“İlin ən yaradıcı layihəsi” müsabiqəsinə start verilir

Noyabrın 25-dən “eTwinning” üzrə “İlin ən yaradıcı layihəsi” müsabiqəsinə müraciətlərin qəbuluna start verilir. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, müsabiqənin əsas məqsədi “eTwinning” layihəsi çərçivəsində Avropanın azı 3 ölkəsinin iştirak etdiyi beynəlxalq ortaq təhsil layihəsinin qurulması, planlaması və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsidir.

Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən layihələr ilə istənilən “eTwinning” müəllimi qoşula bilər:

-Layihə mövzusu sərbəst olmaqla pedaqoji yeniliyə və müasir təlim metodlarına yönəlmiş olmalıdır;

-Layihənin planı, məqsədi və gözlənilən nəticələri aydın əks olunmalıdır;

-Avropanın 3 ölkəsinin müəllimlərinin cəlb olunduğu beynəlxalq layihə olmalıdır;

-Layihə milli kurikuluma əsaslanmalıdır;

-Şagird araşdırması layihə fəaliyyətlərində və planlamasında yer almalıdır;

-İnformasiya texnologiyalarının layihədə tətbiqi aydın görülməlidir.

Müsabiqəyə təqdim olunan layihələr üzrə 25 noyabr-15 dekabr tarixləri arasında “eTwinning” portalında qeydiyyat tamamlanmalıdır. Eyni zamanda, müraciət formasını dolduran müəllimin layihənin təsisçisi olması mütləqdir. Qeyd olunan şərtlər əsasında qalib seçilmiş layihə rəhbəri növbəti tədris ilində Avropada təşkil olunacaq beynəlxalq təlimdə seçim mərhələsinə qoşulmadan iştirak etmək hüququ qazanacaq.

Müsabiqəyə qoşulmaq üçün dekabrın 15-i saat 23:59-dək müraciət etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...