Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Lənkəran və Masallı rayonlarına ezam olunub

Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Lənkəran və Masallı rayonlarına ezam olunub

Son vaxtlar iri buynuzlu mal qara arasında müşahidə olunan nodulyar dermatit virusu Cənub bölgəsi rayonlarında da müşahidə olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu virusun yayılmasının qarşısının alınması istiqamətində Dövlət Baytarıq Xidməti bütün rayonlarda, o cümlədən Masallı və Lənkəran rayonlarında qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlayıb. Xidmət əməkdaşları Masallı və Lənkəran rayonlarına ezam olunaraq yerli baytarlıq idarələrinin əməkdaşları ilə birgə xəstəliyə yoluxan heyvanlar arasında vaksinasiyaya və dezinfeksiya işlərinə başlayıb, heyvanlar çimizdirilib, onlara müxtəlif vitaminlər vurulub.

Eləcə də xidmət əməkdaşları xəstəlik qeydə alınan kəndlərdə dezinfeksiya, desinseksiya işləri aparmaqla, heyvanlarda simptomatik müalicə tədbirlərini davam etdiriblər. Xidmət əməkdaşlarının sözlərinə görə Nodulyar dermatit virus xəstəliyi baş verəndən bu günə kimi Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və xəstəliyə qarşı ciddi mübarizə aparılıb. Aparılan dezinfeksiya, dezinseksiya və simptomatik müalicə tədbirləri öz effektini verməkdədir. Artıq xəstəliyin dinamikasında kəskin azalmalar müşahidə edilir. Hazırda xidmət əməkdaşları xəstəlik qeydə alınan bölgələrdə monitorinqləri davam etdirir, xəstə heyvanların sağalması ilə əlaqədar dəqiqləşmələr aparırlar. Qeyd edək ki, xəstəliyin qarşısını almaq üçün Kənd Təsərrüfatı naziri cənab Heydər Əsədovun tapşırığına əsasən xəstəlik qeydə alınan bütün rayonlara kifayət qədər dərman preparatları göndərilib. Eyni zamanda rayon baytarlıq idarələrinə lazımi dərman preparatları və ləvazimatlar verilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə