360 milyon insan eşitmədən əziyyət çəkir

360 milyon insan eşitmədən əziyyət çəkir

Hazırda dünyada 360 milyondan çox insan karlıqdan və ya eşitmə qabiliyyətinin pozulmasından əziyyət çəkir. Zəif eşidən və ya kar adamlardan 165 milyonu yaşı 65-dən yuxarı olan şəxslər, 32 milyonu isə yaşı 15-dən aşağı olan uşaqlardır. Bu məlumatları Dünya Səhiyyə Təşkilatı (DST) elan edib.

Eşitmə qabiliyyətinin itirilməsinin əsas səbəbi, xüsusən əhalinin gəlirləri aşağı və orta səviyyədə olan ölkələrdə, qulaq infeksiyalarıdır. Bundan əlavə, məxmərək, meningit, qızılca və su çiçəyi kimi xəstəliklər nəticəsində də eşitmə qabiliyyəti itirilə bilər. Bu vəziyyətin digər səbəbləri hədsiz səs-küy, başın və qulağın zədələnməsi, qocalıq və ototoksik dərman vasitələrindən istifadə edilməsidir.

DST belə hesab edir ki, insanın kar olması və eşitmə qabiliyyətinin itirilməsi hallarının yarısının qarşısını almaq mümkündür. Bunun üçün vaxtında diaqnoz qoyulmalı və müvafiq tədbirlər görülməlidir.

Eşitmə qabiliyyətinin itirilməsi səbəblərindən asılı olaraq onu dərman vasitəsilə və cərrahi müdaxilə yolu ilə müalicə etmək, yaxud eşitmə aparatları və koxlear implantantlar kimi qurğuların köməyi ilə aradan qaldırmaq olar. Lakin inkişaf etməkdə olan ölkələrdə eşitmə aparatlarına ehtiyacı olan insanların ər 40 nəfərindən birindən də az hissəsi bu cür aparatlara malikdir.

DST dünya ölkələrini eşitmə qabiliyyətinin pozulması və kar olma hallarının qarşısı alına biləcək təqdirdə bu vəziyyətin miqyasının azaldılması və belə halların tamamilə ləğv edilməsi, həmçinin karlıqdan və eşitmə qabiliyyətinin pozulmasından əziyyət çəkən insanlara lazımi kömək göstərilməsi üzrə xüsusi layihələr işləyib hazırlamağa çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə