Səhiyyəmizin gələcəyini düşünən alim

Rəfiəli Novruzov: “El arasında belə bir deyim var,“qayğı görməlisən ki, qayğı göstərə biləsən”
Səhiyyəmizin gələcəyini düşünən alim

(Yazıçının gündəliyindən ikinci yazı)

Müsahibim Sumqayıt şəhərinin ilk tibb elmləri doktoru, Sumqayıt Səhiyyə Şöbəsinin baş cərrahı, Sumqayıt şəhər 4 nömrəli Xəstəxananın cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru Rəfiəli Novruzovdur. Onunla apardığım birinci müsahibə oxucular tərəfindən maraqla qarşılanıb. İnanıram ki, ikinci yazı da çoxminli oxucuların xoşuna gələcək. Həm də bəzi xəstəliklərin öyrənilməsinə, tibb sahəsində insanların maariflənməsinə köməklik edəcək.

- Doktor, 30 illik həkimlik fəaliyyətinizdə böyük uğurlu işlər görmüsünüz. Bəs cələcək işlərinizi necə qurmaq istərdiniz?

- Həyat davam edir. Yaşanan hər gün üçün Allaha şükür etmək lazımdır. Və mən şüküranlığı sevən bir insanam. Amma şübhəsiz ki, arzusuz yaşamaq olmaz. İnsan daim arzu ilə yaşayır. Mənim də çox arzularım var. Ən böyük arzum da öz bildiklərimi, bacardıqlarımı öyrənmək istəyənlərə öyrətməkdir. Onlara onu mənimsətməkdir. Bu ən böyük arzularımdan biridir. Təvazökarlıqdan kənarda olsa da Sumqayıtda və respublikada kifayət qədər əl yetirdiyim, köməklik etdiyim kadrlar var. Amma mən bunları çox az hesab edirəm. Onların daha səmərəli işləməsi üçün daim fikirləşirəm və axtarışdayam. Sumqayıt şəhərində dövlət müəssisələrində laparoskopik əməliyyatlar yalnız bizim şöbədə aparılır. Bu da çox cavabdehli işdir.

Xarici ölkələrin alimləri ilə tez-tez əlaqə saxlayıram. Bu ölkələrdən mən İtaliyanın, Türkiyənin, İranın, Misirin, Gürcüstanın, Rusiyanın və başqalarının adını çəkə bilərəm. Onlarla yazışmalarımız da olur. Respublikanın mötəbər tibb ocaqları, baş insitutları ilə daim əlaqə saxlayıram. Elmi Cərrahiyyə Mərkəzinin Müzakirə Şurasının üzvüyəm. Azərbaycan Dövlət Tibb Universitetində dəfələrlə rəsmi appanent kimi elmlər doktoru, elmlər namizədi elmi işlərin müzakirəsində iştirak edirəm. Rəylər yazıram, fikirlərimi söyləyirəm. Laparoskopik cərrahiyyəni Sumqayıtda daha da genişləndirmək, bu sahədə kadrların artırılması üçün çox çalışıram. Bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı cənab Zakir Fərəcovla görüşmək istəyirəm ki, cavan kadrların xarici ölkələrə təcrübə mübadiləsi keçməsinə köməklik etməklərini ondan xahiş edim. Eləcə də perspektivli cavan kadrların elm sahəsinə yönəldilməsini önə çəkməyə çalışıram. Başqa sahələrdə nəyə isə göz yummaq olar. Amma tibb sahəsində, xüsusən də cərrahiyyə sahəsində yalnız bacarıqlı adamlara etibar etmək olar. Çünki cərrahın əlindəki bıçaqla nəyisə düz kəsmədin onda faciə baş verir. İnanıram ki, şəhər rəhbərliyi məni qəbul edib, bu arzularımı reallaşdırmaqda köməklik edəcək.

- Sumqayıt şəhərində bu 11 ayda gedən nəhəng abadlıq-quruculuq işlərinə bir ziyalı və 30 il bu şəhərdə yaşayan sumqayıtlı kimi sizin münasibətiniz necədir?

- Açığı Sumqayıtda axır vaxtlar gedən işi mən "Formula-1" yarışına bənzədirəm. Çünki "Formula-1" çox sürətli yarışdır. Sumqayıtda gedən bu abadlıq-quruculuq işlərinin sürətinə də sürət çatmır. Hər gün şəhərdə ən azından bir yenilik olur. Amma bu görülən maraqlı işləri qorumaq üçün onun dəyərini bilən kadrlar da olmalıdır. Burada neqativ hallarla kadr seçmək olmaz. Bacarıqlı insanlara önəm vermək lazımdır. Tikilənləri qoruyub saxlamaq hamının borcudur. Bütün bunlar camaat üçün tikildiyinə görə, məhz onların sağlamlığını qoruyan kadrlar da olmalıdır. Ona görə də bütün bu tikililənlərə sahib çıxan xalqın sağlamlığı keşiyində layiqincə durmağı bacaran kadrları biz hazırlamalıyıq. Bax, burada neqativ hallara qətiyyən yol vermək olmaz. Çünki həkimin hər nəyi varsa özünündü, amma savadı, bacarığı xalqındır. Ona görə də təsadüfü adamlara bu işləri etibar etmək olmaz. Tibb sahəsində kadrlar həmişə savadlı, bacarıqlı olmalıdır.

- Sumqayıt bu 30 ildə sizə nə verib?

- Sumqayıt 30 ildə mənə hər şey verib. Hər şey deyəndə də insan üçün normal olan şəraiti nəzərdə tuturam. Yaxşı ailə, yaxşı övladlar, məni başa düşən dostlar verib. İstəyirsən ki, səni sevsinlər və hörmət etsinlər, onda hər bir insan da ilk növbədə özünə hörmət etməlidir. Özünə hörmət etməyi bacarmayan da ölkəsinə, xalqına, rəhbərinə hörmət etməyi bacarmaz. Özünə hörmət, mənəm-mənəmlik demək deyil. Mənəm-mənəmlik insanın ən böyük qüsurudur. İnsan sadəcə fikirləşməlidir ki, mən bacarıqlıyam. Mənim millətim yer üzündəki millətlərin alilərindən biridir. Mənim müstəqil dövlətim və ona rəhbərlik edən ağıllı, savadlı rəhbərim var. Mənim qanunlarım və mənim konstitusiyam var. Mən heç kimdən əskik deyiləm və ölkəmə, xalqıma xidmət etməliyəm. Ən azından insanda öz səviyyəsini qorumaq bacarığı və qürur olmalıdır. Buna görə də insan daim oxumalı və özündən böyüklərə hörmət etməli, milli adət-ənənələrə hörmətlə yanaşmalıdır.

- Çoxlu insanlar tanıyıram ki, onları cərrahiyyə əməliyyatı etmisiniz və bu insanlar sizi heç vaxt yaddan çıxarmırlar. Bunun səbəbi nədir?

- Belə bir deyim var. Deyirlər ki, "həkim el anası, el atasıdır". Çünki ilk növbədə xəstənin vəziyyəti ağır olanda həkimin bir amalı olur. Bu insanı mən necə xilas edim? Əlbəttə, ilk növbədə xəstəni xilas edən və həyata qaytaran Allahdır. Sadəcə həkin orada bir vasitəçidir və Allahın rəhminin bir təsir vasitəsidir. Bu 30 ildə Azərbaycanın bütün bölgələrindən çoxlu xəstələrin olub. O ki, qaldı bu müsahibədən sonra siz, mümkünsə Sumqayıtın həkimlərinə belə bir sualla müraciət edin. "Rəfiəli həkim haqqında nə deyə bilərsiniz?" Görəcəksiniz ki, mən hamıya əlimdən gələn köməklikləri etmişəm. Çox şükürlər olsun ki, həmin həkimlərin xəstələrini kritik vəziyyətdən çıxarmaq üçün mən onlara əlimdən gələn köməklikləri etmişəm. Mən bununla fəxr duymuşam. Əsas mükafarımı da Böyük Yaradan verib ki, həmin xəstələr sağalıblar.

- Siz şəhərin baş cərrahısınız. Sumqayıtda cedən cərrahiyyə işlərinə bu sahədə hansı köməklikləri edirsiniz?

- Əlbəttə, bu işin məsuliyyəti çox böyükdür. Belə götürəndə şəhərimizdə elə cərrahlar var ki, məndən də yaxşı cərrahiyyə əməliyyatları aparirlar. Amma istənilən ən çətin məqamda baş cərrahın sözü önəmlidir. Çalışmaq lazımdır ki, orada səhvə yol verməyəsən. Çünki əgər baş cərrah səhvə yol versə, qarşısındakı cərrahı da səhv yola yönəldər. Bu da böyük fəsadlar verə bilər. Allahdan arzum budur ki, həmin o çətin məqamlarda bizə yar olsun və rəhm əlini heç vaxt üstümüzdən çəkməsin (gülümsünür və harasa uzaqlara baxır).

- Sumqayıtda səhiyyə ilə bağlı tez-tez seminarlar, müzakirələr keçirilir və həmin tədbirlərdə çıxış etmək üçün sizi də çağırırlar. Bütün bu işlər sizi yormur ki?

- Əlbəttə, yox. Çünki mən ora təkcə öyrətmək üçün yox, həm də öyrənmək üçün gedirəm. Eləcə də xarici ölkələrə dəvət olunanda və orada da çıxış edəndə oradakı həkimlərdən çox şey öyrənirəm. Həm də xarici ölkələrdə əməliyyatlar aparanda oradakı həkimlərdən də çox şeyi əxz edirəm. Çünki dünya gör-götür dünyasıdır. Gərək bacardığın qədər öyrənəsən. Bu da mənim həyat tərzimdir.

- Bu 30 ilik həkimlik fəaliyyətinizin müqabilində sizə qayğılar olurmu?

- Birinci qayğımı mən Ulu Tanrıdan istəyirəm. İkinci qayğımı ürəyində Allah xofu olan insanlardan istəyirəm. Əlbəttə, əvvəllər mənə çox qayğı olub. İndi mənim özümün insanlara, elə-obaya qayğı göstərən vaxtımdır. Təbbi ki, hər bir insanın qayğıya ehtiyacı var. El arasında belə bir deyim var. Deyirlər ki, "qayğı görməlisən ki, qayğı göstərə biləsən". Allahım mənə xoşbəxt ailə, ağıllı övladlar, fəxri ad, ad-san verib. Xalqım, elim-obam məni sevir və hörmət edir. Şəhər rəhbərliyindən həmişə hörmət görmüşəm. Çıxış etdiyim xarici ölkələrin simpoziymlarında həmişə yaxşı qarşılanmışam. Özüm də təbiətcə naşükür adam deyiləm. Allah mənə nə veribsə ona qail olan insanam. Buna qədər nə olubsa çox şükür, bundan sonra nə olacaqsa Allah bərəkət versin.

- 2016-cı ilin aprel ayının əvvəlində əsgərlərimizin Qarabağ döyüşlərində şanlı qələbəsi Azərbaycan ordusuna inamı çox artırdı. Bu döyüşlərdə yaralananların müalicə olunmasında həkimlərimizin də əməyini danmaq olmaz. Bu haqda nə deyə bilərsiniz?

- Həmin döyüşlərdən mən də böyük qürur duyuram. Amma Azərbaycan ordusunun möhtəşəm qələbəsi hələ qabaqdadır. Biz rəşadətli ordumuzun köməkliyi ilə torpaqlarımızı erməni gavurlarından tam təmizləyəndən sonra möhtəşəm qələbəni qeyd edəcəyik. Allahın köməkliyi ilə biz o günü də görəcəyik. Aprel ayının əvvəlidəki qələbə isə ermənilərə bir mesaj idi ki, kiminlə vuruşduqlarını yaxşı-yaxşı filirləşsinlər. Amma məndə bir məyusluq yarandı ki, həmin vaxtı biz torpaqlarımızı tam azad edə bilərdik. Əfsus ki, kənardan olan qüvvələr buna imkan vermədilər... Yoxsa ən geci aprelin axırına kimi biz torpaqlarımızı tam azad edə bilərdik. Çünki ordumuz torpaqlarımıza uzanan yad əlləri ən mahir cərrah kimi kəsə bildi. O ki, qaldı həkimlərimizin həmin vaxtı köməyinə. Həmin vaxtı təkcə həkimlər yox, bütün tibbi personal əlindən gələni edirdi. Həm də bütövlükdə xalq, ordusuna kömək etmək üçün ayağa qalxmışdı. Bax, bununla da bir daha məlum oldu ki, xalqın arasında birlik çox yüksəkdir. Onu kənar qüvvələr sarsıda bilməz.

- Bu gün ölkə başçımız məqsədyönlü siyasət aparmaqla, xalqı böyük inamla qabağa aparır. Tanınmış bir ziyalı, məşhur həkim və artıq ömrünün 60-cı ilini xırdalayan ağsaqal kimi bu haqda nə deyə bilərsiniz?

- Demokratiya, özbaşınalıq demək deyil. Demokratiya, üzün illər qəbul olunmuş qayda-qanunları, adət-ənənələri sivil formada həyata keçirməkdir. Bildiyimiz kimi siyasət çox çətin bir elmdir və bunun konkret kitabı yoxdur. Hansısa bir şeiri hamı öyrənə bilər. Amma hamı siyasətçi ola bilməz. Buna görə insanda dərin təfəkkür, dərin təhlil etmək qabiliyyəti və fitri istedad olmalıdır. Həmin fitri istedadlı insanlar da, böyük siyasətçilərin, dahilərin həyatını təhlil etməklə, dərindən öyrənməklə siyasətçi ola bilərlər. Biz, dünyada kiçik ölkələrdən biriyik. Ona görə də siyasətimizi elə qurmalıyıq ki, böyük ölkələr bizimlə hesablaşsınlar. Daha doğrusu bizə öz siyasətimizi qurmağa mane olmasınlar. Çünki bizim ölkənun çox yaxşı şəraiti var və bu bəzi ölkələrə göz dağıdır. Ona görə də bizim ölkəyə "xəzri küləyi" hər tərəfdən əsir. Deməli, özümüzü həmin "xəzri küləyindən" qorumağı bacarmalıyıq. Burada düşünülməmiş addım atmaq olmaz. Bunun üçün böyük ağıl lazımdır. Şükür olsun ki, ölkəmizin başçısı, Ali Baş Komandanımız ağıllıdır, səbirlidir, böyük diplomatdır və ölkəni də ağılla idarə edir. Ona görə bu günlərin qədrini bilməli və hər bir insan əlindən gələn köməkliyi xalqı, dövləti üçün etməlidir. Hər şeyə neqativ yanaşanlar isə mənim fikrimcə ağıldan kəm adamlardır. Hər bir adam ölkəsini sevməli və onu qorumalıdır. Belə bir deyim var: "Məscidin içi və sonra çölü". Məscidin içi deyəndə biz ölkənin daxilini nəzərdə tutmalıyıq. Əvvəlcə biz ölkənin daxilində işləri yüksək səviyyəyə qaldırmalıyıq ki, sərhəddin o biri tərəfindən, yəni xaricdən gələnlər bu ölkədən kənara çıxanda və öz ölkələrinə gedəndə buradakı təəssüratları böyük həvəslə, istəklə danışa bilsinlər. Dünyanın qazan kimi qaynadığı bir vaxtda, bügünkü əmin-amanlıq da Allahın bizə göndərdiyi bəxşeyişdi. Bunun qədrini hökmən bilmək lazımdır. Mən, şəxsiyyətə böyük önəm verirəm. Şəxsiyyətin yetişməsində də Böyük Tanrının əli var. Ona görə də şəxsiyyətli insanları qorumaq və onlara hörmətlə yanaşmaq lazımdır. Atalarımız da deyib ki, "böyüyünü uca tutmayanlar ucala bilməzlər".

Ağalar İDRİSOĞLU,

Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə