Nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran şəhəri, “Böyük bazar” ərazisində fəaliyyət göstərən fiziki şəxs Qurbanov Elnur Abidin oğluna məxsus “Bazardönər” və Hüseynov Bəhruz Baba oğluna məxsus ictimai iaşə müəssisələrində yoxlama aparıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

Dönərxanaların qida təhlükəsizliyi qeydiyyatı aparılmadan fəaliyyət göstərdiyi, emal zamanı istifadə olunan xammal və yarımfabrikatların saxlanma temperaturuna nəzarət edilmədiyi, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyənləşdirilib.

Bişmiş mal əti və toyuq dönərindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində toyuq əti dönərində insan sağlamlığı üçün təhlükəli hesab olunan E.Coli bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq səlahiyyətli şəxslər barəsində inzibati protokol tətbiq edilib, dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə