Somalidə hələ rəsmi rəqəmlərə görə 12750 adama bir həkim düşür. SİA-nın xəbərinə görə, bu barədə məlumat bugünlərdə Somalidə səfərdə olan millət vəkili Qənirə Paşayevanın rəsmi facebook səhifəsində yer alıb. Məlumatda deyilir: "Bu rəqəm sizə yəqin ki, çox şey deyir. Ölüm burda adi haldır. Ana və uşaq ölümü isə çox yüksək səviyyədədir. Hər gün 100-lərlə insan adi xəstəliklərdən, həkim və dərman çatışmazlığından dünyasını dəyişir. Bu gün Somalidə, Moğadişidə 50-dən artıq uşağa baxdıq. Əksəriyyəti dəhşətli anemiyadan, qan azlığından əziyyət çəkir. Malyariya dəhşətli bir bəladır. İnfeksion xəstəliklər isə çox yayılıb. Normal keyfiyyətli yeməklər çox zaman yemədikləri və bəzən ac qaldıqları üçün mədə-bağırsaq xəstəlikləri baş alıb gedir. Qadınlar evlərdə, çadırlarda doğuş etdikləri üçün qadın xəstəliklərinin sayı hesabı yoxdur. Bu qədər ağır vəziyyətə, xəstə olmalarına baxmayaraq qadınlar bəzən bir-birinin arxasınca 7-8 uşaq doğurlar. Hamiləlikdən qorunmaq, ailə planlaması anlayışları bu ölkədə demək olar ki, yoxdur. Dini qaydalarla yaşayan Somalidə abort isə həm bu səbəbdən, həm də ümumiyyətlə bunun üçün normal tibb məntəqəsi və mütəxəssislərin yoxluğundan mümkünsüzdür. Çox ağır xəstə qadınlar belə hamilə qaldığı uşağı dünyaya gətirmək məcburiyyətindədir ki, bu da bir çox hallarda ana və uşağın ölümü ilə nəticələnir. Ən dəhşətlisi isə müalicə üçün lazım olan dərmanların çatışmazlığıdır. Yoxsul əhali dərmanları ala bilmədiyi üçün yardım təşkilatlarından nə versələr onunla kifayətlənməli olurlar ki, bu da xəstəliklərin müalicəsində ciddi nəticələr əldə etməyə imkan vermir. Somaliyə ən çox və keyfiyyətli tibbi yardımı, həm könüllü tibb işçiləri həm də dərmanlarla Türkiyə və onun yardım təşkilatları edir. Amma onlar da təbii ki, hər şeyi çatdıra bilmirlər. Bu gün xəstələri müayinə edərkən və müalicə yazıb dərmanlar verərkən dostlarla söhbət zamanı Somaliyə lazım olan ən vacib məsələnin əhalinin maarifləndirilməsi olduğu qənaətinə gəldik. İnşallah yardım təşkilatları bu məsələyə bundan sonra daha böyük önəm verər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB