Diz deformasiyası nədir ? - AYDINLIQ GƏTİRİLDİ

“Diz deformasiyası kənardan baxıldıqda dizlərin yaxınlaşması, aşağı ətrafların bir-birinə uzaq məsafədə olması kimi görünüb, “x”ı xatırlatdığı üçün el arasında “x” ayaq kimi tanınır. Genu valgum və ya diz deformasiyasının iki növü var: birtərəfli və ikitərəfli əyrilik. Hər bir halda diz öz oxundan çıxdığı və içəri doğru fırlandığı üçün ümumilikdə dayaq hərəkət sisteminə, ayrılıqda isə onurğaya, bud-çanaq oynaqlarına, diz oynaqlarına, pəncə daraq oynaqlarına təsir göstərərək, orqanik deformasiyaedici təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.

O bildirib ki, bağların və əzələlərin dartılması və daim gərgin olması ilə əlaqədar ağrı olur: “Xəstələr yeriməkdə çətinlik çəkirlər, hətta tez-tez yıxılırlar. Xəstəlik 3-5 yaşlı uşaqların 75 faizində müşahidə edilir və çox vaxt fizioterapevtik müalicə ilə aradan qaldırılır. Lakin bəzən yaşlı insanlarda “D” vitamini və kalsium əskikliyi, travmalar, qidalanma pozğunluğu, obezite, osteoxondrodisplaziya, sümük quruluşunun pozulması, sümüklərin deformasiyası, iltihabi oynaq xəstəliklərindən sonra da yaranır. Xəstələr çox ayaq üstə qala bilməməkdən, ombalarda və dizlərdə ağrıdan, həmçinin pəncədə ağrıdan ümumi yorğunluqdan şikayət edirlər.

Xəstəliyin aşkarlanması həkim fizioterapevtin baxışı, müayinəsi, yerimə analizi ilə vizual olaraq aparılır. Lakin əyrilik bucaqlarının dəqiqliyi lazım olduqda (body analyzer) və radiografy, “X-ray” də oluna bilər. Xəstəliyin müalicəsi fizioterapevtik müalicə, həyat tərzinin dəyişilməsi, müalicəvi idman hərəkətləri, dəstəkləyici konservativ müalicə və ağır hallarda cərrahi müdaxilə ilə həyata keçirilir. Hər hansı ağrı şikayəti olduqda həkim-fizioterapevtə müraciət etməklə, xəstəliklər daha erkən fazada aşkarlanıb müalicə oluna bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə