Təhsil sahəsində Avropa təcrübəsi öyrənilir - FOTO

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyələşdirdiyi “ECAR” Erazmus+ layihəsi çərçivəsində 22-26 noyabr 2021-ci il tarixlərində layihə tərəfdaşlarının nümayəndələrindən ibarət heyətin Fransaya səfəri təşkil edilib.

Layihə çərçivəsində təşkil edilmiş səfərdə Təhsil Nazirliyinin təmsilçisi, Bakı Biznes Universitetinin rektoru və digər tərəfdaş universitetlərin prorektor və rəhbər heyətindən ibarət 30 nəfərlik nümayəndə iştirak edib.

İşgüzar görüşlər Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) təşkilatçılığı ilə həyata keçirilib. Görüşlər çərçivəsində CPU-nun Beynəlxalq əlaqələr üzrə koordinatoru, Rouen Universitetinin keçmiş rektoru Jean Luc Nahel Fransa təhsil sistemi və CPU-nun ali təhsildə rolu barədə ətraflı məlumat verib. 1971-ci ildə Fransanın Təhsil Nazirliyi tərəfindən yaradılmış CPU Fransa təhsil sistemində yüksək nüfuzu olan mötəbər təşkilatdır. 2007-ci ilədək CPU-nun prezidentliyi funksiyasını Fransanın Təhsil naziri yerinə yetirib. 2007-ci ildə ali təhsil sahəsində aparılmış köklü islahatlar əsasında universitetlərin müstəqilliyi təsdiqlənib və buna əsasən CPU müstəqil quruma çevrilib. CPU-nun əsas funksiyası Fransa Təhsil Nazirliyinin məsləhətçi orqanı olaraq fəaliyyət göstərməkdir. Belə ki, CPU Təhsil Nazirliyi ilə Fransa dövlət universitetləri arasında əlaqənin, fikir mübadiləsinin operativ şəkildə təmin edilməsində, problem və təkliflərin dəyərləndirilməsində əlaqələndirici funksiya rolunu oynayır. Hazırda Fransanın akkreditasiya olunmuş 74 universiteti CPU-nun üzvüdür.

Təşkilatın tövsiyyələri nəzərə alınaraq ölkənin ali təhsil sistemi üzrə strateji yol xəritəsi müəyyənləşdirilir, islahatlar aparılır, ehtiyac duyulduğu təqdirdə təhsil qanunvericiliyinə dəyişikliklər edilir.

Görüş müddətində qurumun Avropa Birliyindəki təmsilçisi Carle-Bonafous Murat Avropa-Fransa təhsil münasibətləri haqqında ətraflı məlumat verib, konfransın təsir gücünün yalnız ölkə hüdudları ilə məhdudlaşmadığını vurğulayıb. Daha sonra, Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) proqram meneceri Marion Poutrel CPU-nun Nizamnaməsi və hüquqi statusu barədə çıxış edərək əsas prinsipləri izah edib. CPU-nun Beynəlxalq əlaqələr üzrə komissiyasının sədri, eyni zamanda Toulouse Jean Jaurès Universitetinin rektoru Emmanuelle Garnier CPU-nun təşkilati strukturu, plenar iclası, müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış daimi komissiyaları və müvəqqəti işçi qrupları haqqında məlumat verib. Məruzəçi eyni zamanda qeyd edib ki, CPU-da görüşləri təşkil edən, CPU-nun gündəliyini müəyyənləşdirən 20 rektordan ibarət CP2U adlı daimi heyət fəaliyyət görtərir.

Görüşün üçüncü günündə Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin nümayəndəsi Manuel Bouard Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Nicat Məmmədli ilə birlikdə Fransa Təhsil Nazirliyi və CPU arasında əməkdaşlıq və koordinasiya məsələləri haqqında iştirakçılarla ətraflı müzakirələr aparıb.

Daha sonra CPU-da üzvlük, strateji planlama, qərar qəbul etmə prosesləri, maliyyələşmə mexanizmləri və s. kimi məsələlər haqqında fikir mübadiləsi həyata keçirilib.

Tədbirin son günündə Fransanın ən qədim universitetlərindən biri olan Sorbon Universitetinə səfər təşkil edilib. Səfərdə iştirak edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov CPU-nun medalı ilə təltif olunub.

Səfər çərçivəsində Azərbaycan universitetlərindən olan heyət Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacibəylinin məzarını ziyarət ediblər. Bundan başqa, nümayəndə heyəti Azərbaycan-Fransa Mədəniyyət Evində təşkil edilən tədbirdə də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...