Heydər Əliyev Fondu tərəfindən Bərdə şəhər 3 nömrəli tam orta məktəbi üçün inşa edilmiş 1200 şagird yerlik bina istifadəyə verilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, açılış mərasimində çıxış edənlər bildiriblər ki, Bərdə şəhər 3 nömrəli tam orta məktəb 1936-cı ildə inşa olunmuş 23 sinif otağından ibarət binada fəaliyyət göstərib. Ötən müddət ərzində məktəbin binası köhnəlib istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən 2020-ci il aprel ayında 1200 şagird yerlik yeni məktəbin inşasına başlanılıb və 2021-ci ilin avqust ayında yekunlaşdırılıb. Dördmərtəbəli bina 4 korpusdan ibarətdir. Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Məktəb binasında 43 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri ilə tam təchiz edilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb. Qeyd edək ki, 2021-2022-ci tədris ilində təhsil müəssisəsində 1200 şagirdin, məktəbəhazırlıq qrupunda isə 80 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Məktəbdə 103 nəfər pedaqoji işçi çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB