İsrailin Hayfa Universitetində Azərbayan dili və Ədəbiyyatı Mərkəzi açılır FOTO

ADU və Hayfa Universiteti arasında anlaşma memorandumu imzalandı
İsrailin Hayfa Universitetində Azərbayan dili və Ədəbiyyatı Mərkəzi açılır FOTO

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İsrailin Hayfa Universitetinin nümayəndələrini qəbul edib. ADU-dan SİA-ya verilən məlumata görə, qonaqları salamlayan rektor, professor Səməd Seyidov onları ADU-da görməkdən məmnun olduğunu dilə gətirib. O, Azərbaycan və İsrail arasında olan əlaqələrdən danışaraq, iki ölkə arasında, nəinki siyasi sahədə, təhsil sahəsində də uğurlu əməkdaşlığın olduğunu qonaqların diqqətinə çatdırıb. Əməkdaşlığın yeni imkanlar açacağını deyən rektor, professor Səməd Seyidov əlaqələrin genişlənməsi üçün imzalanan müqavilənin əhəmiyyətini qeyd edib. ADU ilə İsrail arasında əlaqələrin inkişafında İsrailin Azərbaycanda fəaliyyət göstərən səfirliyinin xidmətindən danışan rektor səfirliyə təşəkkür edib. O, universitetdə İsrail və Yaxın Şərq araşdırmalar mərkəzinin fəaliyyət göstərdiyini və əlaqələrin genişlənməsində səfirliyin rolunu xüsusi vurğulayıb. O, bu mərkəzin gördüyü işlərin vacibliyindən söz açıb. Rektor Səməd Seyidov Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı Mərkəzinin açılmasını yüksək qiymətləndirib və bu mərkəzin fəaliyyətinə dəstəyin vacibliyini xüsusi vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən qonaqlar ADU-da olmaqdan məmnun olduqlarını bildiriblər və universitet əməkdaşlarını Hayfa Universiteti adından salamlayıblar. Onlar Hayfa universitetində Ezri mərkəzinin komandası olaraq bu sahədə Azərbaycanla-universitet və elmi mərkəzlərlə əlaqə qurmaqda maraqlı olduqlarını qeyd ediblər. Hayfa Universitetinin nümayəndəsi və Ezri mərkəzinin direktoru, professor Soli Şahvar İsraildə Azərbaycanşünaslıq mərkəzinin açılmasının universitet tərəfindən maraqla gözlənildiyini bildirib. O, mərkəzin bu ilin sonunda açılacağını qeyd edib. Professor Soli Şahvar mərkəzin qarşılıqlı fəaliyyətin ikitərəfli əməkdaşlığa yol açacağını sözlərinə əlavə edib. Azərbaycan Dillər Universiteti və digər universitetlər, eyni zamanda akademik mərkəzlər ilə bu cür əlaqələrin qurulması ikitərəfli elmi mübadilənin inkişafına yardım edəcəyini bildiriblər.

Görüşdən sonra Azərbaycan Dillər Universiteti və İsrailin Hayfa Universiteti arasında anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimində çıxış edən rektor Səməd Seyidov bu hadisəni tarixi hadisə adlandırıb. O, ölkələrin dil və mədəniyyətlərini Azərbaycana gətirməkdə ADU tərəfindən xüsusi missiyanın həyata keçirildiyini deyib və bunun nəticəsi kimi Azərbaycan mədəniyyətinin başqa ölkələrə aparılmasının və təbliğ olunmasının mühüm olduğunu qeyd edib. Rektor İsrail mərkəzinin açılışında İsrailin sabiq prezidenti Şimon Peresin səfərini və mərkəzin yenidən açılışı zamanı İsrail XİN başçısı A. Libermanın iştirak etdiyini xatırlatıb.

Rektor, professor Səməd Seyidov Hayfa universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını yeni atılan addım kimi yüksək qiymətləndirib. O, Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü fəlsəfənin dünya mədəniyyətlərini Azərbaycana və Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq olduğunu deyib. Rektor dünya dillərini təbliğ etməklə Azərbaycan mədəniyyətini xaricdə təbliğ olunmasının vacibliyini də önə çəkib. Rektor, professor Səməd Seyidov bu prioritet istiqamətin ADU-da həyata keçirildiyini və bunun Azərbaycan-İsrail əlaqələrinə böyük dəstək olduğunu bildirib. Rektor, professor Səməd Seyidov artıq Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı mərkəzinin açılmasını yüksək qiymətləndirdiyini bildirib və bunun mədəniyyət və təhsil əlaqələrini möhkəmləndirmək üçün ən gözəl dəstək olduğunu deyib. Bu istiqamətdə fəaliyyətin ikitərəfli, qarşılıqlı əlaqələr üçün geniş imkanlar açdığını sözlərinə əlavə edib.

Daha sonra çıxış edən Ezri mərkəzinin direktoru, professor Soli Şahvar müqavilə haqqında məlumat verib. O, Azərbaycanın tolerant bir ölkə kimi tanındığını və müxtəlif din və mədəniyyətlərin məkanı olduğunu vurğulayıb.

Qeyd edək ki, Anlaşma memorandumunda Hayfa Universiteti ilə Azərbaycan universitetləri arasında tələbə və müəllim mübadiləsi, Azərbaycan tələbələri üçün İsraildə, İsrail tələbələri üçün Azərbaycanda təhsil səyahətləri mübadiləsinin təşkili, tələbələrin təqaüd, qrant və tələbə təqaüdü ilə təmin olunması, Azərbaycan və İsrail alimlərinin tədqiqat proqramlarına, simpoziumlarına və konfranslarına qoşulmaq imkankı, mühazirəçilər üçün fondlardan müəyyən qrantların alınması, hər iki tərəfdə kitabxana kolleksiyasının artırılması üçün müxtəlif mənbələrlə (kitablar, materiallar və s) təmin olunması və mübadiləsi nəzərdə tutulub.

Qeyd edək ki, görüşdə Milli Məclisin deputatı Asim Mollazadə, Hayfa Universitetinin doktorantı Emil Abramoff da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə