GÜNAY ƏHMƏDOVA, onkoloq, tibb üzrə fəlsəfə doktoru, ATU-nun Onkoloji Klinikası. [email protected]

(Üçüncü söhbət)

Sağlamlığın bir vacib qanunu var: xəstəliyin yaranmasının qarşısını almaq sonradan onu müalicə etməkdən daha asandır. Təəssüf ki, biz bunun fərqinə ancaq xəstələndikdən sonra varırıq. Vəd etdiyimiz kimi, bu söhbətimizdə fibromiomaların profilaktikasından danışacağıq. Bir incə məqamı da nəzərinizə çatdırım ki, əgər siz dediklərimizə əməl etsəniz, yalnız fibromiomalardan deyil, süd vəzinin mastopatiyasından da özünüzü qorumuş olacaqsınız. Çünki qadın orqanları bir-biri ilə sıx əlaqəlidir və hər iki halda eyni profilaktik tədbirlər tələb olunur. Mastopatiyanın əlamətləri, müayinə və müalicəsi barədə isə yaxın gələcəkdə ayrıca söhbətimiz olacaq. İndilikdə mövzumuza qayıdaq.

Doğrudur, hələlik elmdə miomaların yaranma səbəbləri barədə vahid nəzəriyyə yoxdur. Lakin əksər xəstəliklər kimi, bu xəstəliyin də əmələ gəlməsinin qarşısını almaqçün mütləq sağlam həyat tərzi sürmək lazımdır. Özü də miomaların profilaktikası yalnız düzgün qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaqla məhdudlaşmır. Xəstəliyin qarşısını vaxtında almaq üçün konkret tədbirlər görmək lazımdır. Sözümüzə diqqət edin, xəstəliklərdən yan keçməyə çalışın. Axı, siz həmişə şux və gümrah olmalısınız.

* Çoxunuz bilirsiniz ki, vaxtında hamilə qalmaq və cavankən uşaq doğmaq qadını bir çox ginekoloji xəstəliklərdən, o cümlədən fibromiomalardan qoruya bilər. Belə ki, birinci doğuşun 22 yaşında, ikincinin 25, sonrakı doğuşların 35 yaşına qədər olması tövsiyə edilir. Əlbəttə bu, yalnız tövsiyədir. Çünki uşaq dünyaya gətirməyi konkret sxemə uyğunlaşdırmaq qeyri-mümkündür. Gerçək həyatda uşaq məsələsi bir çox mühüm amillərdən asılı olur.

* Yadda saxlamaq lazımdır ki, mioma ən çox 30-35 yaşlarında ikən inkişaf edir. Məhz bu dövrdə qadının həyatında arzu edilməyən hamiləliklərin pozulması, iltihabi ginekoloji xəstəliklər, psixoemosional stresslər daha çox baş verir. Sağlamlığa neqativ təsir göstərən həmin hallar tədricən cəmlənir.

Ona görə də, bu yaşlarda xoşagəlməz təsirlərdən (daxili və xarici) uzaq durmağa çalışın. Müasir kontraseptiv vasitələrdən ağıllı istifadə edərək abortdan mümkün qədər qorunun. Hormonal pozğunluqları sistematik korreksiya edin. İltihab mənşəli ginekoloji xəstəlikləri qulaqardına vurmayın, həkimlə məsləhətləşib dərhal çarəsini qılın.

* Hamilə qalan zaman əks göstərişlər yoxdursa, ümumi sağlamlığınız naminə uşağı saxlayın. Çünki abort mikroskopik ölçüdə olan miomatoz düyünün sürətli inkişafına səbəb ola bilir.

* Nəzərə alın ki, xüsusilə 30 yaşından sonra həddən artıq günəş şüalanmasından və yüksək temperaturdan qorunmaq lazımdır.

* İrsi miomaların 5-10 il daha tez (20-25 yaşlarında) inkişaf etdiyini nəzərə alaraq birinci hamiləliyin saxlanması vacibdir.

* Doğuşdan sonra körpəni ən azı 4-6 ay özünüz əmizdirin. Bu həm ananın və körpənin psixoemosional vəziyyətinə müsbət təsir göstərir, həm də qadın orqanizmində hormonları tənzimləyir. Əvvəlki söhbətlərimizdən siz artıq bilirsiniz ki, hormonal pozğunluqlar miomanın yaranmasının əsas səbəblərindən biri sayılır.

* Normal cinsi münasibətlər (ər-arvad münasibətlərində harmoniya) bir çox cinsi xəstəliklərin, o cümlədən miomaların profilaktikasında vacib rol oynayır.

Hə, əziz qadınlar. Yuxarıda sadaladığımız bütün hallarla yanaşı yemək-içməyinizə də xüsusi fikir verməlisiniz. Çünki bir sıra elmi tədqiqatların nəticəsi bunu tələb edir. Məsələn, Boston Universitetində maraqlı bir tədqiqat aparılıb. 30 yaşlarında olan 23 min qadın üzərində araşdırmaların nəticəsi göstərib ki, daha çox meyvə yeyən və A vitamini qəbul edən qadınlarda miomanın əmələ gəlmə ehtimalı digərlərinə nisbətən xeyli azdır. Alimlər müşahidə ediblər ki, gündə 4 porsiya meyvə yeyənlərdə 1 porsiya meyvə yeyənlərə nisbətən 10% daha az mioma əmələ gəlir.

Bədən tərbiyəsi ilə məşğul olmaq da mühüm əhəmiyyət daşıyır. İdman ümumiyyətlə endokrin hormonal sistemə və cinsiyyət vəzilərinin funksiyasına müsbət təsir göstərir. Müxtəlif vəziyyətlərdə ayaqların elementar hərəkəti, qarın əzələlərinin məşğələləri kiçik çanaq orqanlarında durğunluğu aradan qaldırır.

Bir vacib məsələni də diqqətinizə çatdırım. Çox vaxt, xüsusilə gənc yaşlarda gözəl görünmək üçün qızlarımız soyuq havalarda nazik paltarlar (qısa ətəklər, nazik corablar və s.) geyinirlər. Nəticədə sistit, yumurtalıqların iltihabı və s. yaranır. Ona görə də, geyim mövsümə uyğun olmalıdır. Xüsusilə diqqət yetirmək lazımdır ki, ayaqlar, dizlər və sağrı nahiyəsi islanmasın, soyuqlamasın. Ayağınıza isti corab geyinib isti ayaqqabılarla gəzsəniz bu cür "qadın soyuqlamasından" qoruna bilərsiniz. Yayda da, qışda da sağlamlığınızın qeydinə qalın. İstilərə aldanıb heç yayda da nəm torpaqda və daşda oturmayın. Dənizdə, yaxud hovuzda çiməndən sonra yaş paltarları əyninizdə saxlamayın, dəyişin. Onu da bilin ki, sintetik alt paltarları və çox dar şalvarlar qadın sağlamlığına ciddi ziyan vurur. Onlar dərini nəfəs almağa qoymur, hava dövriyyəsinin qarşısını alır və zərərli bakteriyaların inkişafına münbit şərait yaradır. Təəssüf ki, gündə bir dəbin meydana gəldiyi dünyamızda indiyədək sağlam həyat tərzi üçün yaradılmış moda yoxdur.

Gözəl xanımlar, yaşınızdan asılı olmayaraq yuxu və istirahət rejiminizə əməl edin. Bilirəm, bu həmişə alınmır. Amma siz imkan daxilində cəhd edin. İmmun sisteminizi daim gücləndirin. Təmizliyi əldən qoymayın. İntim gigiyenanıza xüsusilə diqqət yetirin. Təmizkarlıq sizi qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərinə yoluxmaqdan və xəstələnməkdən qoruya bilər.

Söhbətimizin yekununda fibromiomalardan, həmçinin süd vəzinin mastopatiyasından qorunmaq istəyənlərə daha bir neçə yaddaqalan profilaktik məsləhətlər vermək fikrindəyəm. Şərtlər o qədər sadədir ki, onu hər kəs yerinə yetirə bilər.

* Əsasən meyvə-tərəvəzlə, dənli və bitki mənşəli qidalarla qidalanmağa çalışın.

* Hər gün, xüsusilə yay aylarında 2 litrədək maye qəbul edin.

* Bədən çəkinizə diqqət yetirin. Yadda saxlayın ki, artıq olan hər 10 kq çəki mioma riskini 20 % artırır.

* A, C, E vitamini və antioksidant təsirli mikroelementlər (selen, dəmir, sink, mis, maqnezium, yod) qəbul edin.

* Soyuqdəymədən qorunun. Orqanizmin soyuqlamasına izn verməyin.

* Unutmayın ki, şəxsi və intim gigiyenaya diqqət etmək vacibdir. Əks halda iltihabi proseslərlə qarşılaşa bilərsiniz.

* Dəb dəyişdikcə siz də onunla ayaqlaşmağa çalışırsınız. Amma bilin ki, tez-tez solyariyə getmək, həddindən artıq günəş vannaları qəbul etmək olmaz. Həmin hallarda günəş kremlərindən yerli-yerində istifadə edin.

* Sinir sisteminizi gücləndirməkçün tədbirlər görün: müntəzəm idman hərəkətləri edin, kontrast duş qəbul edin və s.

Bizə qulaq asın və xəstələnməyin. Gəlin sağlamlığınızı birlikdə qoruyaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...