II Sahibkarlıq Forumunun açılış mərasimi keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Brave Heart" Region Gənclərinin II Sahibkarlıq Forumunun açılış mərasimi keçirilib və ilk günü uğurla yekunlaşıb. SİA-nın verdiyi məlumata görə, “Nizami İli”-nə həsr olunan forumun 26 noyabr tarixində Gəncə Dövlət Filarmoniyasında keçirilən açılış mərasimi çərçivəsində rəsmilərin iştirakı ilə Nizami məqbərəsi ziyarət edilib. Forumun açılış mərasimi “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərovanın çıxışı ilə açıq elan edilib. Daha sonra Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədr müavini Ülvi Abasbəyli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə üzrə KOB Dostu Anar Əliyev, AR Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev çıxış edib.

Gənc MÜSİAD-ın rəhbəri Yunus Furkan Akbalın gənclərə müraciəti də dinlənilib. Dövlət rəsmiləri və qonaqların çıxışlarının ardınca Panel müzakirələrinə start verilib. 2 hissədən ibarət olan Panel müzakirələrin ilk hissəsində Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş katibi Kristina Məmmədova, MÜSİAD Azərbaycanın İdarə heyətinin üzvü Alim Şentürk, “Kapital Bank” ASC-nin Gəncə Filialının müdiri Vüqar Paşayev və satış üzrə təlimçi, konsultant Altay Ali spiker qismində çıxış edib. Panel müzakirələrinin 2-ci hissəsinin spikerleri arasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Cəfərov, “Qafqaz Konsaltinq” Şirkətlər qrupunun qurucusu və direktoru Nigar Atabəyli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev də yer alıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası tərəfdaşlığı ilə baş tutan forumun 2-ci günü Gəncə şəhər Gənclər Evində baş tutacaq və layihə iştirakçıları üçün “Biznes planın yazılması” mövzusunda interaktiv təlimlər keçiriləcək.

Məlumat üçün qeyd edək ki, “Brave Heart” Region Gənclərinin Sahibkarlıq Forumu ənənəvi xarakter daşıyır və ilk dəfə 2019-cu ildə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Gəncə şəhərində keçirilib. Forumun keçirilməsində məqsəd region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların investisiya layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması, öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə və özünüməşğulluqlarının təmin edilməsinə şərait yaratmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə