Səbail rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir

Səbail rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profili yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır. Bu işlər Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda da geniş həyata keçirilir. Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorundan SİA-ya verilən məlumata görə, adıçəkilən rayonda 25 tibb müəssisəsi fəaliyyət göstərir ki, bunların da əksəriyəti əsaslı təmir olunub. Son iki il ərzində rayonda MTN-nin yeni hərbi hospitalı istifadəyə verilib, 1, 2, 15, 33 saylı şəhər poliklinikaları, 3 saylı Vərəm əleyhinə dispanser, 3 saylı Təcili Tibbi Yardım Stansiyası əsaslı təmir olunub, yeni 19 saylı Köməkçi Təcili Yardım Stansiyası açılıb, bura bütün zəruri avadanlıqlarla təchiz olunub.

Ölkə başçısının tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən respublikamızın bütün bölgələrində olduğu kimi Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıb. Bununla əlaqədar Səbail rayon icra hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmış və bu işlər davam etdirilir.

Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova bildirib ki, rayonda aparılan işlər İcra Hakimiyyətinin tam nəzarətindədir. Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə bütün vətəndaşlarımızın sağlamlığının dövlətimiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində mərkəzdəki 1 və 2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadalarının da təşkil olunmuşdur. Fevralın 17-dən etibarən artıq rayon üzrə 10 min nəfərdən çox insanın müayinələrdən keçməsi təmin olunub.

1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova rəhbərlik etdiyi tibb müəssisəsinin keçən il Dövlət Proqramına uyğun olaraq əsaslı təmir olunduğu və ən müasir tibbi avadanlıqlarla təchiz olunduğunu deyib. O bildirib ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilir.

Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılayıblar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq ediblər. Müayinədən keçən rayon sakini əməkdar artist Nübar Novruzova rayon sakinləri adından onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə