəstəliyin başqa fəsadları da yaranır. Ona görə də artıq özünün əsrlərlə təsdiqini tapmış xalq təbabətində işlədilən və damarların təmizlənməsinə kömək edən bir neçə üsulu mən də insanlara təklif edirəm. Əgər qəbul etsələr, istifadə etəsələr hökmən xeyrini görərlər.

Bildiyimiz kimi bu günkü ekologiya, az hərəkətli həyat tərzi, zərərli vərdişlər, düzgün qidalanmama qan damarlarında kifayət qədər ciddi problemlər yaradır və bu da müxtəlif damar xəstəliklərinə və başqa xəstəliklərə səbəb olur. Buna görə də mütəmadi olaraq damarların qayğısına qalmaq, onların təmizlənməsini təmin etmək sağlamlıq üçün olduqca vacibdir. Damarların uzun əsrlər sınanmış xalq təbabəti vasitələri ilə təmizlənməsinin bir çox üsulları var. Onların bir neçəsini diqqətinizə çatdırırıq.

1-ci üsul: 2 ədəd limon və 2 ədəd portağal (apelsin) qabığı soyulmadan doğranılır, tumları çıxarılır və ət maşınından keçirilir. Alınmış kütlənin üzərinə 3 xörək qaşığı təbii bal əlavə edilərək, yaxşıca qarışdırılır və ağzı kip bağlanan şüşə qabda otaq temeperaturunda 24 saat saxlanılır. Sonra gündə iki dəfə həmin məhlul yeməkdən

10 dəqiqə əvvəl 2 çay qaşığı qəbul edilir.

2-ci üsul: 3-4 iri kartofun qabığı təmiz yuyulduqdan sonra üzərinə 500 qram təmiz su əlavə edilir və 30 dəqiqə zəif odun üzərində saxlanılır. Soyuduqdan sonra süzülür və hər gün səhərlər acqarnına 2 çay qaşığı qəbul edilir. Kurs 12-15 gündür.

3-cü üsul: 500 qram çuğundur şirəsi, 300 qram kök şirəsi, 300 qram kartof şirəsi qarışdırılır, gün ərzində 3 dəfə yeməkdən qabaq ac qarnına 50 qram qəbul edilir.

4-cü üsul: Biz yemişanın (qaragilənin) meyvəsinə və yarpaqlarına çox adi bir şey kimi baxırıq. Hətta çox vaxt yemişamın meyvələri elə ağaclarda qalır və onu insanlar yığmır. Amma bizim tibbi maariflənmə sahədə savadımız az olduğundan bilmirik ki, yemişanın meyvəsinin dəmlənməsi və hər gün üç dəfə bir stəkan işilməsi ürək təzyiqini aşağı salır, ürəyin zərbə qüvvəsini artırır və həm də ürəyin oksigenə olan təlabatını artırır. Eləcə də yemişan dəmlənib içiləndə damarda olan bütün problemlərı də qaydasına salır. Ürəyi cavanlaşdırır və damarlardakı kirəclənməni təmizləyir. Yemişanın adicə yarpağını da dəmləyib çay kimi içəndə orqanizmə böyük xeyri var.

Görürsünüz necə də sadə üsullardır. İnsan öz sağlamlığı üçün tənbəllik etməməli, onun qayğısına qalmalı və bu sadə üsullardan istifadə etməklə damar, ürək, şəkər xəstəlikləri problemlərindən asanlıqla yaxa qurtara bilər. Bir daha vurğulayıram. Damar problemləri çoxlu xəstəliklərin ocağı və başlanğıcıdır. Hamı üçün əlcatan olan bu vasitələrdən istifadə etdikdən az müddət sonra özünüz də orqanizminizdəki müsbət dəyişikliklərin tam şahidi olacaqsınız. Deməli, insan ilk öncə özünün həkimi olması və sağlam həyat şəaraiti yaşaması üçün tibbi marifləndirməni hökmən bilməlidir. Tibbə aid qəzetlərdə, jurnallarda çap olunanları, saytlarda yazılanları oxumalı, mənimsəməli və onları özününkü etməlidir.

-Ən böyük arzularınız nədir?

-İlk arzun insanların sağlam olması və heç vaxt həkimə xəstə kimi müraciət etməməsidir. İlkinici arzum Qarabaq torpaqlarının rəşadətli ordumuz tərəbindən azad olmasını görmək və həmin yerlərə getməkdir. Mən heç vaxt Qarabağda olmamışam və çox istərdim ki, həmin yerlərdə olum. Vətənimizin həmin cənnətməkan yerlərini görüm. İnanıram həmin gün heç də uzaqda deyil. Çünki 2016-cı ilin aprel ayının əvvəllərində rəşadətli ordumuz sübut etdi ki, torpaqlarımızı erməni gavurlarından asanlıqla azad edə bilərlər. Ona görə də xalqımız öz ordusuna inanmalı və onlara lazım olan bütün qayğıları göstərməlidir.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə