“Ebola” virusu nədir və ondan necə qorunmaq lazımdır? MÜSAHİBƏ

“Ebola” virusu nədir və ondan necə qorunmaq lazımdır? MÜSAHİBƏ

V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, dosent Lalə Rüstəmovanın SİA-ya müsahibəsi:

- Lalə xanım, məlumdur ki, Ümumdünya Səhiyyə Təşkilatı "Ebola" virusunun yayılması və çox təhlükəli olması barədə xəbərdarlıq edib. Bu virus barədə ümumi məlumat vermənizi xahiş edirik...

- "Ebo" qızdırması inteksikasiya, qusma, nealgiya, qanaxmalar və yüksək ölüm faizi verən ağır virus xəstəliyidir. "Ebo" qızdırması hemorafik qızdırmaların bir növüdür. İlk dəfə 1976-cı ildə Afrikanın Qərbində Sudan və Zair (Konqo) ölkələrində epidemiya baş verdikdən sonra təyin edilib. "Ebo" orada çay adıdır. O çayın ətrafında olan bir ərazidə qeydə alındığı üçün "Ebo" qızdırması adlandırılıb. Bu virus antilopların, qorillaların, həmçinin uçan yarasaların orqanizmində daim yaşayır, çoxalır və burdan ətraf mühitə yayılır. İnsanlara bu virus məhz təbiətdən, yəni həmin heyvanların orqanizmindən xaric olunduqdan sonra damcı yolu ilə (yəni yuxarı tənəffüs yolları vasitəsi ilə) və dəridə müəyyən zədə yeri olduqda çox asanlıqla keçə bilir.

- Bu virusa yoluxan insanda hansı əlamətlər olur?

- Qana keçdikdən sonra virusun orqanizmdə imputasiya dövrü 4-6 gündür. Bu, gizli dövrüdür. Bundan sonra xəstəlik qəfldən çoxalır. Xəstələrdə güclü baş ağrısı, səpmə, qusma, qarında güclü ağrılar olur. Çox vaxt xəstəlikdə qripə bənzər əlamətlər olur - quru öskürək, döş qəfəsində göynədici, sancı verən ağrı. Xəstəliyin ikinci həftəsində dəridə səpkilər qeydə alınır və burunda, daxili orqanlarda, mədədə, uşaqlıqda çox güclü qanaxmalar baş verir. Xəstədə çox ağır dərəcəli susuzlaşma halı yaranır. Yəni orqanizm çoxlu maye itirir və üçüncü dördüncü dərəcəli susuzlaşma baş verir. Xəstələrdə ölüm adətən güclü qanaxma və şokdan olur.

- Bu xəstəliyin yoluxmasının qarşısını necə almaq olar?

- Xəstəliyin yayılmasında çox mühüm məqam var. Xəstə insan ilkin mərhələdə 3 həftəyə kimi qorxulu olur. Bu müddətdə xəstə yoluxdurucu olur və ətrafdakı insanları yoluxdurur. Bundan sonra zəncirvari olaraq davam edir. Həmin yoluxan insan da növbəti üç həftə ərzində digər insanları yoluxdura bilər. Ona görə də bu xəstəliyin profilaktikasında virusa qarşı əks epiderm tədbirlərin aparılmasında əsas üç istiqamət gözlənilməlidir. Birinci virusun xəstə heyvanlardan insanlara keçməsinin qarşısını almaqdır. Əhali həmin xəstəlik yayılan ərazidə ölmüş heyvanlar varsa, həmin heyvanların basdırılması zamanı çox ehtiyatlı olmalıdır. Həmin insanların bütün bədəni qoruyucu geyimlərdə olmalıdır. Çünki bu virusun kiçik bir zədə də olsa, qanla və başqa bioloji maddələrlə keçmək ehtimalı var. Qorunmanın 2-ci yolu insandan-insana keçməsinin qarşısının alınmasıdır. Bu məqsədlə ilk növbədə xəstəliyin klinik əlaməti aşkar edilsə və ya sonradan laborator təsdiq olunmuş xəstələr dərhal təcrid edilməlidir. Xəstənin fərdi əşyaları, şəxsi geyimi və hətta qulluq edən tibbi personalı belə ciddi nəzarət altında olmalıdır.

3-cü qorunma yolu tibbi personalın qorunmasıdır. Çünki, bu faktdır ki, xəstələrə qulluq edən, onları nəzarətdə saxlayan həkimlər, tibb bacıları və kiçik personal da, çox ciddi şəkildə bu virusa yoluxmaq təhlükəsi altındadır. Buna görə də, personalın çox ciddi sanitariya, epidemologiya rejiminə nəzarət etməsi mütləqdir.

Bununla yanaşı beynəlxalq səviyyədə aparılacaq əks epidemik tədbirlər mövcuddur. Çünki bu, Ümumdünya Səhiyyə Təşkilatının ciddi epidemoloji nəzarəti altında olan xəstəlikdir. Ona görə dünyanın hər hansı ölkəsində bu qızdırma halı qeyd edilərsə, dərhal Ümumdünya Səhiyyə Təşkilatı həmin ərazidə fövqəladə vəziyyət elan edir.

Azərbaycanda yoluxma halı yoxdur. Güman edirəm ki, beynəlxalq sanitariya qaydalarına ciddi əməl olunsa, virusun respublikamıza keçmək ehtimalı olmayacaq.

İlk növbədə həmin virus olan ölkələrdən gələn şəxslər çox ciddi epidemoloji nəzarətdə saxlanılmalıdır. Ehtiyac yoxdursa, həmin ölkələrə getmənin qarşısı alınmalıdır. Müəyyən ehtiyaclar olduqda orada işləyən və ölkəmizə gələnlər müntəzəm laborator müayinədən keçməlidir. Beynəlxalq sanitariya qaydalarına uyğun olaraq nəzarət həm hava, həm su, həm də quru yolla aparılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə