"Ölkə başçısının apardığı sosial yönümlü siyasətin ən bariz nümunələrindən biri məhz səhiyyənin inkişafıdır" Müsahibə
SİA səhiyyə naziri Oqtay Şirəliyevin yap.org.az saytına verdiyi müsahibəni təqdim edir:
- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf yolundadır. Hazırda bütün sahələr üzrə çox ciddi, əhəmiyyətli nailiyyətlər əldə olunmaqdadır. Bu baxımdan, səhiyyə sahəsində qazanılan uğurlar barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sonsuz qayğı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyat və sosial sferanın bütün sahələrində iri həcmli tədbirlər həyata keçirilir. Ölkə başçısının apardığı sosial yönümlü siyasətin ən bariz nümunələrindən biri məhz səhiyyənin inkişafıdır. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə bu sahədə çox əhəmiyyətli qanunvericilik aktları, dövlət proqramları və digər mühüm sənədlər qəbul edilib. Son illər ərzində səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilib. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradıb və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub.
Səhiyyəmizin inkişafında son illər əldə edilən dinamik inkişaf tendensiyası 2012-ci ildə də davam etdirilib, bu da öz növbəsində tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün zəmin yaradıb. Belə ki, son 10 ilin müqayisəsi göstərir ki, doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 17,4-ə qalxıb, ölüm isə 6-dan 5,3-ə düşüb. Təbii artım 7,9-dan 12,1-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hazırda təxminən 660 milyon manat təşkil edir. Büdcə vəsaitlərin artırılması və investisiya fondundan ayrılan vəsait respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunan yeni tibb mərkəzlərinin yaradılmasına imkan verib.
Azərbaycan Respublikası Prezidentinin Respublikada sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən məlum Fərmanları səhiyyənin inkişafına böyük təkan verib və geniş imkanlar yaradıb. Son 10 il ərzində ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılıb. Onlardan təxminən 70%-i regionların payına düşür.
Bunların arasında Milli Onkologiya Mərkəzi, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Respublika Perinatal Mərkəzi, Akademik M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, Kliniki Tibbi Mərkəz, Respublika Klinik Uşaq Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası və digər iri obyektlər də var. Təkcə 2012-ci il ərzində 76 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Bunlardan 40-ı Bakı şəhərində, 36-ı isə regionlarda yerləşən səhiyyə müəssisəsidir. 24 tibb müəssisəsində (13-Bakı, 11-rayon) təmir işləri başa çatdırılıb və onlar istifadəyə verilib. İri səhiyyə ocaqlarının əksəriyyətinin açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak edib.
- Qeyd etdiniz ki, son illər xeyli sayda tibb ocaqları tikilib istifadəyə verilib, əsaslı təmir olunaraq müasir tələblərə cavab verməsi təmin olunub. Yeni tibb müəssisələrinin tikintisi ilə yanaşı onların şəbəkəsində və strukturunda hansı islahatlar aparılıb?
- Yeni tibb müəssisələrinin tikintisi ilə bərabər onların şəbəkəsində və strukturunda geniş islahatlar aparılıb. Maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə tam gücü ilə işləməyən, özünü doğrultmayan, binaları yararsız vəziyyətdə olan, əhaliyə tibbi yardımın göstərilməsində elə bir rolu olmayan tibb müəssisələrinin bir hissəsinin ixtisar edilməsi, çarpayı fondunun azaldılması və strukturunun optimallaşdırılması sahəsində islahatlar əsasən başa çatdırılıb. Aparılan islahatlar nəticəsində respublika üzrə çarpayı fondu orta hesabla 50% və ya 30 600 çarpayı ixtisar edilib (67400-dən 36200-dək) və 300-ə yaxın (40%) stasionar müəssisə bağlanıb. Tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, struktur islahatları ilə bərabər onların ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatı istiqamətində də köklü dəyişikliklər edilib. Belə ki, 2005-ci ildən başlayaraq Səhiyyə Nazirliyinin müvafiq əmri ilə stasionar müəssisələrin, eləcə də ambulator xəstələrin dərman preparatları ilə təmin olunması üzrə zəmanətli paket hazırlanaraq təsdiq olunub. Sonrakı illərdə bu paketə daxil olan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısı genişləndirilərək, 60-dan 166-ya çatdırılıb.
Büdcə vəsaitlərinin daha səmərəli istifadə edilməsinə nəzarətin təmin edilməsi, eləcə də səhiyyə resurslarının kooperasiyası məqsədilə 2008-ci ildən Bakı şəhəri üzrə 17 mərkəzləşdirilən təchizat məntəqəsi yaradılıb ki, bunlar Bakının bütün xəstəxanaların dərman və ərzaqla təchizatını mərkəzləşdirilən qaydada həyata keçirirlər. Aparılan tədbirlər, yəni tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı, dərman, sarğı materialları və ərzaqla təminatının yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində xəstəxana çarpayılarının işinin səmərəsi artıb. Əgər 2003-ci ildə hər çarpayı il ərzində 82 gün işləyibsə, 2012-ci ildə bu rəqəm 244,3-ə bərabər olub. Beləliklə, bu illər ərzində çarpayıların məşğulluq göstəricisi təxminən 3 dəfə artıb. Ambulator-poliklinika müəssisələrinə müraciətlər də 65% çoxalıb.
Tibb müəssisələrinə olan müraciətlərinin çoxalması səhiyyəyə olan inamın, xüsusilə əhalinin öz sağlamlığına olan münasibətinin müsbət tərəfə dəyişməsinin nəticəsidir. Məhz bu baxımdan Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini rəhbər tutaraq Səhiyyə Nazirliyi tərəfindən "Sağlam həyat uğrunda" devizi altında 2012-ci ilin dekabr ayında həyata keçirilən sağlamlıq ayı xəstəliklərin profilaktikası istiqamətdə atılan uğurlu addımlardandır. Bütün elmi-tədqiqat institutlarının, aparıcı tibb müəssisələrinin mütəxəssislərindən ibarət briqadalar yaradılaraq bu genişmiqyaslı aksiyaya cəlb olunublar. Profilaktik müayinələri aparan tibb müəssisələri əlavə olaraq lazımi avadanlıq və reaktivlərlə təmin olunublar.
Respublikanın bütün şəhər və rayonları bu müayinələrlə əhatə olunub. Sağlamlıq ayı ərzində 3 milyondan artıq müayinə aparılıb. Aşkar olunan xəstələr müvafiq müalicəyə cəlb olunublar. Belə aksiyaların gələcəkdə də keçirilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, əsaslı təmir və yenidənqurma işlərindən sonra Elmi Cərrahiyyə Mərkəzində 2011-ci ilin mart ayından açıq ürək əməliyyatlarının icrasına başlanılıb. Keçən dövr ərzində Mərkəzdə böyüklər və uşaqlar üzərində 700-ə yaxın əməliyyat həyata keçirilib. Fərəhləndirici haldır ki, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisədə böyrəkköçürmə əməliyyatlarına başlanılıb. Artıq 14 belə əməliyyat icra edilib.
- Məlumdur ki, müxtəlif sahələrin inkişaf və tərəqqisində həyata keçirilən dövlət proqramları da əhəmiyyətli rol oynayır. Bu mənada səhiyyə ilə əlaqədar da icra olunan proqramlar xüsusi vurğulanmalıdır. Hazırda bu sahədə hansı proqramlar icra olunur?
- Əlbəttə ki, səhiyyənin inkişafında bu sahədə qəbul edilmiş Dövlət Proqramlarının xüsusi rolu olub. 2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunub və hazırda da onların həyata keçirilməsi uğurla davam etdirilir. Ümumilikdə proqramların icrasına bu illər ərzində 387,7 milyon manat vəsait sərf olunub. Proqramların əhatə etdiyi sahələr üzrə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və digər xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılıb, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Nəticədə bu xidmət növlərinin keyfiyyətini xarakterizə edən göstəricilərdə nəzərəçarpacaq müsbət dinamikaya nail olunub. Belə ki, şəkərli diabet proqramı çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artıb və 180 minə çatıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.
"Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı" qəbul edildikdən sonra bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq irəliləyiş əldə olunub. Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılıb. Milli Onkoloji Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Bu Mərkəzin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş yeni korpusunun tikintisi də başa çatdırılaraq istifadəyə verilib. Dövlət Proqramının icrasına başlandıqdan sonra onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatında uzun illərdən bəri mövcud olan problem əsasən aradan qaldırılıb. Belə ki, 2006-2008-ci illərdə onkoloji xəstələr üçün müvafiq olaraq 14, 27, 37 adda kimya terapiyası dərmanları alınmışdısa, 2012-ci ildə bunların sayı 46-yə çatdırılıb. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşıb və bununla bərabər bu xəstəlikdən ölüm göstəricisi hər 100 min nəfərə 62,1-dən 59-a enib.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Bu problem də ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində öz həllini tapdı. Hər il respublikanin bölgələrində yeni mərkəzlər açılır. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 27, o cümlədən regionlarda 20 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.
Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramının, həmçinin yenidoğulanların "Elektron sağlamlıq kartları" ilə təmin edilməsi, "Yoluxucu xəstəliklərinin immunoprofilaktikası" proqramlarının ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olub. Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla respublikada yeddi perinatal mərkəzin yaradılması, Respublika Uşaq Xəstəxanasının, Bakı şəhəri 2 və 3 nömrəli klinik uşaq xəstəxanalarının, Uşaq Nevroloji Xəstəxanasının əsaslı təmiri, bərpası və yeni avadanlıqlarla təchiz olunması, Uşaq Onkologiya və Uşaq Kardiocərrahiyyə mərkəzlərinin, Elmi-Tədqiqat Pediatriya İnstitutunun nəzdində Uşaq Konsultasiya Mərkəzinin, erkən yaşlı uşaqların cərrahiyyə şöbəsinin, uşaq hematologiya şöbəsinin yaradılması, bir çox rayonlarda yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması bu sahəyə göstərilən xüsusi qayğının nümunəsidir.
Son bir neçə il ərzində Bakı şəhərində yerləşən bütün uşaq poliklinikaları əsaslı təmir edilərək müasir tibb avadanlığı ilə təmin olunublar. Respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Əgər 2003-cü ildə respublikada körpə ölümü göstəricisi 16,7 promilli idisə, 2012-ci ildə bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2012-ci ildə 14,9-a enib.
Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Qan xidməti sahəsində köklü dəyişiklərə təkan verən dövlət proqramı qəbul olunub, qan xidməti müəssisələrinin şəbəkəsinin optillaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşir. 2003-cü ildə 6,8 ton qan tədarük edilmişdirsə, 2012-ci ildə bu rəqəm 25,9 tona çatıb. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir. Xidmətin müstəsna əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə 2012-ci ilin yanvar ayının 1-dən qan xidmətində çalışan işçilərin maaşları 2 dəfə artırılıb.
- Bəs Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin profilaktikası sahəsində həyata keçirdiyi tədbirlər sayəsində nə kimi nəticələr qazanılır?
- Qeyd edim ki, bu sahədə həyata keçirdiyimiz məqsədyönlü tədbirlər nəticəsində nəzərəçarpacaq nailiyyətlər əldə edilib. Bu xəstəliklərin profilaktikası işində uşaqların müasir təqvim əsasında vaxtında peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda, uşaqların yoluxucu xəstəlikdən qorunması üçün, inkişaf edən Avropa ölkələrində olduğu kimi 10 xəstəliyə qarşı peyvənd edilir. Yaxın zamanlarda pnevmoniya xəstəliyinə qarşı da peyvəndin tətbiq edilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, 4 yoluxucu xəstəliyə qarşı peyvənd məhz son 10 ildə tətbiq edilib. Respublika üzrə peyvənd planı hər il təxminən 96-98% yerinə yetirilir. 2003-cü ildən başlayaraq, immunoprofilaktika proqramının maliyyələşdirilməsi respublika büdcəsindən aparılır. Bütün vaksin preparatları və şprislər Səhiyyə Nazirliyi tərəfindən alınaraq respublikanın şəhər və rayonlarının tibb müəssisələrinə göndərilir.
Respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq bu xəstəlikdən azad diyara çevrilib və bu statusu şərəflə saxlamaqdadır. Xüsusi profilaktika vasitələri ilə idarəolunan digər xəstəliklər üzrə də yüksək nailiyyətlər qazanılıb. Belə ki, qızılca xəstəliyi 2003-cü ildə 1955, məxmərək 1051 hadisə olduğu halda 2008-ci ildən bu xəstəliklər qeydə alınmamış, epidemik parotit 2003-cü illə müqayisədə təxminən 6,5 dəfə azalıb. Difteriya xəstəliyi 2010-cu ildən qeydə alınmır. Digər xəstəliklər sporadik hallarda qeyd edilir.
Son illərdə ölkədə genişmiqyaslı əksepidemik tədbirlərin aparılması nəticəsində malyariyaya görə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşaraq, epidemioloji sabitliyə nail olunub və hazırda bu xəstəliklə xəstələnmə hallarına tək-tək hallarda təsadüf edilir. 2006-cı və 2009-cü illərdə dünyanın bir çox ölkələrində yayılmış A/H5N1 virusu (quş qripi) və A/H1N1 virusu ilə (donuz qripi) yoluxma halları ölkəmizdə də qeyd olunub. Lakin Səhiyyə Nazirliyi tərəfindən aparılan məqsədyönlü profilaktik və əksepidemik tədbirlər nəticəsində xəstəlik ocaqları qısa müddətdə lokallaşdırılıb və ləğv edilib.
Respublikada vərəmlə mübarizə sahəsində də əhəmiyyətli işlər görülür. Vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya qəbul edilib. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Nazirlik tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Vərəmin multirezistent formaları ilə xəstələrin müalicəsi üçün Bakı şəhərində xüsusiləşdirilən xəstəxana istifadəyə verilib. Bundan əlavə respublikanın şəhər və rayonlarında da vərəm xəstəxanalarının tikintisi və təmiri həyata keçirilib, onların nəzdində mikrobioloji laboratoriyalar fəaliyyətə başlayıb. Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılan Milli Referens Laboratoriyası 2010-cu ildən tam gücü ilə fəaliyyət göstərir və Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını alıb. Bu laboratoriyada respublikanın bütün şəhər və rayonlarından mərkəzləşdirilən qaydada gətirilən bəlğəm nümunələrin bakterioloji müayinəsi təşkil edilib.
Vərəmin diaqnostikasının yaxşılaşdırılması, vərəmin multirezistent formalı xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunub. Bununla yanaşı bu xəstəlikdən ölüm göstəricisi hər 100 min nəfərə 2003-cü ildə 10,1-dən 2012-ci ildə 4-ə enib. Onu da qeyd edim ki, nəqliyyat vasitələrinin sayının çoxalması, avtomobil yollarında hərəkətin intensivliyinin artması nəticəsində son illərdə yol-nəqliyyat hadisələrinin, bu hadisələr zamanı ağır travmaların və ölüm hallarının sayı durmadan artır. Yollarda avtomobil qəzaları zamanı zərərçəkmişlərə tibbi yardımın vaxtında göstərilməsi, bununla da ölüm hallarının və travmadan sonrakı şikəstliyin azaldılması məqsədi ilə Nazirliyin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsi yaradılıb və hazırda onlar uğurla fəaliyyət göstərirlər. Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi ilə bu xidmətin avtomobil parkı yeniləşdirilib. Bu illər ərzində tibbi avadanlıqla təchiz edilən 350 ədəd "Mersedes" markalı avtomaşın alınaraq xidmətin istifadəsinə verilib. Ümumiyyətlə, son 10 il ərzində tibb müəssisələrinə 800-dən artıq xüsusiləşdirilmiş avtomaşın alınıb, Bakı, Naxçıvan MR və respublikanın şəhər və rayonlarına paylanılıb. Ölkə Prezidentinin Sərəncamına əsasən, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində çalışan işçilərin vəzifə maaşları 2 dəfə artırılıb.
- Əczaçılıq sahəsində də yeniliklər varmı? Eləcə də, nazirlik ölkəmizdə fəaliyyət göstərən özəl tibb müəssisələrinin işinin keyfiyyətinə necə nəzarət edir?
- Son illərdə əczaçılıq sahəsində də müsbət dəyişikliklər baş verib. Dövlət başçısı cənab İlham Əliyev 2005-ci ilin yekunlarına dair müşavirədə dərmanların keyfiyyətinə nəzarət və saxta dərmanlarla mübarizə məsələsini ölkə səhiyyəsi qarşısında duran ən vacib vəzifələrdən biri kimi səciyyələndirib, saxta dərmanların ölkəyə gətirilməsinin geniş vüsət aldığını bildirib, bu saxtakarlığın insan sağlamlığına vurduğu ziyanı nəzərə alaraq, belə dərmanların idxalının qarşısının alınması məsələsini ciddi nəzarətə götürmək barədə tapşırıq vermişdi. Bu istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi məqsədilə Səhiyyə Nazirliyinin strukturunda İnnovasiya və Təchizat Mərkəzi və Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi yaradılıb. Son 10 ildə qeydiyyatsız dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində xeyli işlər görülüb. Bu günədək 4531 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb və dərman vasitələrinin dövlət reyestrinə daxil edilib. Əczaçılıq fəaliyyəti göstərən müəssisələrə və satılan dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilib. Bununla əlaqədar respublikada fəaliyyət göstərən apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbir görülür.
Qanunsuz fəaliyyət göstərən və ya müvafiq tələblərə cavab verməyən 400-ə yaxın aptekin fəaliyyəti dayandırılıb. Keçirilən reydlər zamanı istifadəyə yararsız 100 min qutuya yaxın dərman preparatları aşkar olunaraq müsadirə edilib və müvafiq qaydada məhv edilib.
Səhiyyəmizin tərkib hissəsi olan özəl səhiyyə strukturlarının fəaliyyəti də nazirliyin diqqət mərkəzində olub. Hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 900-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır. Səhiyyə Nazirliyində özəl tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə mütəmadi olaraq müşavirələr keçirilir və özəl fəaliyyətlə bağlı məsələlər geniş müzakirə edilir. Fəaliyyətini mövcud tələblərə uyğun qurmayan müəssisələrə qarşı əsaslı iradlar bildirilir və müvafiq tədbirlər görülür.
- Səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatlarıdır. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı...
- Nazirlik tərəfindən son illər ərzində bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu baxımdan, çox vacib və mühüm məsələlərdən biri - ölkəmizdə istifadə olunan həkim ixtisaslarını dünyanın inkişaf edən ölkələrində qəbul olunan reyestrə və "Təhsil haqqında" Qanununa uyğunlaşdırmaqdır. Bununla bağlı Səhiyyə Nazirliyi müəssisələrdə istifadə olunan həkim ixtisaslarının yeni siyahısını hazırlanıb. Yeni siyahıya 40 ixtisas daxildir və bu ixtisaslara uyğun olaraq səhiyyə müəssisələrində çalışan mütəxəssislərin vəzifələrinin nomenklaturası təsdiq edilib.
Eyni zamanda, əhalinin tibbi kadrlarla və çarpayılarla təminatının say hədləri müəyyənləşdirilib. Azərbaycan Tibb Universitetinə və orta tibb təhsili müəssisələrinə tələbə qəbulu həkim və orta tibb işçilərinə olan tələbat nəzərə alınaraq universitetə qəbul planı 1150 nəfərdən 950-ə qədər azaldılıb. Tibb kolleclərinə isə qəbul 2867-dən 1588-ə və ya təxminən 1,8 dəfə endirilib. Bununla yanaşı, özəl ali və orta məktəblərində tədris prosesinin müəyyən olunan standartlara cavab vermədiyini nəzərə alaraq, 2006-cı ildən bu müəssisələrin tibb fakültələrinə qəbul dayandırılıb. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2011-ci ildə respublikanın tibb təhsili sistemində köklü dəyişikliklər edilib. Belə ki, diploma qədər tibb təhsilində tədris artıq yeni qəbul olunan dövlət standartları üzrə, beynəlxalq təhsil prinsiplərinə uyğun kredit sisteminin tətbiqi ilə aparılır. Eyni zamanda, sözügedən qanuna uyğun olaraq, respublikada 2011-ci ildə ilk dəfə olaraq həkimlərin ixtisaslar üzrə hazırlığı dünyanın əksər ölkələrin tibb təhsil sistemində qəbul olunmuş rezidentura vasitəsi ilə həyata keçirilir. Qəbul planına uyğun olaraq 2011-ci ildə 300, 2012-ci ildə isə 500 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunublar.
2011-ci ilin yanvar ayından tibb işçilərinin bütün dünyada qəbul edilən sertifikasiyasının həyata keçirilməsinə başlanılıb. Artıq bu günə kimi 7 mindən artıq həkim və 4,5 mindən artıq orta tibb işçisi sertifikasiyadan keçib. Gənc mütəxəssislərin respublikadan kənarda təkmilləşdirmə kurslarından keçməsi proqramı çərçivəsində 2009-2012-ci illər ərzində səhiyyənin müxtəlif sahələri üzrə 451 həkim və orta tibb işçisi xarici ölkələrinin (Türkiyə, Rusiya, Almaniya, Polşa, Misir) qabaqcıl klinikalarında 3-6 aylıq ixtisasartırma kursları keçib. Eyni zamanda, həkimlər üçün şüa diaqnostikası, qastroenterologiya, kardiologiya, nefrologiya və s. ixtisaslar üzrə xaricdən dəvət olunan aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda ixtisasartırma kursları təşkil olunub və həmin kurslarda 1363 mütəxəssis öz təcrübi biliklərini artırıb.
Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə yanaşı 11 elmi-tədqiqat institutu və mərkəzləri fəaliyyət göstərir. Bu böyük elmi potensiala malik olan elmi müəssisələrdə hazırda 2700 yaxın elmi işçi və müəllim heyəti, o cümlədən 12 nəfər Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 171 professor, 261 tibb elmləri doktoru, 1237 tibb elmlər namizədi fəaliyyət göstərir. Son 10 il ərzində səhiyyə sahəsində 120-dən artıq tibb elmləri doktorluğu və 600-dən artıq tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib. Tibb işçilərinin əməyinin stimullaşdırılması vacib faktorlardan biridir. Respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ərzində mütəmadi olaraq onların əmək haqları artırılır. 2003-cü ildən etibarən tibb işçilərinin maaşlarının artırılması barədə 12 müvafiq qərarlar qəbul olunub. Bu illər ərzində bir çox tibb işçisi dövlət tərəfindən müxtəlif mükafatlara və fəxri adlara layiq görülüblər, o cümlədən 10 nəfər orden, 136 nəfərə "Tərəqqi" medalı, 58 nəfərə əməkdar elm xadimi və əməkdar müəllim, 164 nəfərə "Əməkdar həkim" fəxri adı verilib.
Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülüb. İnformasiya texnologiya infrastrukturunun inkişaf etdirilməsi və yeni texnologiyalarının, eyni zamanda elektron proqramlarının tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması nazirliyin prioritet istiqamətlərdən biri olub. Bu məqsədlə vahid səhiyyə informasiya mühitinin formalaşdırılması, tətbiq edilməsi, digər informasiya sistemləri və məlumat bazaları ilə əlaqələrin təşkil edilməsi məsələləri üzrə fəaliyyəti həyata keçirmək üçün Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi yaradılıb.
"Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində "Vətəndaşların elektron sağlamlıq kartı" sistemi yaradılaraq fəaliyyətə başlayıb. Hazırda müxtəlif xəstəliklər üzrə 10-a yaxın registr, yoluxucu xəstəliklərin elektron müşahidə sistemi, dərman maddələrinin dövriyyəsi, təcili tibbi yardım stansiyasının dispetçer xidməti və s. sahələrdə elektron proqramlar istifadə olunur. Tibbi kadrlar barədə elektron bazanın yaradılması istiqamətində böyük işlər aparılıb. Tibb kadrların vahid registri, işə qəbul üzrə elektron əmr sistemi, tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün e-müraciət və sənədlərin qəbulu, xarici ölkələrdə ali və orta ixtisas təhsili alıb, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üzrə elektron proqramlar fəaliyyət göstərir. Səhiyyə sahəsində elektron xidmətlərinin genişləndirilməsi istiqamətində də işlər aparılır. Səhiyyə Nazirliyi tərəfindən 38 elektron xidmətin göstərilməsi nəzərdə tutulub. Hazırda nazirliyin rəsmi internet səhifəsində "Elektron xidmətlər" bölməsi yaradılıb və 11 elektron xidmət artıq fəaliyyət göstərir.
- Azərbaycan dövlətinin dünyada nüfuzu daha da artmaqdadır və bir çox ölkələr Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələrin genişləndirilməsinə maraq göstərirlər. Bu mənada, səhiyyə sahəsində beynəlxalq əlaqələrimizi necə dəyərləndirmək olar?
- Ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır, əlaqələri genişlənir və səhiyyəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Səhiyyə sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların idarəedici orqanlarında Azərbaycan təmsil olunub. Belə ki, 2005-2009-cü illərdə və 2012-2015 ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı Avropa üzrə Regional Komitəsinin 2009-cu ildə Kopenhagendə keçilən 59-cu sessiyasında Azərbaycan Daimi Komitəyə üzv seçilib. Səhiyyəmizin indiki inkişafı haqqında həqiqətlər 2011-ci ildə Nyu-Yorkda keçirilən BMT-nin qeyri infeksion xəstəliklərə qarşı qlobal mübarizəyə həsr olunan tədbirində həm ÜST Baş Direktorunun, həm də ÜST Avropa Regional Bürosunun Direktorunun nitqində səslənib.
Beynəlxalq əməkdaşlıqda digər istiqamət ikitərəfli əlaqələridir ki, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İtaliya, Rumıniya və Litva ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalanaraq qüvvəyə minmişdir. Almaniya, Türkiyə, Avstriya, Rusiya, Çexiya, İsveçrə və digər ölkələrlə tibb mütəxəssislərinin diplomdan sonrakı hazırlığı, tibbi texnologiyalar və əczaçılıq sahəsində məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Əlamətdar bir hadisə kimi qeyd etmək lazımdır ki, ÜST-nın Avropa üzrə Regional Komitəsinin 61-ci Sessiyası 12-15 sentyabr 2011-ci il tarixlərdə Bakıda yüksək səviyyədə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB