Azərbaycanda sümük sarkomalarının müalicəsində yenilik

Azərbaycanda sümük sarkomalarının müalicəsində yenilik

"Sümüklərin bədxassəli şişlərlə xəstələnmə göstəriciləri əhalinin hər 100.000 nəfərinə 1-3 arasında tərəddüd edir. Müxtəlif regionlarda şişlərin yayılmasında əhəmiyyətli fərq yoxdur. Xoşxassəli sümük şişlərinə birincili bədxassəli şişlərə nisbətən 2-3 dəfə az təsadüf edilir". SİA-nın məlumatına görə, bunu tibb üzrə elmlər doktoru Abuzər Qazıyev AMEA-nın bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bədxassəli şişlər arasında sümük sarkomalarının xüsusi çəkisi praktik olaraq dəyişmir və 1-2 faiz təşkil edir: "Sümüklərin bədxassəli şişlərinə kişilərdə qadınlara nisbətən 1, 5-2 dəfə çox təsadüf edilir. Sümük sarkomaları olan xəstələrin əksəriyyətinin yaşı 30-dan aşağı olur və yaşı 16-ya qədər olanlar xəstələnənlərin 25 faizini təşkil edir. Xoşxassəli sümük şişləri kişilər və qadınlar arasında bərabər yayılıb".

Abuzər Qazıyev onu da qeyd edib ki, Azərbaycanda sümük sarkomalarının (bədxassəli şiş) müalicəsində yeni texnologiyalardan istifadə olunacaq: "Sümük sarkomalarının müalicəsinin təkmilləşdirilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri nəticəsində bu xəstəliklərin müalicəsinə baxış kökündən dəyişib. Kompleks müalicə proqramında müasir onkologiyada ən mürəkkəb cərrahi əməliyyatlar hesab edilən iri oynaqların rezeksiyası və endoprotezləşdirilməsi, rotasian plastika, qalça-qarınarası ayırma, kürək-döşarası amputasiya və rezeksiya əməliyyatlarının və metastazvermənin qarşısını alan effektiv neoadyuvant kimyəvi terapiya rejimlərinin tətbiqi sayəsində bu şişlərin müalicəsinin nəticələri xeyli yaxşılaşıb. Nəticədə sümük sarkomaları olan xəstələrdə həm zədələnmiş sümüyün geniş seqmentar rezeksiyası və oynağın endoprotezləşdirilməsi həcmində saxlayıcı operasiyaların mümkünlüyünü sübut edildi, həm də metaztazsız yaşama müddətinin perspektivləri açıldı".

Bütün xəbərlər Facebook səhifəmizdə