1 günlük uşaqlar üzərində ürək əməliyyatlarının sayı artmaqdadır

1 günlük uşaqlar üzərində ürək əməliyyatlarının sayı artmaqdadır

Son illər Azərbaycanda aparılan ürək qüsuru əməliyyatlarında yaş sərhədi 1 günə qədər düşmüş vəziyyətdədir". SİA-nın xəbərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov deyib ki, artıq Azərbaycanda 1 günlük uşaqlar üzərində ürək əməliyyatlarının sayı gündən-günə artır. Kardiocərrah deyib ki, buna baxmayaraq hər anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşağın erkən yaşda əməliyyat olmasına ehtiyac duyulmur.

R.Mahmudov əlavə edib ki, son dövrlər ölkədə anadangəlmə ürək qüsurlu xəstələrin sayı gündən-günə artır: "Amma bunun səbəbləri dəqiq məlum deyil. Məncə, ölkədə son illərdə səhiyyənin inkişafı və maddi-texniki bazanın yüksəlməsi, kadr potensialının artması ilə yanaşı bu xəstəliklərin diaqnozunun vaxtında qoyulması statistik olaraq problemlərin ortaya çıxmasını artırmaqdadır. 20 il əvvəl sadəcə ölkəmizdə deyil, dünyada da bu xəstəliyin müalicəsinin təşkilində çətinliklər vardı. Amma son illər dünyada olan yeniliklər, tibdə olan inkişaf, eləcə də bunların bərabər səviyyədə ölkəmizdə təşkili bu xəstəliklərin daha çox görünməsinə və bu hadisələrin getdikcə daha çox qloballaşmasına imkan yaradıb".

Mərkəz rəhbəri vurğulayıb ki, anadangəlmə ürək qüsurları artıq ana bətnində ikən aşkarlanır.

Onun sözlərinə görə, ölkədə perinatal diaqnostikanın gündən-günə inkişafı, hamilə qadınların sadəcə, ultrasonoqrafiya, exo-kardioqrafiya olunması ilə ailələrin uzun illər sonra xəbər tuta biləcəyi xəstəliklərin əvvəlcədən aşkarlanmasına şərait yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə