Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində Bakı şəhərindən dəvət olunmuş Mərkəzi Neftçilər Xəstəxanası ürək-damar xəstəlikləri şöbəsinin müdiri, ürək və damar cərrahı Rəşad Mahmudovun rəhbərlik etdiyi 10 nəfərlik heyətin iştirakı ilə 11 aylıq uşaq üzərində mürəkkəb əməliyyat icra olunub, ürəyin çəpərlərarası defekti aradan qaldırılıb. AZƏRTAC xəbər verir ki, hazırda uşağın vəziyyəti qənaətbəxşdir.
Cərrah, anestezioloq, tibb bacıları ilə təmsil olunan heyət əvvəlcədən qeydiyyata götürülmüş risk faktorlu xəstələri müxtəlif kardioloji müayinələrdən keçirib. Kardioloji ambulator müayinə və müalicələr zamanı xəstə¬lərə tibbi məsləhət və tövsiyələr, 10 nəfər üzərində açıq ürək, 1 nəfərdə isə periferik damar əməliyyatı aparılmasına göstəriş verilib.
Həkim heyətinin iştirakı ilə xəstələr üzərində açıq ürək-aortakoronar şunt¬lama, qulaqcıqlararası defektin aradan qaldırılması, süni qapaqcıqların qoyulması, Fallo tetradası, botal axacağın bağlanması kimi mürəkkəb əməliyyatlar uğurla sona çatıb.
Heyət xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırır, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələrini diqqət mərkəzində saxlayır. Həmişə olduğu kimi, cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimləri ilə yanaşı, əməliyyat, reanimasiya, palata tibb bacıları da yaxından iştirak ediblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu ilin 9 ayı ərzində yüksəkixtisaslı həkim heyəti tərəfindən muxtar respublikada, ümumilikdə 347 cərrahi əməliyyat, o cümlədən 96 nəfər xəstədə açıq ürək, 82 nəfər xəstədə göz və 153 nəfər xəstədə digər müxtəlif əməliyyatlar aparılıb, 16 nəfər xəstənin ürək damarlarına stend qoyulub. Bu sahədə Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası ilə qarşılıqlı əməkdaşlıq artıq ənənə halını alıb. Heyət əvvəllər Naxçıvana müəyyən vaxt ərzində gəlirdisə, indi açıq ürək əməliyyatına zərurət yarandıqda dəvət olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB