Lənkəranlı şagirdlərə planşetlər təqdim olunub

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi”nin qalibi olmuş Lənkəran rayonunun Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi Aqşin Əliyevin rəhbəri olduğu “Zəfər bizimdir” layihəsi çərçivəsində məktəb 20 ədəd müasir “Samsung” modelli planşetlərlə təchiz olunub.

SİA xəbər verir ki, bu münasibətlə informatika kabinetində məktəbin direktoru İlkin Yaqubovun, “Zəfər bizimdir” layihəsinin rəhbəri Aqşin Əliyevin, “Zəfər bizimdir” layihəsinin eksperti Samir Salayevin, layihənin İdarə Heyətinin üzvlərinin və fəal məktəblilərin iştirakı ilə təqdimat mərasimi keçirilib.

Layihə rəhbəri Aqşin Əliyev məktəbin maddi-texniki bazasının yaxşılaşdırılmasına müsbət təsir edən və informasiya-komunikasiya vasitələri ilə təminatında mühüm irəliləyiş olan “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq 20 ədəd “Samsung” modelli müasir planşetləri şagirdlərə təqdim edib.

Planşetlərə yüklənən, məktəblilərin səmərəli fəaliyyətinə şərait yaradan proqramlardan bəziləri nümayiş olunub, məktəblilərin özlərinin də planşetlərdən praktiki istifadəsinə şərait yaradılıb.

Aqşin Əliyev layihənin icra planına uyğun olaraq yanvarın 15-dək olan müddətdə həmin planşetlərdən istifadə olunaraq Azərbaycanın Qarabağ Zəfərinə həsr olunan müxtəlif vətənpərvərlik mövzularında onlayn platforma üzərində 6 dəfə təlimlərin keçiriləcəyini söyləyib.

Məktəbin direktoru İlkin Yaqubov layihənin məktəbə qatdığı böyük imkanlara görə minnətdarlığını ifadə edib.

“Zəfər bizimdir” layihəsinin eksperti, Lənkəran Dövlət Universitetinin müəllimi Samir Salayev ilk öncə məktəbliləri təbrik edərək layihə çərçivəsində müasir planşetlərlə təmin olunan məktəbin əldə etdiyi böyük imkanlardan danışıb.

Qeyd edək ki, Lənkəran rayonunda həyata keçirilən “Zəfər bizimdir” layihəsinin icrası 2022-ci il fevralın 15-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə