Tibb Universitetində sümük iliyi transplantasiyası şöbəsi yaradılır
Bu gün akademik Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında yeni qurulmaqda olan sümük iliyi transplantasiyası şöbəsinə baş çəkərək işlərin gedişi ilə yerində tanış oldu və öz tövsiyyələrini verdi. Tədris-terapevtik klinikanın direktoru professor Surxay Musayevin SİA-ya verdiyi məlumata görə, şöbənin qurulmasında son tamamlama işləri gedir və lazım olan avadanlıqların əksəriyyəti klinikaya gətirilərək qurulub.
Hematologiya şöbəsinin müdiri Valeh Hüseynov qeyd etdi ki, "bütün dünyada olduğu kimi Respublikamızda da hematoloji xəstələrin sayı artmaqdadır. Tibbin son nailiyyətlərinə əsasən bu gün bir çox hematoloji xəstəliklərin sağalmasına nail olmaq mümkündür. Yeni müalicə protokolları ilə yanaşı onko-hematoloji xəstələrin müalicəsində əsas yeri sümük iliyi və ya kök hüceyrə transplantasiyası tutur. Son illərdə kök hüceyrə transplantasiyası tibbin digər sahələrində də tədbiq olunur. Xüsusilə bəzi onkoloji, qastroenteroloji, kardioloji xəstəliklərin müalicəsində geniş istifadə olunur".
Qeyd edək ki, Tibb Universitetinin Tədris-terapevtik klinikasında yaradılan yeni şöbə kök hüceyrə toplanması, dondurulması üçün cihazlarla təchiz olunmuşdur. Sümük iliyi transplantasiyanın həyata keçirilməsi üçün xüsusi steril şərait və hepafiltrlə təchiz olunmuş bölmənin qurulması işləri sona çatmaqdadır. Təbii ki, bu işlərin həyata keçirilməsi üçün peşəkar personalın olması əsas şərtlərdən biridir. Bunun üçün ona yaxın həkim və tibb bacısı Türkiyə və Avropa ölkələrinin müxtəlif klinikalarında təkmilləşmə kursu keçiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB