Bu gün Əziz Əliyev adına Azərbaycan dövlət Həkimləri Təkmilləşdirmə institutunda "Yaxın Avrasiya Afrika qulaq-burun-boğaz cəmiyyətinin (NERAS)" I beynəlxalq konqresi öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə yerli mütəxəssislərlə yanaşı Türkiyədən gələn həkimlər də iştirak edib.
İlk olaraq çıxış edən İnstitutun rektoru Nazim Qasımov cəmiyyətin 2011-ci ildə Ankarada yaradıldığını, Azərbaycanda bu vaxta qədər 500-dən çox səhiyyə obyektinin tikilərək istifadəyə verildiyini deyib: "Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən bir sıra islahatlar nəticəsində tibbimiz bu gün qonşu ölkələrlə inteqrasiya prosesindədir. Bu inteqrasiyanın nəticəsidir ki, Türkiyə ilə ölkəmiz arasında əməkdaşlıq daha da güclənib. Bunun nəticəsində də iki ölkə arasında səhiyyə sahəsində son 10 ildə 13 konqres keçirilib".
O həmçinin vurğulayıb ki, konqresin əsas məqsədi ölkəmizdə bu sahənin inkişafına töhfə vermək və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu Nazim Hüseynov bildirib ki, bu sahə son 10 il ərzində digər cərrahiyyə sahələri ilə müqayisədə ən çox inkişaf etmiş sahədir. O həmçinin Azərbaycanda qulaq-burun-boğaz sahəsi üzrə ən çox rast gəlinən xəstəliklər barədə də söz açıb. Onun sözlərinə görə, bu sahə üzrə ən çox müraciətlər yuxarı tənəffüs yolları xəstəlikləri ilə bağlı olur.
N. Hüseynov bu sahə üzrə aparılan əməliyyatlar barədə də məlumat verib: "Otorinolarinqologiya sahəsi üzrə endoskapik cərrahiyyə əməliyyatının köməkliyi ilə burun və burunətrafı ciplərin, qulaqda eşitmənin bərpası aparılır.
Türkiyə Qulaq-Burun-Boğaz Cəmiyyətinin sədri Metin Önerçi isə çıxışında qeyd edib ki, əsas istəkləri bu sahədə təhsilin təməlini möhkəmləndirməkdir.
Qeyd edək ki, 2 gün davam edəcək konqresin təşkilatçıları "Yaxın Avrasiya Afrika qulaq-burun-boğaz cəmiyyəti" və Azərbaycan Respublikası Səhiyyə nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutudur. Konqres öz işini bu sahənin müxtəlif problemlərini özündə ehtiva edən 6 panel və iclasla davam etdirib. İclaslarda Türkiyənin 13 ayrı elm müəssisəni təmsil edən mütəxəssislərlə yanaşı yerli mütəxəssislər də mühazirəçi qismində çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB