İmmunlaşdırma Həftəsi başlanır

İmmunlaşdırma Həftəsi başlanır

22-27 aprel 2013-cü ilin tarixlərində Azərbaycanda İmmunlaşdırma Həftəsi keçiriləcək. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, immunlaşdırma həftəsi Bakı və bütün bölgələri əhatə edəcək. 2007-ci ildən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsinin keçirməsi təşəbbüsündə iştirak edir. Azərbaycanda həyata keçirilən immunlaşdırma həftəsinin əsas məqsədləri planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması, pnevmokok əleyhinə vaksinlərin immunlaşdırma proqramında tətbiqi ilə bu infeksiya tərəfindən törədilən uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılması, qızılca, məxmərək xəstəliklərinin eliminasiyası naminə nəzarətin gücləndirilməsi və qızılca, məxmərək, parotitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsidir.

İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir ərazi tibb müəssisə tərəfindən təmin ediləcək.

Məlumat üçün bildirək ki, immunlaşdırma həftəsi çərçivəsində Azərbaycanda bir sıra tədbirlər keçiriləcək. 23 aprel 2013-cü il tarixində Elmi-Tədqiqat Pediatriya İnstitutunda Pnevmokok infeksiyasına qarşı peyvəndin Azərbaycan Respublikasının İmmunlaşdırma Proqramında tətbiqinin hazırlığına həsr olunmuş konfrans keçiriləcəkdir. Tədbirdə (ÜST) Avropa Regional Bürosunun vaksinlə qarşısı alınan xəstəliklər və immunlaşdırma proqramının eksperti Dr. Ludmila Mosina da iştirak edəcəkdir.

Qeyd edək ki, 2013-cü ildə Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsünə ÜST-nın Avropa Regionunun üzvü olan bütün 53 dövlət qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə