Lənkəranda yayılan qripdir, yoxsa KRX?

Lənkəranda yayılan qripdir, yoxsa KRX?

Yanvar ayından başlayaraq cənub bölgəsində, o cümlədən Lənkəran rayonunda hərarət, öskürək və qrip xəstəliyinə xas olan xəstəlik geniş yayılıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, kütləvi informasiyalarının da geniş yer ayırdığı əvvəlcə azyaşlılar arasında yayılan bu xəstəlik son zamanlar əhalinin, demək olar ki, bütün təbəqələrini əhatə edib. Bunula bağlı əvvəlcə Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Habil Sadıxova müraciət etdik.

O bildirib ki, həqiqətən 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il kəskin respirator xəstəliklərinin (KRX) yayılmasında artım müşahidə olunur. Lakin yayılan xəstəlik daha çox KRX-nin, yəni soyuqdəymə əlamətlərini özündə daşıyır. Doğrudur, bu, qripin əlamətlərinə də oxşayır. Lakin qrip daha ağır xəstəlikdir. Və daha çıx ağırlaşmalara səbəb olur.

Habil Sadıxov əməkdaşımızın xəstəliyin baş vermə səbəbləri, dəqiqləşdirilməsi və profilaktikası ilə bağlı suallarını cavablandıraraq bildirib ki, havaların anomal isti keçməsi hava-damcı yolu ilə yayılan bu xəstəliyin geniş yayılmasına səbəb olub. Xəstəliyin qrip olub-olmamasını öyrənmək üçün isə GEM-ə müraciət edən xəstələrdən nümunə götürülərək müayinə üçün Respublika Taun Mərkəzinə göndərilib. Profilaktika üçün isə əhalinin şəxsi gigiyenaya əməl etməyin və orqanizmin müqavimətini qaldırmağının vacibliyini önə çəkib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov da həmkarının fikirlərini təsdiq edərək yayılan xəstəliyin KRX-ya oxşadığını, Respublika Taun Mərkəzindən isə göndərilən nümunələrdən hələlik heç bir məlumatın daxil olmadığını qeyd edib.

Əlavə etmək istəyirik ki, rayonda bu sahəyə cavabdeh olan şəxslərin sakit reaksiyasına baxmayaraq qrip və ya KRX olan bu xəstəlik rayon əhalisi arasında geniş yayılıb. Yanvar ayının əvvəlindən başlayaraq yayılmağa başlayan bu xəstəliyin qabağını qismən də olsa almaqdan ötrü marifləndirici tədbirlərin istənilən səviyyədə görülməməsi təəssüf hissi doğurur..

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə