İnfeksion xəstəliklərin artmasının səbəbi BƏLLİ OLDU - MÜSAHİBƏ

Ailə həkimi Fidan Həsənlinin SİA-ya müsahibəsini təqdim edirik:

- Son günlər insanlar müxtəlif infeksion xəstəliklərə yoluxur və səbəbini bilmirlər. Bu, bir növ maarifləndirmə işinin zəif olmasından irəli gəlir, yoxsa insanların laqeydliyindən?

- Son zamanlar nəinki infeksion xəstəliklərin sayı durmadan artır, xroniki xəstəliklərin də sayı artır. Ümumiyyətlə, xəstəliklərin erkən diaqnostikası daha çox önəmlidir. İnsanlar öz sağlamlıqlarına qarşı laqeyd yanaşırlar deməzdim. Lakin ilkin simptomlar yarandıqda ikinci plana atırlar. Adi müşahidə olunan simptomlardan görünür ki, nə qədər tez həkimə müraciət etsələr, nə qədər tez öz sağlamlıqlarının qeydinə qalsalar, bir o qədər həyat keyfiyyətinin yaxşılaşdırılması olar. Biz - həkimlər hər zaman deyirik ki, ilk əvvəl xəstəliyin profilaktikası önəmlidir, bir də erkən diaqnostika. Əgər insanlar özlərində gündəlik həyat keyfiyyətinə təsir edən hər hansı bir hal müşahidə edirlərsə, mütləq bu məsələnin üzərinə düşməlidirlər. Biz ətraf mühitə, ətrafdakı insanlara qarşı həssaslıqla yanaşırıqsa, öz sağlamlığımızın da qeydinə qalmalıyıq.

- Niyə bu xəstəliyə yoluxan zaman xəstəliyin gedişi ağır olur və uzun çəkir? Bu nə ilə bağlıdır?

- Ümumiyyətlə, hər bir pasiyentə individual yanaşılır. Biz deyə bilmərik ki, bu insan virusu daha ağır keçirəcək. Müşahidələr onu göstərir ki, yanaşı gedən xroniki xəstəliyi olan insanlar daha ağır keçirirlər. İlkin olaraq insanın immun sistemindən asılıdır. Çünki xəstəliklə mübarizə aparan bizim immun sistemimiz olur. Xəstəliyə qarşı müvafiq antitellər ifraz olunur. İlkin olaraq bədən müqavimətindən asılıdır. Düşünürəm ki, həm yaş faktoru var, həm cinsi faktor var. Bir kateqoriya insan var ki, onlarda daha ağır keçir. Koronavirus dövründə də gördük ki, yaşlı insanlar daha ağır keçirirdi. Əhaliyə müraciət etmək istərdim ki, uşaqlar, ahıl insanlar, hamilələr hər hansı virusa yoluxduqda özbaşına müalicə aparmasınlar. Mütləq ailə həkimlərinə müraciət etsinlər və onlardan məsləhət alsınlar.

- Bəzən dədə-baba üsullarından istifadə olunur. Hətta "Türkə çarə" üsulundan da istifadə olunur. Dərman olmadan otlarla edilən üsul doğrudurmu?

- Həkimlər olaraq daha çox məsləhət görürük ki, spesifik müalicə aparılsın. Diaqnoz qoyulubsa, spesifik müalicə aparılmalıdır. Məsələn, bakterial infeksiyadırsa, mütləq antibiotiklərdən istifadə olunmalıdır. Əgər "Türkə çarə"lərdən istifadə olunursa, bu, dəstəkləyici üsuldur. Lakin ən effektiv müalicə sayılmır.

- Dəyişkən havalarda uşaqları mövsümü infeksiyalardan necə qoruyaq?

- Son günlərdə müşahidə edirik ki, havaların kəskin dəyişməsi nəticəsində valideynləri narahat edən mövzu uşaqlarda yaranan infeksiyalardır. Çünki uşaqlar həssas olurlar. 5 yaşına qədər uşaqlar daha həssas olurlar. Çünki uşaqların immun sistemi yeni formalaşmaqdadır. Biz ona görə bildiririk ki, vaksinasiya çox önəmlidir. Yeni doğulmuşlarda doğuşdan sonra vurulan vaksinlər var. Hansı ki, onlar cədvələ uyğun vurulur. Vakansiyanın rolu var. Hansısa infeksiyanın qarşısını almaq üçün vaksinasiya önəmlidir. Biz ona görə valideynlərə bildiririk ki, uşaqların sağlamlığını qorumaq üçün ilkin olaraq vaksinasiya, daha sonra profilaktik tədbirlər görülməlidir. Burada əsas məsələ gigiyenik qaydalara əməl olunmasıdır. Bu, uşaqlarda vərdiş halına gətirilməlidir. Çünki uşaq 3-7 yaş arasında dərk edir ki, bu metodlar olmalıdır. Lazım gəldikdə ictimai yerlərdə maskalardan istifadə olunmalıdır. Balanslaşdırılmış qida mütləqdir. Nə qədər biz balanslaşdırılmış qida istifadə etsək, immun sistemimiz o qədər güclü olar. Biz deyirik ki, zərərli yağlardan daha az istifadə olunsun ki, bu da təsir göstərir.

- İmmunitetin yüksəldilməsi üçün ancaq dediyiniz vasitələrdən istifadə olunmalıdır, yoxsa əlavə qidalar da var? Bu dövrdə uşaqların immunitetinin yüksəldilməsi üçün hansı tövsiyələriniz var?

- Gündəlik həyatda rutinimiz o qədər çox olur ki, qidaya fikir vermirik. Çox aktual mövzudur. Nəinki infeksiyaların qarşısının alınması üçün profilaktik tədbirlər, hətta bəzi xəstəliklərin ağırlaşmasına təsir də göstərə bilər. Məsələn, mədə-bağırsaq sisteminin pozulmasına əsas səbəb fast-food qidalardır. İnsanın simptomsuz xroniki xəstəliyi ola bilər ki, bundan heç xəbəri də olmaz. Fast-food qidaları onun inkişafına vasitəçi də ola bilər. İlkin olaraq valideynlər uşaqlarda nəyə fikir verməlidirlər? Uşaqlarda daha çox yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları olur. Çünki bu infeksiyalar ictimai yerlərdə, məsələn məktəb, universitetdə daha çox yayılır. Bəzən də görürük ki, valideynlər danışarkən bildirirlər ki, xəstəlik yayılıb uşağını sabahdan məktəbə qoymayacaq. Mütləq səhər yeməyi yeyilməlidir. Amma balanslaşdırılmış olmalıdır. Yəni zülal, karbohidrat olmalıdır. Yuxu rejimi çox önəmlidir. Hər bir insan normal 8 saat yuxu yatmalıdır. Hər bir saatda orqanizmdə fizioloji olaraq bəzi proseslər baş verir. Maddələr mübadiləsinin gücləndirilməsi məqsədilə hormonal disbalansın yaranmaması üçün vaxtında yatıb-durmaq vacibdir. Uşaqlarda ən az 8 saat, böyüklərdə isə 6-7 saat yuxu rejimi olmalıdır. Belə olanda həyat keyfiyyətinə müsbət təsir göstərə bilsin.

- İnfeksionist daha çox hansı xəstəlikləri müalicə edir?

- İnfeksionist yoluxucu xəstəliklər üzrə mütəxəssisdir. Hepatit viruslu xəstələr birbaşa terapevtə müraciət edirlər. Amma bu, doğru deyil. İlkin olaraq yoluxucu xəstəliklər üzrə mütəxəssisə müraciət edilməlidir. Cərrahi müdaxilələrdən sonra infeksionistin rolu daha böyükdür.

- Son zamanlar böyüklər arasında da qızdırma ilə nəticələnən xəstəlik mövcuddur. Hətta 1-2 həftə çəkir. Bu xəstəliyin adı nədir, necə xilas olmaq olar?

- Buna el arasında soyuqdəymə deyilir. Biz isə həkim prizmasından baxaraq xəstəliyin infeksional, yaxud da, bakterial olduğunu təyin edirik. Simptomları özündə görən insanlar dərhal əczaçıya qaçıb antibiotik qəbul etməyə başlayır. Bu, doğru deyil. Əgər burada bakterial infeksiyadan söhbət gedirsə, o zaman antibiotik terapiyasına başlanılır. Viral infeksiyada isə baş, boğaz, oynaq ağrıları, halsızlıq, qızdırma kimi simptomlar olur.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə