"Bu gün ölkə prezidentinin sosial sahələrin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan səhiyyəsində aparılması mümkün olamayan bir əməliyyat və ya tibbi prosedur yoxdur". SİA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda artıq orqan nəqli prosesi həyata keçirilir: "Hazırda sümük iliyinin transplantasiyası ilə bağlı Talassemiya Mərkəzində hazırlıq işləri aparılır. Yaxın zamanlarda ölkədə sümük iliyinin transplantasiyasını həyata keçirmək mümkün olacaq. Bundan əlavə, Azərbaycanda çox uğurlu ürək əməliyyatları həyata keçirilir. Son illərdə istifadəyə verilmiş Elmi Cərrahiyyə Mərkəzində 700-ə qədər uşaq və böyüklər üzərində əməliyyatlar keçirilib".
Nazir müavini bəzi insanların müalicə üçün xarici ölkələrə üz tutması və ya Azərbaycana gələn xarici mütəxəssislərə müraciət etməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, Azərbaycana gələn xarici və ya ölkədə çalışan yerli mütəxəssislərə müraciət etmək və yaxud müalicə olunmaq üçün xarici ölkələrə getmək insanların hüquqlarıdır.
E.Ağayev həmçinin qeyd edib ki, ildən-ilə də hansısa xəstəliklərlə əlaqədar Azərbaycandan kənara gedən insanların sayı azalır və bundan sonra da azalacaq: "Xarici mütəxəssislərin Azərbaycana gələrək burada fəaliyyət göstərməsi isə qanunla tənzimlənməlidir. Onlar ancaq Səhiyyə Nazirliyinin verdiyi icazə şəhadətnaməsi və Dövlət Miqrasiya Xidmətinin əmək fəaliyyəti ilə məşğul olması üçün verdiyi viza nəticəsində Azərbaycanda fəaliyyət göstərə bilərlər".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB