Tələbələr və Gənc Həkimlər üçün “I Beynəlxalq Tibb Konqresi”nin açılış mərasimi keçirilib

Tələbələr və Gənc Həkimlər üçün “I Beynəlxalq Tibb Konqresi”nin açılış mərasimi keçirilib

Azərbaycan Tibb Universitetində Tələbələr və Gənc Həkimlər üçün "I Beynəlxalq Tibb Konqresi"nin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən tədbirin açılış mərasimində əvvəlcə Azərbaycan himni səsləndirilib.

Azərbaycan dövlətinin müstəqillik tarixinə, inkişafına həsr olunmuş qısa filmin nümayişindən sonra Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov çıxış edib. Ə. Əmiraslanov Ümummilli lider, görkəmli siyasi-ictimai xadim Heydər Əliyevin təhsilə olan diqqət və qayğısından, onun rəhbərliyi dövründə səhiyyə sahəsinin qazandığı nailiyyətlərdən bəhs edib.

Akademik Ə. Əmiraslanov bunun ATU-nin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən ilk beynəlxalq konfrans olduğunu nəzərə çatdıraraq, konqresin işinə uğurlar arzulayıb. Sonra Tələbə Elmi Cəmiyyəti adından rektora təşəkkür plaketi təqdim olunub.

Konqresin qonaqlarından İstanbul Universitetinin professoru, Tibb Təhsili və Araşdırmaları Mərkəzinin rəhbəri professor Cavit Avci, Rusiyanın Tümen Universitetinin təmsilçisi professor Vitali Bıçkov da ölkəmizdəki təhsilin səviyyəsi ilə bağlı fikirlərini bölüşüblər.

ATU-nin tələbələrinin ifasında klassik musiqi nümunələri səslənib və fasilədən sonra konqres işinə start verib. Tədbirin ilk sessiyasında "Laproskopik üsulla yırtıqların müalicəsi", "Yoğun bağırsaqda bədxassəli şişlər", "2014-cü ildə ateroskleroz" kimi mövzularla əlaqədar mühazirələr səslənib.

Tələbələr və Gənc Həkimlər üçün "I Beynəlxalq Tibb Konqresi 2 gün davam edəcək. Bu tədbirə dünyanın bir çox ölkələrindən gənc həkimlər və tibb ixtisası üzrə təhsil alan tələbələr qatılıb. Toplantıda tibb sahəsində yeni nailiyyətlər, aparılan son tədqiqatlar haqqında məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə