"Son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artıb. Ölkəmizdə müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib". SİA-nın məlumatına görə, bunu Səhiyyə naziri Oqtay Şirəliyev aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı söyləyib.
Səhiyyə nazirinin sözlərinə görə, təkcə 2012-ci ildə 38 tibb müəssisəsi fəaliyyətə başlayıb: "Hazırda 69 səhiyyə obyektində təmir-tikinti işləri aparılır. Onlardan 50-nin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına indi Bakı Sağlamlıq Mərkəzində, Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında, Abşeron, Ağcabədi, Ağsu, Cəlilabad, Yevlax, Astara və Lənkəran mərkəzi rayon xəstəxanalarında tikinti və əsaslı təmir işləri aparılır. Bundan əlavə, elə bu günlərdə ana və uşaqların müalicəsi və reabilitasiyasını həyata keçirən Elmi-Tədqiqat Pediatriya, Mamalıq və Ginekologiya institutlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Bütün bunlar paytaxtda və bölgələrdə tibb xidmətinin səviyyəsini yüksəltmək üçün geniş imkanlar açır".
O.Şirəliyev sözlərinə əlavə edib ki, ana ölümü əmsalı 34,2-dən 14,9-a enmiş, körpə ölümü göstəricisi 12,7-dən 10,8-ə azalıb: "Bu nəticələr bizim üçün çox əhəmiyyətlidir. Çünki bu rəqəmlər həm səhiyyənin inkişafı göstəricisidir, eyni zamanda, hər bir ananın və hər bir körpənin həyatı əvəzolunmazıdır. Ölkə səhiyyəsində strateji əhəmiyyət daşıyan sahələrdən biri də qan xidmətinin inkişafıdır. Azərbaycanda təhlükəsiz donor qanı ilə təminat məsələsi bu gün praktiki olaraq həll edilib. Qan tədarükü 6,8 tondan hazırda 25,9 tonadək artıb.
2012-ci ilin dekabrında Səhiyyə Nazirliyi tərəfindən "Sağlamlıq ayı" keçirilib. Bu tədbir çərçivəsində ölkənin bütün şəhər və rayonları üzrə bir ay ərzində üç milyona yaxın insan səhiyyə müəssisələrinə dəvət olunmuş və orada hərtərəfli tibbi müayinələrdən keçirilib. Çox əlamətdardır ki, müayinə olunanların 15 faizində, - bu da 400 mindən artıq insan deməkdir, - müxtəlif xəstəliklər ilk dəfə aşkarlanıb. Həmin xəstələr müvafiq ambulator və stasionar müalicəyə cəlb olunmuşlar. Vətəndaşların sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayan bu tədbirin müsbət nəticələri, iqtisadi və sosial səmərəsi özünü hələ gələcəkdə göstərəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB