Qazaxda yeni məktəb binası inşa olunub...

...Heydər Əliyev Fondunun təşəbbüsü ilə

“Yeniləşən Azərbaycan yeni məktəb” proqramı çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha bir məktəb binası Qazax rayonunda inşa olunub.

SİA xəbər verir ki, Qazax rayonu Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbinin binası ikimərtəbəli və 220 şagird yerlikdir.

Məktəbin əvvəlki binası 1966-cı ildə inşa edildiyindən fiziki köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Məktəbin müəlliməsi Leyli Sarıyeva Sarıvəlli kəndində yeni məktəb binasının inşa olunmasının kənd sakinlərinin çoxdankı arzusu olduğunu deyib: “Yeniləşən Azərbaycan yeni məktəb” proqramı çərçivəsində inşa olunan bu məktəb binası bizə böyük hədiyyədir. Buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya sonsuz təşəkkür edirik. Bildiririk ki, şagirdlərin keyfiyyətli təhsil alması və Vətənə layiqli övlad kimi böyüməsi üçün əlimizdən gələni edəcəyik”.

Valideynlər isə övladlarının yeni, müasir tələblərə cavab verən məktəbdə təhsil alacağı üçün sevinclidirlər. “Oğlum Kərim və qızım Nazənin bu il birinci sinfə qədəm qoyublar. İnşallah, onlar üçün belə gözəl məktəbdə gözəl də tədris ili olar. Bütün əməyi keçən hər kəsə bir şəhid ailəsi, şəhid həyat yoldaşı kimi təşəkkür edir, minnətdarlığımı bildirirəm”, - deyə şəhid Emil Kərimovun həyat yoldaşı Afət Əliyeva bildirib.

Yeni məktəb binasında 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt və idman zalı, həmçinin açıq idman meydançası var.

“Köhnə məktəbimizdə oxumağımız üçün yaxşı şərait yox idi. Siniflərimiz istiliklə təmin olunmamışdı. Amma yeni məktəbimizdə istilik sistemi ilə yanaşı, fənn kabinetləri, idman zalı, kitabxana və yeni avadanlıqlar var”, - deyə məktəbin XI sinif şagirdi Lamiyə Qocayeva vurğulayıb.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə