Cari həftədə BŞTTTYS-yə 1600-ə yaxın müraciət olub

Cari həftədə BŞTTTYS-yə 1600-ə yaxın müraciət olub

"Cari həftə ərzində stansiyamıza 1600-ə yaxın müraciət olub. Onlardan 134 nəfəri xəstəxanaya yerləşdirilib. 200- ə yaxın insana isə telefon vasitəsilə məsləhət verilib". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, BŞTTTYS qarlı və şaxtalı hava şəraitinə tam hazırdır: "Belə ki, stansiyamızın şəhərin hər bir ərazidə qış ayları üçün ayrılmış xüsusi təyinatlı maşınları var. Ötən gecə paytaxtda yaşanan 9 doğum hadisəsində, qanaxmaların və zəhərlənmələrin aradan qaldırılmasında bu maşınlardan istifadə olunub".

Zemfira Vahidova qeyd edib ki, ötən gecə 2 avtonəqliyyat hadisəsi baş verib: "İki avtomobilin toqquşması nəticəsində 2 nəfər xəstəxanaya yerləşdirilib. 1 nəfəri isə maşın vurub. Şəxs stansiyanın travmatologiya şöbəsinə yerləşdirilib"

"Sutka ərzində dəm qazından zəhərlənmələrlə bağlı 8 müraciət daxil olub. Onlardan nisbətən ağır vəziyyətdə olan 5 nəfər xəstəxanaya yerləşdirilib. 3 nəfərə isə stansiyamızın həkimləri tərəfindən yerindəcə yardım edilib. Yanvar ayı ərzində dəm qazından zəhərlənmələrin sayı həddindən artıq çox olub. Cari ayın 5-dən bu günədək stansiyamıza 289 müraciət daxil olub. Onlardan 203 nəfəri xəstəxanaya yerləşdirilib"- deyə, o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə