Məktəblilərin 90 faizindən çoxu qızılca və məxmərəyə qarşı peyvənd olunub

Məktəblilərin 90 faizindən çoxu qızılca və məxmərəyə qarşı peyvənd olunub

Oktyabrın 14-dən başlayan immunlaşdırma həftəsi çərçivəsində indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Ağcabədi rayonlarında 11-15 yaş qruplarında məktəbli uşaqların 90 faizindən çoxu qızılca və məxmərəyə qarşı peyvənd olunub.

Bu barədə məlumat verən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, immunlaşdırma həftəsinin keçirilməsində məqsəd bu yaş qruplarında uşaqlarda qızılca və məxmərəyə qarşı immun sisteminin gücləndirilməsidir.

Onun sözlərinə görə, bu tədbirlər respublikanın digər rayonlarını da əhatə edir. Peyvənddən kənar qalan uşaqlar vaksinasiya edilir. "Təmizləyici immunlaşdırma" tədbirləri noyabrın 14-dək davam etdiriləcək.

A.Əliyeva qeyd edib ki, görülən tədbirlər nəticəsində 2006-cı ildən ölkəmizdə məxmərəyin kökü tamamilə kəsilib. Bu ilin ötən dövründə isə qızılcaya yoluxma halı qeydə alınmayıb.

Qeyd edək ki, respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində xüsusi profilaktika vasitələri ilə idarəolunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib. Son illərdə ölkəmizdə genişmiqyaslı tədbirlərin aparılması nəticəsində malyariyaya üzrə epidemioloji sabitliyə nail olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə