Son zamanlar respublikanın bir çox səhiyyə müəssisələri haqlı-haqsız ciddi tənqid olunur. Zaqatala Rayon Mərkəzi Xəstəxanası (RMX) da bəzi internet media və sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.
Zaqatalada daha çox qabardılan sahələrdən biri də uşaq və ana ölümləri ilə bağlıdır. Bu sahədəki vəziyyətlə yaxından tanış olmaq üçün Zaqatala RMX-n doğum şöbəsində olduq. Əvvəlcə doğum şöbəsinin həyətində dayanan insanlarla söhbətləşdik. Kimisi baba, nənə, bibi və əmi olduğunu, kimisi isə dostunun, rəfiqəsinin şad gününü qeyd etmək üçün bura yığışdıqlarını dedilər. Jurnalist olduğumuzu bilən kimi doğum şöbəsi ilə bağlı xeyli xoş sözlər dedilər.
İki gündür nənə olmuş Xuraman Əliyeva bizə bəzi məqamları da açıqladı: "Mən artıq ikinci gündür ki, buradayam. Nənə olmağımın sevincini yaşayıram. İstəyirəm biləsiniz ki, doğum şöbəsində hər bir şərait var, hər halda qızım burada ana olduğu üçün mən bunları dəqiq bilirəm. Bilirsinizmi, son vaxtlar Zaqatala səhiyyəsindən bəzi sosial şəbəkələrdə tənqidi, həm də qərəzli yazılar yazırlar. Baxmayaraq mən nənəyəm ancaq sosial şəbəkələrdən istifadə edirəm. Onların yazdıqları cəfəngiyyatdan başqa bir şey deyil. Bizim rayonda bilirsiniz hansı analar doğuş zamanı ölürlər? O qadınlar bütün hamiləlik dövründə bir dəfə də olsun ginekoloq yanına gəlmir, müayinədən keçmirlər. Kənd yerində elə evdəcə azad olmaq istəyirlər. Belələrinə irad da tutanda deyirlər ki, nənələrimiz evdə on uşaq dünyaya gətiriblər və heç nə də olmayıb. Nəzərə alsaq ki, həmin nənələrimizin dövründə ekologiya, qidalarımız daha da təmiz və orijinal idi, bu gün belə savadsız addım atmağına dəyməz. Bax həmin analar evdə doğuş edən zaman bir problem olarsa təcili xəstəxanaya gətirilir və bədbəxt hadisə zamanı isə həkimləri günahlandırırlar. Əsl həqiqətdə isə onu heç vaxt müayinə etməyən, çox ağır, huşsuz vəziyyətdə doğuşa gətirilən hamilə qadının həyatda qalması üçün əlindən gələni əsirgəmiyən vicdanlı həkimlərimizin heç bir günahı yoxdur. Bilirsinizmi Zaqatala RMX-ı və doğum şöbəsi, eləcə də cərrahiyyə şöbəsini qınaq altına atanlar hər bir kiçik işi böyüdürlər. Məsələn bizi buraya gətirən taksi sürücüsü mənə ilk şad xəbər verən olduğu üçün mən ona on manat şirinlik vermişəm. Sosial şəbəkələrdə isə belə halları elə şişirdirlər ki, sanki baş həkim tapşırıb ki, muştuluğa nə qədər pul verilməlidir. Axı ayıbdır, bir zaqatalalı kimi şəxsən mənim bir neçə dəfə xəstəm olub və rayon mərkəzi xəstəxanada müalicə almışıq. Rayonumuzun həkimləri, tibb personalı yüksək səviyyədə xidmət göstəriblər. Mənim necə vicdanım qəbul edər ki, həkimlərimizi tibb bacılarını pisləyəm. Hesab edirəm ki, günahdır, bu işə qol qoyanlar Allahdan qorxsunlar".
Doğum şöbəsi qarşısına yığılanlarla söhbətimizi yekunlaşdırdıqdan sonra doğum şöbəsinə keçmək istədik. Bizi qapıda doğum şöbəsinin müdiri Rəna Sultanova qarşıladı. Ayaqüstü söhbət etdikdən sonra onun iş otağına keçdik. Ana və uşaq ölümünün sayı ilə maraqlandığımızı bilən kimi bu barədə bizi də məlumatlandırdı: "Bu il ana ölümü olmayıb. İki uşaq ölümü olub ki, onlar da perinatal ölümlərdir. Birində ana ikinci dəfə idi ki, uşağı bətnində ölü olaraq şöbəmizə daxil olmuşdu. Yəni bu anada hamiləlik dövründə uşaq ana bətnində ölür, bunun səbəbini bilmək üçün isə həmin ölü uşağın yarılması və ümumiyyətlə müayinəsini təşkil etmişik. Digər xəstəmizdə də hamiləliyinin 39-cu həftəsində uşaq ana bətnində ölü olaraq doğuş şöbəsinə gətirilmişdir. Bizdəki uşaq ölümləri əsasən yarımçıq doğulanlardır.
Hazırda şöbəmizdə 29 yeni doğulan körpəmiz var, hamısı da sağ-salamatdırlar. Bizim şöbəmizdə çox güclü həkimlərimiz var, bunlardan gnekoloq-cərrah Mehriban Hüseynova, gnekoloq Yetər Bulacova, baş tibb bacısı Gülzar Ömərovanın işi təqdirəlayiqdir. İstəyirəm bir məsələni də xüsusi vurğulayım ki, Zaqatala RMX-na, Leyla Seyidəliyeva baş həkim təyin olunduqdan sonra bir çox ehtiyacımız olan müasir avadanlıqlarla da təchiz olunmuşuq. Odur ki, bizdəki müasir avadanlıqlar olan yerdə digər rayon-şəhərlərə üz tutmağa ehtiyac da qalmayıb".
Daha sonra neonatologiya şöbəsinin müdiri Leyla Əfəndiyeva ilə görüşüb söhbətləşdik: "Bu gün bizdə Küvez aparatı var ki, əsasən yarımçıq doğulan uşaqlara qoşulur. Bu da uşağa ana bətnindəki temperaturun eynisini verə bilir. Daha sonra Cpap aparatımız da var ki, bu da yarımçıq doğulan körpələrimizin sağlamlığı üçündür. Belə ki, yarımçıq doğulan körpənin ağ ciyərləri tam formalaşmadığı üçün onun təzyiqini normallaşdırır və ümumiyyətlə, bir çox funksiyanı yerinə yetirir ki, bu da körpənin sağlam və həyatda qalmasına koməklik edir. Nəzərinizə çatdırım ki, bu aparatı da Leyla xanım baş həkim təyin olunandan sonra rayon xəstəxanasına gətirilib".
Beləliklə də Zaqatala rayonu mərkəzi xəstəxanasında olduğumuz müddətdə məlum oldu ki, zaqatalalılar səhiyyə xidmətindən razılıq edirlər.
Əlmaniz Ələkbərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB