Səhiyyə kommunikasiyasının inkişafında YENİLİK

Səhiyyə kommunikasiyasının inkişafında YENİLİK

Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və Cons Hopkins (Johns Hopkins) Universiteti Blumberq İctimai Səhiyyə Məktəbi Kommunikasiya Proqramları Mərkəzi arasında əməkdaşlıq haqqında ikitərəfli Memorandum imzalanıb. Assosiasiyanın İdarə heyətinin sədri Nurlan Əliyev SİA-ya açıqlamasında deyib ki, memorandumun imzalanması iki təşkilat arasında uzun müddətdən bəri davam edən əməkdaşlığın nəticəsidir. Onun sözlərinə görə, 2008-ci ildə assosiasiya yaradıldığı gündən başlayaraq Cons Hopkins Universiteti Kommunikasiya Proqramları Mərkəzi ilə sıx əməkdaşlığa başlanılıb.

Nurlan Əliyevin bildirdiyinə görə, 2008-2009-cu illərdə Assosiasiyanın bir neçə nümayəndəsi Bakıda və ABŞ-ın Baltimor şəhərində keçirilən təlim kurslarının iştirakçısı olublar: "Məhz bu kursların nəticəsində ümumilikdə keçmiş sovet respublikaları üçün yeni olan Səhiyyə Kommunikasiyası sahəsi üzrə Azərbaycanda yerli mütəxəssislərin formalaşması, bilik və bacarıqlarının inkişaf etdirilməsi mümkün olmuşdur. Başlıca məqsədi bu sahə üzrə yerli kadrların hazırlanması və əhalinin sağlamlığının qorunması olan Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının peşəkar təşkilat kimi inkişaf etməsində də Cons Hopkins Universiteti Kommunikasiya Proqramları Mərkəzi ilə əməkdaşlıq mühüm rol oynayır".

İki təşkilat 2009-2010-cu illərdə həyata keçirilən "Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması" layihəsində də six əməkdaşlıq ediblər. Bununla yanaşı assosiasiya müxtəlif layihələrin həyata keçirilməsində Cons Hopkins Universiteti Kommunikasiya Proqramları Mərkəzinin expertləri ilə məsləhətləşmələr aparıb.

N.Əliyev qeyd edib ki, iki təşkilat arasında mövcud olan möhkəm əməkdaşlığın bu memorandum ilə rəsmiləşdirilməsi Azərbaycanda Səhiyyə Kommunikasiyasının inkişaf etdirilməsində yeni bir atdımdır və ölkəzdə əhalinin sağlamlığının qorunması sahəsində yeni və uğurlu layihələrin həyata keçirilməsinə kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə