DSMF-də qanvermə aksiyası keçirilib

DSMF-də qanvermə aksiyası keçirilib

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturlarında könüllü qanvermə aksiyasına başlanılıb. DSMF-nin mətbuat xidmətində SİA-ya verilən məlumata görə, bu gün ilkin olaraq DSMF-nin Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib. Növbəti günlərdə bu aksiya Fondun yerli şöbələrində də həyata keçiriləcək. DSMF-nin Mərkəzi Aparatında baş tutan aksiyada Fondun əməkdaşları yüksək fəallıq nümayiş etdiriblər. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirərək, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər. Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası tədbirləri çərçivəsində ölkəmizdə genişmiqyaslı qanvermə aksiyaları həyata keçirilir. Bu xeyirxah təşəbbüsə qoşulan Heydər Əliyev Fondu Azərbaycanda qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı məqsədi ilə mühüm layihələr reallaşdırır. Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun əməkdaşları götürülən qan nümunələrinin laboratoriyada müayinə edildikdən sonra onlardan talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə ediləcəyini nəzərə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə