Səhiyyə Nazirliyi: "Bir neçə özəl tibb müəssisəsi cəzalandırılıb"

Səhiyyə Nazirliyi: "Bir neçə özəl tibb müəssisəsi cəzalandırılıb"

Özəl tibb müəssisələri tərəfindən qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi öz nəzarətini gücləndirməkdə davam edir. Bu məqsədlə son dövrlərdə keçirilmiş yoxlamalar zamanı özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib və bir sıra şəxslər barəsində inzibati-məcburedici tədbirlər görülüb.

SİA-ya açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, əgər özəl klinikalarla bağlı narazılıqlar varsa, o zaman Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılır və hətta klinikaların fəaliyyəti dayandırılır: "Ciddi qanun pozuntularına yol verdiklərinə görə, "Bioloji Təbabət" MMC, "İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi", "İdeal Tibb Şirkəti" MMC və "Diaqnoz Tibb Şirkəti" MMC şirkətləri barəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb. Onu da deyim ki, özəl klinikalarda qiymətlərin baha olması ilə əlaqədar olaraq bizə çoxlu şikayətlər daxil olur. Təəssüf ki, qiymət məsələsi Səhiyyə Nazirliyinin səlahiyyətində deyil. Çünki Səhiyyə Nazirliyi heç bir özəl qurumların qiymət siyasətinə müdaxilə edə bilməz. Bir sözlə qanun buna imkan vermir".

Bildiririk ki, tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlərin və xidmətlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.03.2009-cu il tarixli 49 nömrəli Qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 1.3-cü maddəsinə əsasən, tibb fəaliyyəti üzrə şəxslərin məşğul ola biləcəyi işlər və xidmətlərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsində göstərilir. Buna baxmayaraq, bir sıra özəl tibb fəaliyyəti subyektləri qanunsuz olaraq xüsusi razılığın əlavəsində qeyd edilməyən işlər və xidmətləri göstərirlər.

Nəticədə, ciddi qanun pozuntularına yol verdiklərinə görə, "Bioloji Təbabət" MMC, "İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi", "İdeal Tibb Şirkəti" MMC və "Diaqnoz Tibb Şirkəti" MMC şirkətləri barəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.

Nəzərinizə çatdırırıq ki, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısı, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərin həyata keçirdiyi işlər və xidmətlər haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən (http://sehiyye.gov.az/sehiyyede_ozel_sektor.html) əldə etmək mümkündür.

Lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyinizi, bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altına qoymamağınızı tövsiyə edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə