Qan donorlarının sayı 2 dəfədən çox artıb

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iki gün davam edəcək müşavirədə qan xidməti üçün vacib olan İƏT daxil olan ölkələrdə könüllü donorların cəlb edilməsi, saxlanılması məsələləri müzakirə edilir.

Tədbirin açılışında çıxış edən çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, qan xidməti tibb müəssisələrini qan və qan komponentləri ilə təmin edən səhiyyə sahəsidir. Onun sözlərinə görə, ölkədə həyata keçirilən "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı" çərçivəsində qan xidməti tibbi avadanlıq, qan torbaları və qan yoxlamaq üçün reaktivlərlə dövlət tərəfindən tam təmin edilib: "Dövlət Proqramı çərçivəsində son 5 il ərzində qan donorlarının sayı 2 dəfədən çox artıb, qan komponentlərinin miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlib. Könüllü donorların sayının əhəmiyyətli dərəcədə artması pullu donorluqdan tam imtina edilməsinə imkan yaradıb. Bundan əlavə, son illərdə qan xidməti sahəsində çalışanların əmək haqları 2 dəfədən çox artırılıb. Bütövlükdə ölkədə qan xidməti sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində yüksək nailiyyətlər əldə olunub".

Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev çıxışında bildirib ki, qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, doğuşayardım, hematologiya, onkologiya, travmatologiya və digər sahələrdə ixtisaslaşmış tibbi yardımın uğurla həyata keçirilməsi mümkün deyil: "Qan xidmətinin əhəmiyyəti fövqəladə vəziyyətlərdə kütləvi sürətdə yaralı və zərərçəkənlərin olduğu zaman xüsusilə artır. Müasir, yüksək müalicəvi texnologiyaların səhiyyəyə təsiri nəticəsində qan və qan komponentlərinə olan ehtiyac daha da artacaq. Beləliklə qan köçürmə səhiyyənin inkişafında əsas infrastruktur amil olduğuna görə, əksər ölkələr üçün əsas prioritetlərdən biri olub".

Qeyd edək ki, İƏT-in üz ölkələri qan xidməti rəhbərlərinin 1-ci müşavirəsi İranın paytaxtı Tehran şəhərində, 2-ci müşavirə isə Türkiyənin paytaxtı Ankara şəhərində keçirilib. 2013-cü ildə İƏT-na sədrlik Azərbaycan keçib və bu çərçivədə 3-cü müşavirə Bakıda təşkil olunub. Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi sabah da öz işini davam etdirəcək.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə