Son 7 il ərzində Azərbaycanda 600-ə yaxın yeni səhiyyə müəssisəsi və xəstəxana açılıb. SİA-nın xəbərinə görə, bu barədə səhiyyə nazirinin müavini Elsəvər Ağayev bu gün Bakıda "Iteca Caspian" və onun tərəfdaşı "ITE Group Plc" şirkətlərinin təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 20-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə - BIHE, 9-cu Azərbaycan Beynəlxalq Stomatologiya , 8-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb ("Beauty Azerbaijan 2014") sərgilərinin açılış mərasimində məlumat verib.
Nazir müavini bildirib ki, ölkədə fəaliyyət göstərən xəstəxanaların müasir avadanlıqlar və dərmanlarla təchiz edilməsində səhiyyə sərgilərinin rolu böyükdür.
Sərgi ilə bağlı danışan E. Ağayev qeyd edib ki, Azərbaycanda səhiyyə sərgisinin keçirilməsi artıq adət halını alıb: "Hər il onun iştirakçıların sayı daha da artır, Azərbaycan səhiyyəsi dünya səhiyyəsinə inteqrasiya edir. Builki sərgidə 17 ölkədən 147 şirkət iştirak edir. Ənənəvi olaraq səhiyyə sərgisi ilə yanaşı, artıq 9 ildir stomatologiya sərgisi, 8 ildir estetik tibb sərgiləri keçirilir".
Qeyd edək ki, sərgi sentyabrın 27-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB