Dişlərimizi zərərsiz necə bəyazladaq? - ARAŞDIRMA

Təmizlik və sağlamlığın əlamətlərindən biri olan bəyaz dişlər insanda özünəinam yaradır və estetik görünüşün əvəzolunmaz elementləri arasındadır. Gündəlik həyatda istehlak etdiyimiz qidalar, istifadə edilən dərmanlar və ya digər səbəblər dişlərin saralmasına səbəb ola bilər. Bir çox insanlar dişlərini bəyazlatmaq üçün araşdırmadan müxtəlif prosedur və üsullara əl atır. Lakin təbii və ya qeyri-təbii üsullarla edilən şüursuz ağartma dişlərə həlli olmayan zərər verə bilər.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Dişlərin rəngi insandan insana dəyişə bilər

Dişlərin ağardılması proseduru dişlərin səthində məsaməli mina və dentin strukturunda əmələ gələn rəngli maddələrin diş ağardıcı gellərlə çıxarılaraq müalicə olunmasıdır. Dişlərin rəngi insandan insana dəyişə bilər. Bu rənglər daxili və xarici mənşəlidir. Məsələn, fizioloji, plombdan sonra yaranan, hamiləlik və körpəlik dövründə antibiotik istifadəsinə görə rəng dəyişmələri, kanal müalicəsi nəticəsində dişin daxili rənginin dəyişməsi, qəhvə, çay, siqaret kimi məhsulların tez-tez istifadəsi nəticəsində yaranan rəng dəyişmələri. Bununla yanaşı meydana gələn rəng dəyişmələri travma nəticəsində dişin içindəki canlı toxuma canlılığını itirdikdə də baş verir.

Dişlərin ağardılmasının müxtəlif üsulları var

Texnika və tətbiq sahələrinə görə dəyişən dişlərin ağardılması üsulları arasında ev tipi dişlərin ağardılması, ofis tipi dişlərin ağardılması (klinik şəraitdə ağardılması), kombinə dişlərin ağardılması və tək dişlərin ağardılması daxildir. Evdə dişlərin ağardılması olaraq bilinən üsulda ilk olaraq ağız içindən ölçü götürülərək fərdi ağardıcı qablar hazırlanır. Tətbiq bu lövhələrə müəyyən miqdarda diş ağardıcı gel qoyularaq edilir. Bu insanlar lövhədən orta hesabla 1-15 gün, gün ərzində ən azı 4-6 saat, gecə yuxusunda isə 8-10 saat istifadə etməlidirlər. Evdə dişlərin ağardılmasında diqqət yetirilməli olan məqam təsvir ediləndən çox gel tətbiq edilməməsidir. Əks halda, lövhədən axan gel diş ətlərini qıcıqlandıracaq. Belə bir vəziyyətdə diş ətləri dərhal yuyulmalı və diş həkimi ilə əlaqə saxlanmalıdır.

Lazer diş ağardıcı üsulunun tətbiq müddəti daha qısadır

Klinik mühitdə həyata keçirilən və ofis tipi dişlərin ağardılması olaraq da bilinən "Lazer diş ağardıcı üsul" mütəxəssis həkim tərəfindən həyata keçirilir. Diş həkimi tərəfindən UV şüaları və ya lazer köməyi ilə dişlərə tətbiq olunan ağardıcı gelin aktivləşdirilməsi ilə həyata keçirilən bu proses təxminən bir saat çəkir.

Qarışıq dişlərin ağardılmasında iki üsul birlikdə istifadə olunur

Qarışıq dişlərin ağardılması üsulunda iki üsul birlikdə tətbiq edilir. Klinikada həyata keçirilən prosedurdan sonra 2-3 gün ərzində ev tətbiqi ilə ağartma prosesi dəstəklənir. Kanal müalicəsindən sonra rəngi dəyişən dişlərə tətbiq edilən tək diş ağardıcı (Daxili ağartma) üsulunda dişdəki plomb çıxarılır, açılan boşluğa ağardıcı gel çəkilir və diş müvəqqəti plomb ilə bağlanır. İstədiyiniz rəng əldə olunana qədər seanslar hər 3 gündə bir təkrarlanır.

Siqaret çəkmək, çay və qəhvə içmək dişlərin rənginin dəyişməsini artırır

Dişlərin ağardılması üsulları hər bir fərdin vəziyyətindən asılı olaraq dəyişir. Normal şəraitdə diş rənginin çox tünd olmadığı və bir neçə ton daha açıq istənildiyi hallarda yalnız lazer növü və ya ev tipi ağartma kifayətdir. Siqaret, qəhvə və ya çay səbəbiylə həddindən artıq rəngsizləşən dişlərin rəngini açmaq üçün kombinə diş ağardıcı üsulunun tətbiqi daha təsirli nəticələr verir.

Diş həkimi nəzarəti altında ağardılmasının zərəri var?

Dişlərin ağardılmasının zərərli olub-olmaması insanları maraqlandıran məsələlər arasındadır. Diş həkimi nəzarəti altında edilən ağartma dişlərə zərər vermir. Ancaq ağardıcı üsullar dişlərdə havaya, çox isti və ya soyuq yeməklərə və içkilərə az da olsa həssaslıq yarada bilər. Dişlərdəki bu həssaslığın ümumiyyətlə bir-iki gün içində yox olacağı gözlənilir. Bu normal və gözlənilən haldır.

Prosesin davamlılığı insanın istehlak vərdişlərindən asılı olaraq dəyişir

Ağartma prosesi insandan insana dəyişir. Prosedurun nəticə əldə etməsi təxminən iki həftə çəksə də, antibiotik istifadəsi nəticəsində yaranan rəng dəyişmələrinin aradan qaldırılması daha çətindir və uzun müddət tələb olunur. Ağardılmanın qalıcılığı xəstənin çay, qəhvə, kola, şərab və siqaret kimi rəngli mayelərdən istifadə etməsinə görə dəyişir. Əgər ağartma prosesi 6 aydan bir təkrarlanırsa, dişlərin ağardılması qalıcı olur.

“Təbii” adı altında tövsiyə olunan üsullar dişlərinizə zərər verir?

Bir çox araşdırmalar göstərir ki, hal-hazırda internet və sosial media kanalları vasitəsilə bir çox məhsul "Təbii" diş ağardıcı üsul adı altında təbliğ edilir və satılır. Sarıkök, hindistan qozu, çiyələk, alüminium folqa, limon və qoz qabıqları kimi müxtəlif ağardıcı tətbiqlər sınanır və tövsiyə olunur. Ancaq unutmaq olmaz ki, bu tip maddələrin dişlərin ağardılmasında heç bir faydası yoxdur və dişlərə geri dönməz zərər verə, həssaslıq yarada bilər.

Ev şəraitində nələr edək?

Dişlərin müntəzəm fırçalanması ağız və diş sağlamlığını qorumaq üçün çox vacibdir. Dişlərinizin müntəzəm təmizlənməsi ilə saralmasının qarşısını alaraq bəyaz gülüşə sahib ola bilərsiniz.

Təbii diş ağardıcı üsullar hansılardır?

Ev şəraitində dişlərin ağardılmasının ən təsirli üsulu gündə iki dəfə ağardıcı diş pastası ilə dişlərinizi fırçalamaqdır. Bu sayədə ağızda qalan qida qalıqlarını təmizləyərək zərərli bakteriyaların böyüməsinin qarşısını ala, tütün, çay, qəhvə kimi tərkib hissələrinin diş səthinə yapışıb saralmasının qarşısını ala bilərsiniz. Bundan əlavə, dişlərinizi heç bir kimyəvi maddəyə məruz qoymadan tamamilə təbii üsullardan istifadə edərək parlaq və ağ görünməsini təmin edə bilərsiniz. Tətbiq edə biləcəyiniz sadə ev diş ağardıcı üsulları bunlardır:

Duzla dişlərin ağardılması

Təbii yolla dişlərin ağardılması dedikdə ağıla ilk gələnlərdən biri duzdur. Duzla dişlərinizin ağ görünməsini təmin edə və həmçinin, dişlərinizdə olan zərərli bakteriyaların yox olmasına kömək edə bilərsiniz.

Soda, duz və alma sirkəsi ilə dişlərin ağardılması

Diş səthindəki ləkələri çıxarmaq üçün istifadə edilən üsullardan biri də soda, duz və alma sirkəsi ilə hazırlanmış qarışıqla dişlərin fırçalanmasıdır.

Soda və limonla dişlərin ağardılması

Soda və limon evdə dişlərin ağardılması üçün ən çox istifadə edilən üsul hesab olunur. Ancaq limonun turşu təsiri səbəbiylə dişlərin səthində cızıqlara səbəb ola və diş ətləri zədələnə bilər.

Banan qabığı ilə dişlərin ağardılması

Kalium, manqan və maqnezium kimi minerallarla zəngin olan banan ümumi bədən sağlamlığının qorunmasında mühüm rol oynayır. Dişlərinizi banan qabığı ilə sürtmək də dişlərinizi ağartmağa kömək edə bilər.

Dəfnə yarpağı və portağal qabığı ilə dişlərin ağardılması

Portağal qabığı və dəfnə yarpağı diş səthinin təmizlənməsində və ağız qoxusunun qarşısını almaqda mühüm rol oynayır. Eyni zamanda, dəfnə yarpağının iltihab əleyhinə xüsusiyyətləri diş çürüməsinin qarşısını almağa kömək edə bilər. Portağal qabığının turşu təbiəti ağızda zərərli bakteriyaların böyüməsinin qarşısını ala bilər.

Soda, darçın və adaçayı ilə dişlərin ağardılması

Darçın və adaçayı antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə malik bitki mənşəli məhsullardır. Dişlərin və diş ətinin sağlamlığını qorumağa və diş ləkələrini çıxarmağa kömək edə bilər. Dişlərinizi ağartmaq üçün soda, darçın və adaçayı kimi maddələri birləşdirib dişlərinizi təmizləyə bilərsiniz.

Ev şəraitində tətbiqi asan və praktik olduğu üçün dişlərin ağardılmasına üstünlük verilir. Ancaq evdə diş ağardıcı üsulları tətbiq edərkən diş ətinə zərər verməmək üçün mümkün qədər yumşaq fırçalamağa diqqət etməlisiniz.

Dişləri duzla necə ağartmaq olar?

Dişlərinizi fırçaladıqdan sonra yaş diş fırçasını xörək duzuna batırın və dişlərinizi fırçalayın. Sonra ağzınızı bol su ilə yaxalayın. Bu üsulu həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Soda, duz və alma sirkəsi ilə dişləri necə ağartmaq olar?

Bir stəkan ilıq suya 1 çay qaşığı alma sirkəsi, yarım çay qaşığı duz və 1 çay qaşığı soda götürün və qarışığı pasta konsistensiyasına çatana qədər qarışdırın. Sonra bu pastanı diş fırçanıza qoyun və dişlərinizi fırçalayın. Ev şəraitində ən yaxşı diş ağartma üsulu olduğu deyilən bu proseduru həftə ərzində gündə bir dəfə tətbiq edə bilərsiniz.

Banan qabığı ilə dişləri necə ağartmaq olar?

Dişlərinizi fırçaladıqdan sonra banan qabığı ilə dişlərinizi ovuşdurun. Proses bitdikdən sonra diş məcunu sürmədən dişlərinizi fırçalayın və bol su ilə yuyun. Həftədə 1-2 dəfə tətbiq edə bilərsiniz.

Dəfnə yarpağı və portağal qabığı ilə dişləri necə ağartmaq olar?

Portağal qabıqlarını sürtgəcdən keçirin və dəfnə yarpağını məhlulda toz halına salın. Pasta hazırlamaq üçün hazırladığınız inqrediyentləri qarışdırın, pastanı diş fırçasına çəkin və dişlərinizi fırçalayın. Beş dəqiqə fırçalamağa davam edin. Bu pasta ilə həftədə bir dəfə dişlərinizi fırçalaya bilərsiniz.

Soda, darçın və adaçayı ilə dişləri necə ağartmaq olar?

Adaçayını toz halına salın. Kiçik bir boşqaba bir çay qaşığı toz adaçayı, 1 çay qaşığı darçın və yarım çay qaşığı soda götürün. Dişlərinizi fırçaladıqdan sonra diş fırçasını bu qarışığa batırın və dişlərinizi fırçalayın. Sonra ağzınızı bol su ilə yaxalayın. Bu prosesi həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Soda və limonla dişləri necə ağartmaq olar?

Evdə dişlərin ani ağardılması dedikdə ağıla ilk olaraq soda gəlir. 1 çay qaşığı sodaya bir neçə damcı limon suyu sıxaraq dişlərinizi fırçalaya bilərsiniz. Fırçaladıqdan sonra ağzınızı bol su ilə yaxalamağı unutmayın.

Yuxarıda göstərilən üsulların hamısı məlum və tətbiq olunan dişlərin ağardılması üsulları olsa da, heç biri elmi cəhətdən sübut olunmamışdır. Bu səbəbdən hər hansı birini sınamazdan əvvəl diş həkiminizlə məsləhətləşib rəy ala və hər hansı neqativ halların qarşısını ala bilərsiniz.

Ev şəraitində dişlərin ağardılması üsulları praktiki və sərfəli üsullardan ibarətdir. Bununla belə, hər soda ilə dişlərin ağardılması kimi prosedurların tətbiqi diş səthini qıcıqlandıraraq, çat və cızıqlara səbəb ola bilər. Eynilə, limon və sirkə turşusu tətbiqi də bura aiddir. Həddindən artıq və nəzarətsiz istifadə həm dişlərə, həm də diş ətlərinə zərər verə bilər. Soda, limon və ya sirkə ilə qarışdırıldıqda karbon qazı ayrılır və köpüklü bir quruluş yaranır. Bu köpüklə dişlər fırçalandıqda diş səthindəki ləkələr yox ola bilər. Ancaq bu proses həm də diş minasına zərər verə və diş çürüməsinə səbəb ola bilər. Eynilə, dişlərinizi duzla fırçalamaq da dişlər və diş ətləri ilə bağlı ciddi problemlər yarada bilər. Ev şəraitində diş ağardıcı üsullar tətbiq edilərkən istifadə olunan materialların tezliyinə və miqdarına əlavə diqqət yetirilməlidir.

Evdə dişlərin ağardılması üsulları qalıcıdırmı?

Evdə dişlərin ağardılması üsulları müntəzəm tətbiq edildikdə dişlərin saralmasını azaltmağa kömək edə bilər. Ancaq bu üsulların tez-tez istifadəsi dişlərə və diş ətlərinə zərər verər. Ayrıca evdə tətbiq oluna bilən diş ağardıcı üsullar dişin öz quruluşundan qaynaqlanan rəng qaralmasının açılmasında təsirli deyil. Bununla belə, diş səthindəki yüngül ləkələri azalda bilər.

Bir gündə dişlərin ağardılması kimi effektiv nəticə verən prosedurlar ev şəraitində edilə biləcək prosedurlar deyil. Ancaq daimi dişlərin ağardılması klinik mühitdə mütəxəssis diş həkimi tərəfindən qısa müddətdə həyata keçirilə bilər. Prosedurun davamlılığı xəstənin diş baxımına verdiyi diqqətdən birbaşa asılıdır. Dişlərin ağardılması prosesindən sonra dişlərinizi mütəmadi olaraq fırçalamaq, çay, qəhvə, tütün kimi dişlərdə ləkə əmələ gətirən maddələri qəbul etməmək vacibdir. Evdə xarici ağardıcı tətbiqlər üçün təbii üsullarla yanaşı, diş ağardıcı işıq kimi tətbiqləri də sınaqdan keçirə bilərsiniz.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə