Bu gündən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlanıb. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, bu gün ilk imtahan Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarının orta məktəb şagirdləri üçün keçirilir. Saat 10.00-da 11-ci sinif şagirdləri üçün imtahanın keçirilməsinə başlanılıb. İmtahan 3 saat davam edib. 9-cu sinif şagirdləri üçün imtahan isə saat 15:00-da başlayacaq və 1,5 saat davam edəcək. İmtahan nəticələri yaxın günlərdə açıqlanacaq və nazirliyin www.exam.edu.gov.az saytında yerləşdiriləcək.
Buraxılış imtahanları iyunun 4-də Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonları, iyunun 7-də Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonları, iyunun 10-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonları, iyunun 13-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax, iyunun 16-da Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə keçiriləcək. Son buraxılış imtahanı isə iyunun 17-də Bakıda keçiriləcək.
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat imtahanları iyunun 23-də Bakıda olacaq.
Attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşdiriləcək.
2010-2011-ci tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin buraxılış (IX, XI) siniflərini 101521 şagird bitirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB