Ənənəvi, yoxsa distant təhsil? Bu il tədris prosesi hansı şəkildə aparılacaq? - ARAŞDIRMA
Dünyanı cənginə almış koronavirus pandemiyası səbəbindən Azərbaycanda 2020-ci ilin mart ayından etibarən ənənəvi təhsildən onlayn təhsilə keçid prosesi başlanıb. Ənənəvi tədrisin bərpasına bir neçə dəfə cəhd edilsə də, virusun yayılma tendensiyasına uyğun olaraq tədris prosesi yenidən onlayn şəkildə davam etdirilib. Sözsüz ki, distant təhsil prosesi şagirdlərin və tələbələrin bir çox məqamlarda psixologiyalarına təsirsiz ötüşməyib. Artıq tədris prosesinin başlamasına sayılı günlər qalır. Lakin Azərbaycanda virusun Delta ştammına yoluxma sayı kifayət qədər təhlükəli sayılacaq dərəcədədir. Təbii ki, hələlik, tədrisin ənənəvi üsulla, yoxsa distant şəkildə davam etdiriləcəyi barədə qərar verilməyib. Belə olan halda tədris prosesi hansı şəkildə aparıla bilər? SİA məsələ ilə əlaqədar araşdırmasını təqdim edir.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, 2020-ci ilin martında ilk dəfə biz pandemiya səbəbindən ənənəvi təhsildən onlayn təhsilə keçdik: “Buna məcbur idik, çünki pandemiya dövründə davranış qaydalarını bilmirdik. Ölkədə hal hazırda 4447 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır və onlarla 150 min valideyn, eyni zamanda 10 minə yaxın texniki işçi çalışır. Yəni, təkcə təhsil öz ətrafında 2 milyon insanı cəmləyib. Əlbəttə, bu qədər insanın birbaşa aktiv hərəkətinə icazə vermək virusa yoluxma sayında daha təhlükəli rəqəmlərin ortaya çıxmasına səbəb ola bilərdi”.
Ekspert qeyd edib ki, bu gün artıq biz həmin o təhlükəli rəqəmləri keçmişik: “Belə ki, xoş olan statistik göstəricilər də var: “Biz artıq 2021-ci ilin fevral ayından etibarən vaksinasiya prosesinə başlamışıq. Hazırda ölkədə 6 milyona yaxın insan vaksin olunub. 2020-ci ilin sentyabrın 15-də, 2021-ci ilin fevral ayında yəni, vaksinasiya prosesi aparılmadığı vaxtlarda belə biz tədris prosesini təşkil etmişdik. Düzdür, indiki yoluxma sayında yaşanan tendensiya qorxuludur, təhlükəlidir, lakin tədris prosesinin təşkilinə mane deyil. Ona görə ki, bu gün biz ictimai obyekt, restoran, əyləncə mərkəzlərinə baxdıqda insanların həmin məkanlara kütləvi şəkildə yığışdığını görürük. Hazırda restoranlara, digəri ictimai-iaşə obyektlərinə məhdud qoyulmadan pandemiyanın şərtlərinə riayət etməklə insanlar əylənirlər”.
K.Əsədov vurğulayıb ki, ölkədə 4447 orta ümumtəhsil məktəbinin 51 faizində şagird sayı 200-dən azdır: “Yəni, biz həmin məktəblərdə tədris prosesini ənənəvi qaydada rahatlıqla təşkil edə bilərik. Digər tərəfdən məktəblər, təhsil müəssisələri mütəmadi olaraq dezinfeksiya olunur. Əgər biz restoranlarda toy ediriksə, məktəblərdə niyə dərs keçməyək? Sentyabrın 15-də məktəbləri açmayacağıqsa, digər bütün obyektləri də bağlamalıyıq. Məktəblər bağlı qaldığı halda restoranların işləməsi, toyların keçirilməsi düzgün deyil. Hesab edirəm ki, tədris prosesinin ənənəvi qaydada təşkilinə hər hansı bir maneə yoxdur. Bütün hallarda tədris prosesi bərpa edilməlidir və bərpa ediləcək. Bu hal bizim şagirdlərimizə çox ciddi görmə problemləri, onurğa sütunu əyriliyi, inkişafdan geri qalma kimi problemlər yaşada bilər. Eyni zamanda bununla onlar həm də virtual aləmdən daha çox asılı qalırlar. Bu da şagirdlərə psixoloji və fiziki təsirini göstərir. Bir əsas məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, məktəblərdə məktəbli avtobusları təşkil olunmalıdır ki, məktəblilər digər insanlarla təmasda olmasınlar. Bununla da yaranacaq bir çox problemlərin qarşısı alına bilər”.
Sözügedən məsələ ilə əlaqədar fikir bildirən Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə qeyd edib ki, təhsil müəssisələrində ənənəvi üsulla tədris prosesinə başlanılması ilə bağlı qərarı Operativ Qərargah verəcək: “Lakin mən bir infeksionist kimi bu məsələdə öz fikrimi bildirmək istərdim. Sözsüz ki, mən də çox istəyirəm ki, məktəblər, universitetlər açılsın və şagirdlər ənənəvi qaydada təhsil alsın. Amma məsələnin digər tərəfi də ondan ibarətdir ki, koronavirusun delta ştammı uşaqlar və gənclər arasında sürətlə yayılmaq xüsusiyyətinə malikdir. Covid-19 yaşlı insanlarda daha çox fəsadlara yol açırdısa, Delta variantı uşaqlar, hətta məktəqədər yaş həddinə çatmış körpələr arasında da yayılır. Yüksək temperatur və əzələ ağrıları kimi əlamətlərlə gedir. Vəziyyətin konkret olaraq necə olacağı barədə ilkin fikir demək çətindir, ancaq hesab edirəm ki, məktəblər açılacaqsa, gigiyenik qaydalara son dərəcə ciddi riayət etmək lazımdır”.
V.Cavadzadə vurğulayıb ki, məktəb kollektivi və valideynlər mütləq vaksinasiyadan keçməlidir: “Təhsil vacibdir, lakin sağlamlıq hər şeydən vacibdir. Dərs prosesi başladıqdan sonra məktəblilər arasında kütləvi yoluxma baş verərsə, o zaman məktəblərin bağlanmasından söhbət gedə bilər. Lakin indiki vəziyyətdə say etibarilə daha çox orta və yuxarı yaş qrupları arasında xəstələnmə halları çoxdur. Amma məktəbəqədər və məktəbli uşaqlar arasında virusa yoluxma aşağı göstəricilərdədir. Ona görə də düşünürəm ki, Operativ Qərargah məktəblərin açılması ilə əlaqədar qərar verəcək. Lakin bugünkü tendensiya dava edərsə, ehtimal etmək olar ki, məktəblilər arasında da virus yayılmağa davam edəcək”.
Bu məsələdə son qərarı Operativ Qərargah və Təhsil Nazirliyi verəcək. Sözsüz ki, virusla mübarizə fərdi şəkildə deyil, kütləvi şəkildə aparılmalıdır. Problemlə mübarizədə şagirdlər qədər müəllimlər və valideynlər də məsuliyyət daşıyır. Hər kəs üzərinə düşəni lazımınca yerinə yetirsə, ənənəvi təhsilə davam etməmək üçün heç bir səbəb yoxdur. Şagirlərə gigiyena qaydaları tam şəkildə başa salınmalı və onların bu məsuliyyəti tam dərk etməsi üçün mütəmadi söhbətlər aparılmalıdır. Ümid edirik ki, uşaqların həm psixoloji durumu, həm də distant təhsilin yaratdığı müəyyən çatışmazlıqların aradan qaldırılması üçün ənənəvi tədrisə başlamaq imkanımız olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB