“Müasir Naxçıvan” adlı dərs vəsaitinin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində “Şərq qapısı” qəzetinin baş redaktoru, universitetin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Mehriban Sultanın “Müasir Naxçıvan” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev muxtar respublikanın ictimai-siyasi həyatını, sosial-iqtisadi inkişafını özündə əks etdirən, dövlətçilik, azərbaycançılıq ideologiyası, hərbi-vətənpərvərlik ruhunda yazılmış məqalələrdən ibarət nəşri Naxçıvan jurnalistika məktəbinə mühüm töhfə olaraq dəyərləndirib. Qeyd edilib ki, yeni nəşr həm də 100 illik yubileyi qeyd olunan “Şərq qapısı”nın son illərdəki fəaliyyətinin yığcam hesabatı da sayıla bilər. Rektor müəllifin ali təhsil ocağında müəllim kimi fəaliyyətini də yüksək qiymətləndirərək kitabı bu sahə üzrə təhsil alan Jurnalistika ixtisası tələbələri üçün müasir jurnalistikanın tələbləri, qəzetçilik üslubunu, janr, dil spesifikasını öyrənmək baxımından qiymətli mənbə hesab edib. Elbrus İsayev yeni nəşrin bu əhəmiyyəti nəzərə alınaraq universitet Elmi Şurasının 17 sentyabr tarixli qərarı ilə dərs vəsaiti təsdiq olunduğunu bildirib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, 13 bölmə altında 80-ə yaxın elmi məqalənin toplandığı kitab müasir Naxçıvanın publisistik xəritəsini əks etdirməklə bərabər aydın dövlətçilik mövqeyi və əqidəsinin, milli ideologiyaya sədaqətlə xidmətin təcəssümü olan mətbu nümunələrin məcmusudur. Akademik kitabda yer alan məqalələri, publisistik yazıları Naxçıvan mətbuatında siyasi publisistikanın mükəmməl nümunələri adlandırıb.

Akademik bildirib ki, “Müasir Naxçıvan” kitabında müəllifin müxtəlif illərdə “Şərq qapısı” qəzetində və mərkəzi mətbuat orqanlarında, Türkiyə mətbuatında dərc olunmuş bədii-publisistik yaradıcılıq nümunələri toplanıb. Muxtar respublikanın ictimai-siyasi həyatına nəzər salan, sosial-iqtisadi inkişafını əks etdirən, ordu quruculuğu və hərbi-vətənpərvərlik mövzusunda yazılmış, Ulu Öndərin ideyalarına sadiq şəkildə həyata keçirilən humanitar-siyasətin mahiyyətini açan analitik-siyasi, təhlili məqalələr, icmallar, oçerk, müsahibə, reportaj və yol qeydləri, yeni nəşr və tamaşa resenziyaları, ssenarilər oxuculara təqdim olunub. Yeni nəşrdə yer alan, ölkədə və muxtar respublikada aparılan mətbuat və informasiya siyasəti, Naxçıvanda elm və təhsilin inkişafı, oxunması zəruri olan kitablarla bağlı məqalələrdə mövzunun mahiyyəti üzə çıxarılaraq faktlara əsaslanan dolğun təəssürat yaradılır. Yeni nəşri Ali Məclis Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı 2021-ci il 1 iyun tarixli Sərəncamın icrası istiqamətində də növbəti uğurlu addım hesab etmək olar. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr bu dəyərli vəsaitdən istifadə etməklə müasir jurnalistikanın tələblərini, qəzetçilik üslubunun spesifik xüsusiyyətlərini də öyrənə bilərlər.

Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva kafedranın dosenti Mehriban Sultanın elm və təhsilin inkişafı ilə bağlı, xüsusilə ali təhsil quruculuğu, ziyalı mühiti, ziyalılarımız haqda yazdığı məqalələri haqda danışıb və 2017-ci ildə universitetin 50 illik yubileyi münasibətilə nəşr etdirdiyi “Mənim universitet dünyam” kitabının da bu baxımdan qiymətli nəşr olduğunu bildirib. Müəllifin “Yeni yol” qəzeti ilə bağlı “Mollanəsrəddinçilər “Yeni yol”da”, “Milli mətbuat tariximizdə “Yeni yol” qəzeti” adlı kitabları mətbuat tariximizin öyrənilməsi baxımından dəyərli nümunələr adlandırılıb.

Yeni nəşrin əhəmiyyətindən danışan “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov bildirib ki, müəllifin kitabının yüzillik yubiley ərəfəsində nəşrə hazırlanması qəzetin dövlətçilik ideyalarının təbliği, ictimai-siyasi hadisələrə münasibət, muxtar respublikada uğurla reallaşdırılan sosial-iqtisadi, humanitar siyasətin mahiyyətini açmaq, çoxşaxəli və davamlı uğurları təqdim və təbliğ etmək baxımından uğurlu fəaliyyət sayıla bilər.

Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov müəllifin gərgin və məhsuldar jurnalistlik fəaliyyətinin bəhrəsi olan kitabın Naxçıvanşünaslığa dəyərli töhfə olmaqla bərabər Azərbaycanşünaslıq elminə də xüsusi dəyər qatacağına əminliyini ifadə edib, materialların, janr, mövzu etibarilə qruplaşdırılmasını mətnşünaslıq baxımından təqdirəlayiq hesab edib. Qeyd edib ki, kitab gələcək jurnalistlər üçün mənbəşünaslıq yolunda uğurlu bir istiqamət ola bilər. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunan kitab yüksək tərtibatı, fototəqdimatı, poliqrafik keyfiyyəti ilə də fərqlənir.

“Şərq qapısı” qəzetinin şöbə müdiri Nail Əsgərov, universitetin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi Məcid Əkbərov gənc jurnalistlər üçün bir ədəbi yol sayıla biləcək nəşrin onların gələcək fəaliyyətində mühüm əhəmiyyətə malik olacağını vurğulayıblar. Çıxış edənlər müəllifi təbrik edərək ona bundan sonrakı fəaliyyətində yaradıcılıq uğurları arzulayıblar.

Sonda müəllif muxtar respublikada elmə, təhsilə, jurnalistikaya göstərilən dövlət qayğısından danışaraq ərsəyə gələn kitabı yaradılan şəraitin bəhrəsi olaraq dəyərləndirib. Qeyd olunub ki, “Müasir Naxçıvan” kitabının əsl müəllifi inkişaf edən müstəqil Azərbaycan, onun Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyev ideyalarını sədaqətlə həyata keçirən QURUCU RƏHBƏRDİR. Müəllif muxtar respublikada jurnalistikanın inkişafına göstərilən hərtərəfli dövlət qayğısına görə Ali Məclisin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə