Bakıda uşaq xəstəliklərinə aid beynəlxalq konfrans keçirilir

Bakıda uşaq xəstəliklərinə aid beynəlxalq konfrans keçirilir

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında "Pediatriyanın aktual problemləri"nə həsr olunan elmi-praktik konfrans və seminar işinə başlayıb. ATU-dan SİA-ya verilən xəbərə görə, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Pediatriya Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Konfransın açılışında ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Daha sonra seminarda amerikalı mütəxəssislər, professorlar Susan Vear, Cim Varpinski Tədris-Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev uşaqlarda talassemiya, astma və allergiya xəstəlikləri ilə bağlı məruzələr söyləyiblər. Konfransda həmçinin respublikamızın tanınmış pediatrları, Səhiyyə Nazirliyinin mütəxəssisləri, ATU-nun professorları Hüseyn Qabulov, Amalya Əyyubova, Zemfira Mirzəyeva və digərləri Azərbaycanda uşaq xəstəliklərinin aktuallığına dair çıxış ediblər.

Konfransda çıxış edənlər ölkəmizdə pediatriya sahəsində əldə olunmuş nailiyyətlərdən danışıblar. Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.

Aprelin 19-dək davam edəcək konfransda mövzu üzrə elmi məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə