Masallıda iki tibb məntəqəsi açılıb

Masallıda iki tibb məntəqəsi açılıb

Masallı rayonunda iki kənd xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olub. SİA-nın verdiyi məlumata görə, Boradigah qəsəbəsində və Kalinovka kəndində hər biri 15 çarpayılıq olan ikimərtəbəli xəstəxanalar yüksək standartlara uyğun təmir edilməklə yanaşı, xəstələrin profilaktikası və müalicəsi üçün müasir tibbi avadanlıqla təchiz olunub.

Səhiyyə ocaqları regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə uyğun olaraq tamamilə yenidən qurulub. Xəstəxanalarda ən son tibbi avadanlıqla təchiz olunan otaqlar, USM və rentgen aparatları, müasir laboratoriyalar, doğum şöbəsi və s. kənd əhalisinə yüksək xidmət göstərməyə imkan verir. Ümumilikdə 25 yaşayış məntəqəsinin 50 mindən çox sakininə xidmət göstərəcək sahə xəstəxanalarında ilkin tibbi yardım, peyvənd, stomatoloji, ultrasəs müayinə və digər kabinetlər fəaliyyət göstərəcək. Bundan sonra sakinlərin müalicə və müayinəsi üçün nə rayon mərkəzinə, nə də Bakıya getməsinə ehtiyacı qalmayacaq. Masallı şəhərindəki Mərkəzi Klinik Xəstəxananın təmir və təchizat işləri də yekunlaşmaq üzrədir. Bu tibb ocağının açılışından sonra masallılılara göstərilən xidmətin dairəsi əhəmiyyətli dərəcədə genişlənəcək. Xəstəxanada böyrək çatışmazlığından əziyyət çəkənlər üçün dializ mərkəzi açılacaq və bundan sonra xəstələr hemodializ üçün hazırda bu məqsədlə üz tutduqları Lənkərana və Cəlilabada getməli olmayacaqlar.

Açılışda iştirak edən səlahiyyətli şəxslər səhiyyə sahəsində müşahidə olunan bütün nailiyyətlərin ölkə rəhbərliyinin uğurlu sosialyönümlü siyasətinin nəticəsi olduğunu, bunun da heç şübhəsiz əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldildiyi vurğulanaraq göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə