Lənkəranlı məktəbli müsabiqənin qalibi olub

Lənkəran rayonunun Boladi kənd 1 nömrəli tam orta məktəbin şagirdi Əlizadə Sirac Seyran oğlu “İdeya var” gənclərin lll ümumrespublika müsabiqəsində “İstehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri” nominasiyasının qalibi adını qazanıb.

SİA -ın bölgə müxbiri xəbər verir ki, “Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri”, “Sosial sahə və təhsil” mövzuları üzrə təşkil edilən müsabiqə layihələri münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Bakı İdman Sarayında keçirilən müsabiqə qaliblərinin mükafatlandırılması mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov qalib layihələrlə tanış olub, gənclər arasında təşkil edilən belə müsabiqələrin növbəti illərdə daha geniş miqyasda keçirilməsi ilə bağlı tövsiyələrini verib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə