III ixtisas qrupu ilə bağlı dəyişiklik edilib

Dövlət İmtahan Mərkəzi III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlərə müraciət edib.

Mərkəzdən SİA-ya verilən məlumata görə, 2020-ci ilin dekabr ayında Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatında qeyd olunduğu kimi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil ediliblər.

Bu dəyişiklikdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı layihəsinə əsasən, 2022/2023-cü tədris ilindən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə