Uşaqlara neçə yaşından dil öyrətmək lazımdır? - EKSPERTLƏR AÇIQLADI
Bu gün uşaqlara erkən yaşından xarici dil öyrətmək dəb halı alıb. Bu, uşağın həm hərtərəfli inkişaf etməsinə, həm də gələcəyi üçün faydalıdır. Lakin araşdırmalara görə, iki dildə danışan uşaqların çox vaxt nitqində problem olur. Digər tərəfdən Azərbaycanda uşaqlara xarici dil birinci sinifdən başlayaraq öyrədilir. Müasir valideynlərin təsəvvüründə məktəbdə təhsildən öncə uşaq rəsm çəkməyi, şahmat oynamağı öyrənməli, xoreoqrafiya ilə məşğul olmalı və əlbəttə ki, heç olmasa bir xarici dil, ən azından ingilis dilini öyrənməlidir.
Bəs, əslində uşaqlara neçə yaşından dil öyrətmək lazımdır?
SİA mövzu ilə bağlı təhsil eksperti Asif Cahangirovun fikirlərini öyrənməyə çalışıb: "Uşaqlara çoxlu dilin öyrədilməsi yaxşı bir haldır. Bir insan nə qədər çox dil bilsə, bu onun o qədər çox xeyrinədir. Amma bir məqam var ki, dil öyrənmək üçün təkcə müəllim və şagird olmamalıdır. Bir insanın dil öyrənməyi üçün gərək dil mühiti olsun. İkinci bir məqam isə tədqiqatlar göstərir ki, ümumiyyətlə riyaziyyat və ana dili fənlərini digər fənlərdən daha tez öyrənmək məqsədəuyğundur. Praktika göstərir ki, ümumiyyətlə xarici dili birinci sinifdən yox, ikinci sinifdən öyrənməyə başlanılmalıdır. Nəzərə almalıyıq ki, hazırda uşaqlar əvvəlcə bağça təhsili alırlar. Bağçada uşaqlar artıq ingilis dilindən müvafiq şəkildə hazırlıq keçirlər. Ən əsası odur ki, dil öynərkən düzgün metodika seçilsin, zəruri tədris vəsaitləri olsun və öyrədici mühit olsun".
Psixoloq Nuriyyə Quliyeva bildirib ki, uşaqlarda xarici dilin öyrədilməsini 3 yaşından sonra daha məqsədəuyğun hesab edilir: "Çünki uşaqlar 3 yaşına kimi öz ana dilini daha çox eşitməli və onda ana dilindən danışmaq vərdişi formalaşmalıdır. Tədqiqatlar da göstərir ki, bir evdə bir neçə dil danışılırsa, uşağa həm Azərbaycan, həm rus, həm də ingilis dili öyrədilməyə çalışırsa, bu, uşaqda nitq gecikməsinə gətirib çıxarda bilər. Bu əslində fərdidir. Yəni hər uşaqda mütləq bu hadisələr müşahidə olunur deyə bilmərik. Ona görə də 3 yaşına kimi uşağın öz ana dilində danışmağı vacibdir. Xarici dil üçün isə 3-10 yaş arası ən ziyalı dövrdür. Uşağın beyni bu dövrlərdə xarici dili daha aktiv şəkildə məninmsəməyə meyillidir. Məsələn əgər, uşaq evdə Azərbaycan dilində danışılanı sərbəst şəkildə anlaya bilirsə, fikrini izah edə bilirsə, təbii ki, artıq digər dili öyrənməsi üçün demək olar ki, heç bir əngəl yoxdur. Artıq demək olar ki, birinci sinifdən xarici dil tədris olunur. Düşünürəm ki, ən yaxşı halda ikinci sinifdən xarici dil öyrədilməsinə başlamaq olardı. Çünki ikinci sinif elə bir dövrdür ki, artıq uşaqda yazı, oxuma vərdişləri formalaşıb, məktəbə və uşaqlara adaptasiya olub".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB