Lənkəranın səhiyyə işçiləri peşə bayramlarını qeyd ediblər

Lənkəranın səhiyyə işçiləri peşə bayramlarını qeyd ediblər

Lənkəranda tibb işçilərinin peşə bayramı bayram sevinci ilə qeyd edilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən rayon mərkəzi xəstəxanasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı xidmətlərindən söhbət açaraq hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov peşə bayramı münasibətilə bütün səhiyyə işçilərini təbrik etmiş onlara ən səmimi arzularını çatdırıb.

Bayram tədbirində çıxış edən Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzinin direktoru Malik Məmmədov, "Tərəqqi" medallı tibb işçisi Məmmədrahim Fərzullayev, ümumi terapiya şöbəsinin müdiri Siyasət Qasımov və başqaları 2013-cü il sentyabrın 5-də Lənkəran rayonuna tarixi səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş mərkəzi rayon xəstəxanasının açılışında iştirak etdiyinə, rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mərasimdə bir qrup tibb işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, maraqlı konsert proqramı ilə müşayiət olunan tədbir hamıya xoş ovqat bəxş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə