Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanasında tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə qeyd edilib ki, ölkədə tibb elminin və səhiyyənin ilkin sənədlərlə və informasiya ilə təmin edilməsi məqsədilə bitkin bir sistem formalaşdırılıb. Bura ilk növbədə tibb kitabxanaları və elmi tibb informasiya bölmələri aiddir. Həmin təşkilatlar içərisində aparıcı mövqe Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanasına məxsusdur.
Kitabxana səhiyyə orqanlarına, elmi-tədqiqat və müalicə-profilaktika müəssisələrinə əhalinin sağlamlığı problemləri, sosial-gigiyena, səhiyyənin təşkili, klinik və profilaktik təbabət, sanitar-epidemioloji səhiyyə və tibb elminin digər sahələri ilə məşğul olan alim və mütəxəssislərinə kitabxana-biblioqrafiya və sənəd informasiya xidməti göstərir.
Müəssisə Azərbaycan Respublikasında tibb kitabxanaları şəbəkələrinə təşkilatı-metodik rəhbərliyi və onların əlaqəli fəaliyyətini həyata keçirmək, elmi-təqiqat institutlarının, ali və orta tibb təhsil müəssisələrinin elmi tibbi informasiya şöbələrinin fəaliyyətinə metodiki və koordinasiyası üzrə rəhbərliyi həyata keçirir.
Respublika Dövlət Elmi Tibb Kitabxanası Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən 29 yanvar 1939- cu ildə tarixində qəbul etdiyi 5/386 saylı əmri əsasında yaradılıb. 9 mart 1940- cı ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının 156 saylı əmri ilə fəaliyyətə başlayıb.
Biblioqrafik xidmətə faktoqrafik informasiyanın verilməsi, ölkəşünaslıq soraq – axtarış sisteminin təşkili, müxtəlif aspektli (mövzu, yeni daxil olan ədəbiyyat) biblioqrafik göstəricilərin hazırlanması və ictimai istifadəsinin təşkili kimi xidmətlər də daxildir.
Kitabxanada informasiya xidmətinin daha da təkmilləşdirilməsi üçün 2006-cı ildən tibbə dair müxtəlif mövzulu CD-lərdən ibarət kartoteka yaradılıb.
Burada istifadəçilərinin informasiya tələbatını tədqiq etmək məqsədilə müxtəlif tədbirlər aparılır. Bura şifahi sorğular və anketləşdirmə daxildir. Anketləşmə əsasında oxucuların maraq və meylləri, tibb işçilərinin bu günki fəaliyyət istiqamətləri, ən müasir tibb sahələri aşkar edilir. Bu da öz növbəsində fondun komplektləşdirilməsində nəzərə alınır. Təbabət digər elm sahələrinə nisbətən daha intensiv inkişafdadır. Bu inkişafın əsas tendensiyalarını izləyərək fondun hər tərəfli komplektləşdirilməsi üçün tibbə dair müasir elmi nəşlərin nəzərdən keçirilməsi daimi iş fəaliyyətinə daxil edilib.
Kitabxananın Elmi-metodik şöbəsi respublikanın 93 tibbi və müəssisinin nəzdində fəaliyyət göstərən tibb kitabxanaları ilə çalışır. Bu kitabxanalarla əlaqələri möhkəmlətmək məqsədilə tez - tez yerlərə gedişlər, ezamiyyət səfərləri təşkil olunur. Bundan əlavə kitabxanalarla zona seminar – treniniq məşğələlər keçirilir.
Cari ilin səkkiz ayı ərzində Kitabxanaya 3250 oxucu gəlişi və 19120 kitab verilişi qeydə alınıb. Kitabxanada əsas fondla yanaşı 595 nüsxə fondu olan Ümumdünya Səhiyyə Təşkilatının fondu, 435 nüsxə fondu olan nadir nəşrlər fondu, son ili əhatə edən kitab və dövrü nəşrlərdən ibarət yeni nəşrlər fondu, depozitar və arxiv fondu vardır.
Kitabxanada lokal kompüter və internet şəbəkəsi təşkil olunub. Şəbəkə vasitəsilə İRBİS-64 kitabxana-informasiya proqramının kataloqlaşdırma və komplektləşdirmə modulları ilə iş başlanıb. Bununla əlaqədar olaraq kitabxananın müvafiq sahələrində çalışan əməkdaşlar kitabxanada keçirilən təlim məşğələlərdə iştirak ediblər.
Tibb kitabxanasında elektron kataloq təşkil edilib. Hazırda 58 adda jurnal, 6 adda qəzet elektron kartotekaya, 4115 nüsxə kitab, 14029 məqalə elektron kataloqa, 3500 nüsxə elektron komplekləşdirmə moduluna daxil edilib. Kitabxanaya alınan yerli, xarici jurnal və qəzetlərin 14029 məqalənin analitik təsviri elektron kataloqda öz əksini tapıb.
19 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Səhiyyə Naziri Cənab Oqtay Şirəliyev tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan kitabxana-informasiya şəbəkəsinin təkmilləşdirilməsi barədə Əmr imzalanıb. Əmrin icrası üzrə vahid elektron tibb kitabxana şəbəkəsinin yaradılması və elektron kataloqların genişləndirilməsi məqsədilə yeni kitabxana-informasiya proqramı yaradılmışdır. Hazırda kitabaxananın yeni internet saytı üzərində işlər gedir. Bu saytda tibb kitabxanası şəbəkəsinin vahid elektron toplu kataloqunun təqdim edilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB